Avrasiyada formalaşan yeni reallıq Azərbaycanın strateji əhəmiyyətini artırır
Rusiya Prezidenti Vladimir Putinin Qazaxıstan və Özbəkistanla hərbi-texniki əməkdaşlıq haqqında sazişlərə yenidən baxılması barədə verdiyi göstəriş Moskvanın yeni geosiyasi və təhlükəsizlik reallığını qəbul etməsinin başlanğıcı hesab oluna bilər.
Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəyli bu fikirləri ERAmedia-ya açıqlamasında səsləndirib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi postsovet məkanında Rusiyanın əvvəlki təsir mexanizmlərində və təhlükəsizlik arxitekturasında ciddi dəyişiklikləri zəruri edib. Sabiq deputat bildirib ki, əvvəllər Kremlin təhlükəsizlik məkanında yer alan postsovet dövlətləri artıq bu modelin onların milli təhlükəsizliyinə tam təminat vermədiyini, əksinə yeni risklər yaratdığını görür. Bu səbəbdən həmin ölkələr daha müstəqil davranmağa və alternativ təhlükəsizlik mexanizmləri axtarmağa başlayıblar.
Q. Əlibəylinin sözlərinə görə, Mərkəzi Asiyanın postsovet dövlətləri, xüsusilə Qazaxıstan və Özbəkistan artıq təkcə Rusiya ilə deyil, həm də Çin, Türkiyə, ABŞ, Avropa İttifaqı və Körfəz ölkələri ilə əməkdaşlıq imkanlarını diqqətlə dəyərləndirir, yeni tərəfdaşlıq modellərindən faydalanmağa çalışırlar. Bu isə Rusiyanı köhnə təhlükəsizlik mexanizmlərindən imtina etməyə vadar edir.
Sabiq deputat hesab edir ki, Moskvanın son addımlarını yalnız Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) kontekstində qiymətləndirmək düzgün olmaz. Onun fikrincə, Kreml sovetdənqalma təhlükəsizlik modelindən tədricən uzaqlaşır. Uzun illər Rusiyanın əsas strategiyası vahid təhlükəsizlik məkanı yaratmaq olub. Bu modeldə KTMT hərbi, Avrasiya İqtisadi İttifaqı isə iqtisadi inteqrasiyanın əsas dayağı kimi çıxış edirdi.
Q. Əlibəyli bildirib ki, son illərin hadisələri postsovet məkanının artıq vahid siyasi məkan olmadığını göstərib. Onun sözlərinə görə, hər bir dövlət öz milli maraqlarına uyğun çoxşaxəli xarici siyasət yürüdür və bu şəraitdə kollektiv təhlükəsizlik modeli əvvəlki effektivliyini itirib.
Sabiq deputat qeyd edib ki, vaxtilə postsovet məkanının əsas hərbi ittifaqı kimi təqdim olunan KTMT bu gün əvvəlki siyasi çəkisini əhəmiyyətli dərəcədə itirib. Onun fikrincə, Ermənistanın faktiki olaraq təşkilatdan uzaqlaşması bunun ən bariz nümunəsidir və bu proses təşkilatın dəyişən geosiyasi reallıqlara adekvat cavab verməkdə çətinlik çəkdiyini göstərir.
Q. Əlibəyli vurğulayıb ki, məhz buna görə Rusiya kollektiv mexanizmlərdən daha çox ikitərəfli əməkdaşlıq formatına üstünlük verməyə başlayır. O bildirib ki, ikitərəfli münasibətlər daha çevikdir, daha az siyasi risk yaradır və tərəfdaş ölkələrin maraqlarına uyğun şəkildə yenilənə bilir.
Onun sözlərinə görə, Mərkəzi Asiyada yeni geosiyasi reallıq formalaşır. Rusiya təhlükəsizlik komponentləri vasitəsilə regionda mövqelərini qorumağa çalışır, Çin iqtisadi imkanlarını genişləndirir, Türkiyə və Azərbaycan Türk Dövlətləri Təşkilatı çərçivəsində institusional əməkdaşlığı inkişaf etdirir, Avropa İttifaqı isə enerji, nəqliyyat və logistika marşrutlarının təhlükəsizliyi baxımından regionda iştirakını artırmağa çalışır.
Sabiq deputat hesab edir ki, bu səbəbdən Moskva vahid ittifaq modelindən daha çox ikitərəfli və kiçik formatlı əməkdaşlıq mexanizmlərinə üstünlük verir. Onun fikrincə, Qazaxıstan, Özbəkistan, Belarus və digər tərəfdaşlarla fərqli səviyyələrdə təhlükəsizlik münasibətlərinin qurulması Rusiya üçün daha praktik yanaşmadır. Bu model həm Rusiyanın resurslarını daha məqsədyönlü bölüşdürməsinə, həm də tərəfdaş ölkələrin siyasi manevr imkanlarını qorumasına şərait yaradır.
Q. Əlibəyli bildirib ki, yeni Avrasiya təhlükəsizlik modelində hərbi güclə logistika getdikcə bir-birini tamamlayan əsas amillərə çevrilir. Onun sözlərinə görə, müasir geosiyasətdə orduların hərəkəti qədər yükdaşımaların, enerji marşrutlarının və informasiya axınının təhlükəsizliyi də strateji əhəmiyyət daşıyır.
Sabiq deputatın fikrincə, məhz bu baxımdan Azərbaycan üçün yeni imkanlar yaranır. O qeyd edib ki, Azərbaycan artıq təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiyanın əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilməkdədir. Onun sözlərinə görə, “Şimal–Cənub” nəqliyyat dəhlizi Rusiyanı Hind okeanı istiqamətinə bağlayır, Transxəzər marşrutu isə Mərkəzi Asiyanı Avropaya çıxarır və bu iki strateji xəttin kəsişdiyi əsas nöqtələrdən biri Azərbaycandır.
Q. Əlibəyli vurğulayıb ki, Rusiya ilə Mərkəzi Asiya dövlətləri arasında ikitərəfli əməkdaşlığa əsaslanan yeni təhlükəsizlik sistemi formalaşacağı təqdirdə, onun iqtisadi dayaqlarından biri məhz Azərbaycan olacaq. O bildirib ki, təhlükəsizlik yalnız hərbi güclə deyil, dəmir yolları, limanlar, enerji marşrutları, rəqəmsal əlaqələr və etibarlı tranzit şəbəkələri ilə də təmin olunur.
Sabiq deputat qeyd edib ki, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, “Şimal–Cənub” nəqliyyat dəhlizi və Zəngəzur istiqamətində nəzərdə tutulan kommunikasiyalar birlikdə Azərbaycanı Avrasiyanın əsas logistika qovşaqlarından birinə çevirir.
Onun sözlərinə görə, bu nəqliyyat şəbəkələri gələcəkdə Rusiya ilə Mərkəzi Asiya arasında formalaşa biləcək yeni təhlükəsizlik arxitekturasının iqtisadi dayaqları rolunu oynaya bilər. Belə şəraitdə Azərbaycan təkcə tranzit ölkəsi deyil, həm də müxtəlif geosiyasi mərkəzlər arasında etimad və əlaqələndirmə platforması funksiyasını yerinə yetirə bilər. Bu isə ölkənin regional və qlobal siyasətdə rolunu keyfiyyətcə yeni mərhələyə yüksəldir.
Q. Əlibəyli əlavə edib ki, əvvəllər Azərbaycanın strateji üstünlüyü əsasən enerji resursları ilə izah olunurdusa, hazırda bu üstünlük nəqliyyat, logistika, rəqəmsal bağlantılar və çoxtərəfli diplomatiyanın kəsişməsində formalaşır. Onun fikrincə, XXI əsrin Avrasiyasında dövlətlərin çəkisi təkcə hərbi potensialla deyil, müxtəlif güc mərkəzlərini bir-birinə bağlamaq qabiliyyəti ilə müəyyən edilir və Azərbaycanın artan geosiyasi əhəmiyyəti də məhz bu yeni reallığın nəticəsidir.
Sonda sabiq deputat bildirib ki, Putinin son göstərişi yalnız iki sazişin yenilənməsi ilə məhdudlaşmır. Onun sözlərinə görə, bu addım Kremlin yeni geosiyasi reallığı qəbul etməsinin ilk əlamətlərindən biridir və həmin reallıqda Azərbaycan artıq hadisələri kənardan izləyən deyil, Avrasiyanın yeni siyasi və iqtisadi xəritəsinin formalaşmasına təsir göstərə bilən mühüm aktorlardan birinə çevrilir.
Əli Fərhad










