Təmiz enerji çirkli reallıqla üz-üzə: Kritik mineralların hasilatı kimə baha başa gəlir?
Almaniyalı hava fotoqrafı Tom Hegen Çilinin litiumla zəngin Atakama səhrasından tutmuş İndoneziyanın Sulavesi adasındakı nikel emalı müəssisələrinədək enerji keçidinin qlobal mənzərəsini fotoşəkillərlə sənədləşdirib.
ERAmedia xəbər verir ki, elektrikləşmə qlobal istiləşmənin təsirlərini azaltmaq potensialına görə planet üçün bir növ “buz paketi” kimi təqdim olunur. Lakin bu elektrik enerjisinin necə istehsal ediləcəyi ilə bağlı müzakirələrlə yanaşı, başqa ciddi narahatlıqlar da mövcuddur.
Belə ki, hər bir elektromobilin, külək turbininin və batareyanın arxasında yerin təkindən çıxarılan, əsasən bu məhsullardan istifadə edən insanlardan uzaqda yerləşən və ekoloji baxımdan həssas ölkələrdə hasil olunan kritik minerallar dayanır.
Almaniyalı hava fotoqrafı Tom Hegen 2021-ci ildən etibarən enerji keçidini havadan sənədləşdirir. O, Çilinin litiumla zəngin Atakama səhrasından İndoneziyanın Sulavesi adasındakı nikel emalı müəssisələrinədək müxtəlif əraziləri lentə alıb.
Fotoqrafın yeni nəşr olunan “The Mineral Age” (Minerallar dövrü) adlı kitabı aldığımız məhsullarla onların əldə edildiyi ərazilər arasındakı məsafəni aradan qaldırmağı və enerji keçidinin təməlində dayanan insan hüquqları pozuntularına diqqət çəkməyi hədəfləyir.
“Yerdən baxdıqda əslində çox şey görmək mümkün deyil. Ərazilər hasarlanıb və o qədər böyükdür ki, ümumi mənzərəni təsəvvür etmək çətindir. Havaya qalxdıqda isə bütün mənzərə göz önündə açılır”, – deyə Hegen Euronews Earth-ə müsahibəsində bildirib.
İspaniyanın Əndəlüs bölgəsində yerləşən Gemasolar günəş- istilik elektrik stansiyası. 2021-ci il. Foto: Tom Hegen.
Kritik minerallar müasir texnologiyaların və müdafiə sənayesinin istehsalında istifadə olunan əsas xammal növləridir.
Elektrikli avtomobillər və enerji saxlama batareyaları litium, nikel, kobalt və qrafit olmadan fəaliyyət göstərə bilməz.
Boliviya, Argentina və Çili birlikdə “Litium üçbucağı” adlandırılır. Bu üç ölkənin dünya üzrə təxmin edilən litium ehtiyatlarının yarıdan çoxuna sahib olduğu bildirilir.
Hazırda İndoneziyanın hasil edilə bilən nikel ehtiyatlarının təxminən 42 faizinə malik olduğu güman edilir. Konqo Demokratik Respublikası (KDR) isə dünya kobalt ehtiyatlarının təxminən yarısını özündə cəmləşdirir. Ölkədəki mədən icmalarında hər altı uşaqdan birinin uşaq əməyinin qurbanı olduğu bildirilir.
Elektromobillərin mühərrikləri və külək turbinlərinin generatorları da güclü maqnitlərin istehsalı üçün nadir torpaq elementlərinə ehtiyac duyur. Nadir torpaq elementləri Yer qabığında geniş yayılsa da, sənaye miqyasında hasilata yararlı, yüksək konsentrasiyalı yataqlarda nadir hallarda rast gəlinən 17 kimyəvi cəhətdən oxşar metal elementdən ibarət qrupdur.
Çin nadir torpaq elementlərinin dünya ehtiyatlarının təxminən 50 faizinə sahib olmaqla yanaşı, onların emalında 76 faizlik payla aparıcı mövqedədir.
Yüksək elektrik və istilik keçiriciliyinə görə qiymətli hesab olunan mis isə elektrik enerjisinin kabellər, elektron lövhələr və mikroçiplər vasitəsilə ötürülməsində mühüm rol oynayır.
Təmiz texnologiyaların sürətlə inkişaf etməsi ilə yanaşı, raket istehsalı, süni intellekt məlumat mərkəzləri və kritik minerallardan asılı olan məişət elektronikası sənayesi də genişlənir. Bütün bunlar həmin xammal növlərinə tələbatın kəskin artmasına səbəb olur.
Beynəlxalq Enerji Agentliyinin (IEA) proqnozlarına görə, mövcud siyasətlər davam edərsə, kritik minerallara tələbat 2040-cı ilədək təxminən iki dəfə artacaq. Litiuma olan tələbatın isə üç dəfədən çox yüksələcəyi gözlənilir.
COP31 çərçivəsində müzakirə olunan “35-by-35” Qlobal Elektrikləşmə Öhdəliyi də bu göstəricilərin daha da yüksəlməsinə səbəb ola bilər.
“Benchmark Mineral Intelligence” şirkətinin proqnozlarına əsasən, yalnız elektrikli avtomobillər və enerji saxlama batareyaları üçün artan tələbatı qarşılamaq məqsədilə 2035-ci ilədək dünya üzrə ən azı 384 yeni mədən yatağının istismara verilməsi tələb olunacaq.
2022-ci ildə aparılan bir araşdırma isə enerji keçidi ilə əlaqəli mədən layihələrinin yarıdan çoxunun yerli xalqların torpaqlarında və ya onların yaxınlığında yerləşdiyini üzə çıxarıb.
Üstəlik, kritik minerallarla zəngin ərazilər çox vaxt ekstremal hava hadisələri və digər iqlim təsirlərinə daha həssas bölgələrdə yerləşir. Bu isə həmin ərazilərdə yaşayan yerli icmaların üzləşdiyi riskləri daha da artırır.










