media-17945098202256160451_1200x630

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən Dublin şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki ölkə arasındakı münasibətlərdə yeni səhifə açacaq.

Milli Məclisin deputatı Vüqar Bayramov bu barədə ERAmedia-ya açıqlamasında bildirib ki, Azərbaycan ilə Böyük Britaniya arasında dərinləşən münasibətlər iqtisadi və ticarət əlaqələrində də özünü aydın şəkildə göstərir.

Deputatın sözlərinə görə, 2025-ci ildə Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 67 faiz artaraq 1 milyard 140 milyon dollara çatıb. Son beş ildə isə iki ölkə arasındakı ticarət dövriyyəsi 3,4 dəfə artıb.

Vüqar Bayramov qeyd edib ki, cari ilin ilk yarısında da ticarət əlaqələrində əhəmiyyətli artım qeydə alınıb. Həmin dövrdə Azərbaycan ilə Böyük Britaniya arasında ticarət dövriyyəsi 6 dəfə artaraq 3,6 milyard dollara yüksəlib. Azərbaycanın Böyük Britaniyaya ixracı isə 24 dəfə artıb.

Deputat investisiya əməkdaşlığının da iki ölkə arasındakı iqtisadi tərəfdaşlığın əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, Böyük Britaniyanın Azərbaycana yatırdığı investisiyaların ümumi həcmi 39 milyard dolları ötüb. Bu göstərici Böyük Britaniyanı Azərbaycanın ən böyük xarici investor tərəfdaşına çevirib.

Vüqar Bayramovun fikrincə, imzalanmış Birgə Bəyannamə üç əsas istiqamət üzrə əməkdaşlığın daha da gücləndirilməsinə imkan verəcək. Bunlara müdafiə və təhlükəsizlik, ticarət, investisiya və iqtisadi artım, eləcə də təhsil və innovasiya sahələri daxildir.

Deputat xüsusilə əməkdaşlığın ənənəvi enerji sektorundan kənar sahələri də əhatə etməsinin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, süni intellekt və rəqəmsal həllər istiqamətində tərəfdaşlığın inkişafı Azərbaycan üçün yeni investisiya imkanları və əlavə iqtisadi perspektivlər yarada bilər.

Vüqar Bayramov hesab edir ki, Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-Böyük Britaniya əlaqələrinin daha geniş sahələr üzrə inkişafına, iqtisadi əməkdaşlığın şaxələndirilməsinə və yeni layihələrin reallaşdırılmasına töhfə verəcək.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər