“Airbus” yeni dronu sınaqdan keçirdi
Avropanın aerokosmik şirkəti olan “Airbus” Almaniyada yeni antidron sistemi hesab edilən “Bird of Prey” adlı dronun ilk sınağını uğurla həyata keçirib. Bu sistemin effektiv və qənaətcil olduğu bildirilir.
ERAmedia xəbər verir ki, “Airbus Defence and Space” tərəfindən hazırlanmış bu sistem artan təhlükəsizlik riskləri fonunda texnologiya sahəsində gedən rəqabətin bir hissəsidir. Məlumata görə, sınaq zamanı “Bird of Prey” kamikadze tipli düşmən dronunu avtonom şəkildə aşkar edib və onu “Mark I” raketi vasitəsilə zərərsizləşdirib. Bu raket “Frankenburg Technologies” ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
“Bird of Prey” Do-DT25 modeli əsasında hazırlanıb və rels üzərindən buraxılır. Ümumilikdə 8 raket daşıya bilən aparat sınaq zamanı 4 raketlə təchiz olunub. Yüngül çəkili “Mark I” raketlərinin uçuş məsafəsi 1,5 kilometrdir və onların az xərclə kütləvi istehsalı nəzərdə tutulur.
“Bird of Prey” dronu təkrar istifadə oluna bilir və bir missiya zamanı bir neçə hədəfi məhv etmək qabiliyyətinə malikdir. Sistem, həmçinin NATO-nun inteqrəolunmuş müdafiə arxitekturasına “Airbus”ün IBMS platforması vasitəsilə uyğunlaşdırılıb.
Mütəxəssislərin qiymətləndirməsinə görə, bu dronun əsas üstünlüyü onun istifadə etdiyi “Mark I” raketlərindədir. Təxminən 50 min dollar dəyərində olan bu raketlər bazardakı alternativlərdən, məsələn, “FIM-92 Stinger”dən 10 dəfə ucuzdur.










