media-17945098202256160451_1200x630

2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemin imzaladıqları “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki ölkə arasında münasibətlərin inkişafında tarixi hadisə və yeni mərhələnin başlanğıcıdır.

Milli Məclis sədrinin müavini Musa Qasımlı ERAmedia-ya açıqlamasında bildirib ki, hər hansı ikitərəfli və ya beynəlxalq sənədin imzalanması mərasimi bir gündə baş tutsa da, onun hazırlanması uzun zaman və ciddi diplomatik fəaliyyət tələb edir. Onun sözlərinə görə, dövlətlər arasında ortaq maraqlar mövcud olmadıqda belə sənədlərin hazırlanması və imzalanması mümkün deyil. Bu prosesdə əsas rolu dövlət və hökumət başçılarının siyasi iradəsi, diplomatiyanın isə həmin maraqları və onların reallaşdırılması yollarını müəyyənləşdirmək bacarığı oynayır.

Musa Qasımlı qeyd edib ki, strateji tərəfdaşlıq adi əməkdaşlıq münasibətlərindən fərqlənərək, qısamüddətli deyil, uzunmüddətli qarşılıqlı maraqlara və ortaq niyyətlərə əsaslanır. Belə tərəfdaşlıq qarşılıqlı fayda, etimad və hörmət, ortaq strateji məqsədlər, siyasi, iqtisadi, təhlükəsizlik, hərbi, elmi və digər sahələrdə ümumi hədəflər, mühüm məsələlərdə qarşılıqlı dəstək və geniş əməkdaşlıq prinsiplərini ehtiva edir.

Musa Qasımlının fikrincə, Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanmasını şərtləndirən bir sıra mühüm amillər var. İlk növbədə, sənəd iki ölkə arasında möhkəm tarixi təməllərə söykənən və uzun müddət ərzində inkişaf edən münasibətlərin məntiqi davamıdır.

O xatırladıb ki, 1994-cü il fevralın 23-də Dostluq və əməkdaşlıq haqqında, 1998-ci il iyulun 21-də isə Dostluq münasibətləri və tərəfdaşlıq haqqında birgə bəyannamələr imzalanıb. Bu sənədlər Azərbaycan-Böyük Britaniya münasibətlərinin davamlı inkişafının mühüm göstəriciləridir.

Musa Qasımlı vurğulayıb ki, münasibətlər inkişaf etməsəydi, dərinləşməsəydi, tərəflərin maraqlarına cavab verməsəydi və üst-üstə düşməsəydi, yeni strateji sənədin imzalanmasına da ehtiyac yaranmazdı. Deməli, Bəyannamə qarşılıqlı maraqlardan və mövcud siyasi reallıqlardan irəli gələn zərurətin nəticəsidir.

Sədr müavini ikinci mühüm amil kimi beynəlxalq münasibətlər sistemində baş verən mürəkkəb prosesləri diqqətə çatdırıb. Onun sözlərinə görə, Avropada müharibənin, Yaxın Şərqdə isə münaqişənin nə zaman və hansı nəticələrlə başa çatacağının məlum olmadığı indiki şəraitdə dövlətlər etibarlı tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verirlər. Bu baxımdan Azərbaycanın geosiyasi mövqeyi, yürütdüyü xarici siyasət və birləşdirici potensialı mühüm əhəmiyyət daşıyır.

O qeyd edib ki, Avrasiyanın mühüm geosiyasi və iqtisadi məkanında yerləşən Azərbaycanla bərabərhüquqlu münasibətlər qurulması Böyük Britaniya üçün də əhəmiyyətlidir.

Musa Qasımlı üçüncü amil kimi 2025-ci il avqustun 8-də imzalanmış Vaşinqton Sülh Zirvəsi Bəyannaməsinin əhəmiyyətinin yeni sənəddə vurğulanmasını göstərib. Onun fikrincə, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı sülh addımlarının dəstəklənməsi rəsmi Bakı ilə Londonun Cənubi Qafqaz siyasətində ortaq məqamların olduğunu nümayiş etdirir. Deputat hesab edir ki, bu Bəyannamə üçüncü dövlətə qarşı yönəlməyib, qarşılıqlı ehtiyac və maraqlardan irəli gəlir.

Musa Qasımlı bildirib ki, imzalanmış sənədin əsas təməl prinsipləri beynəlxalq hüquq və dövlətlərin bərabərhüquqluluğudur. Tərəflərin BMT Nizamnaməsinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına, suverenliyə, müstəqilliyə və ərazi bütövlüyünə hörmət edəcəklərini bəyan etmələri beynəlxalq münasibətlərin ümumi qəbul olunmuş norma və prinsiplərinə sadiqliyin göstəricisidir.

Onun sözlərinə görə, bu prinsiplər Azərbaycan-Böyük Britaniya münasibətlərinin gələcək inkişafı üçün etibarlı siyasi və hüquqi baza formalaşdırır.

Vitse-spiker diqqətə çatdırıb ki, müasir dünyada dövlətlərin qarşısında duran ən mühüm məsələlərdən biri müdafiə və təhlükəsizliyin etibarlı təmin edilməsidir. Bəyannamədə Azərbaycan və Böyük Britaniyanın regional sülh və sabitliyi dəstəkləmək məqsədilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirmək, ümumi təhdidlərin qarşısını almaq və onlara cavab vermək imkanlarını artırmaq barədə uzunmüddətli öhdəlikləri əksini tapıb.

Musa Qasımlı qeyd edib ki, bu istiqamətdə yüksək səviyyəli təmasların davam etdirilməsi, ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə məsləhətləşmələrin aparılması, təlim və potensialın artırılması, müdafiə sahəsində qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi nəzərdə tutulur.

Bununla yanaşı, müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarının araşdırılması, təhlükəsizlik prioritetləri üzrə birgə fəaliyyətin gücləndirilməsi, hüquq-mühafizə orqanları arasında tərəfdaşlığın, sərhəd idarəçiliyinin, məhkəmə və hüquqi əməkdaşlığın inkişaf etdirilməsi də sənəddə müəyyənləşdirilən əsas istiqamətlərdəndir.

Onun fikrincə, bu müddəaların həyata keçirilməsi hər iki ölkənin müdafiə və təhlükəsizlik imkanlarının artırılmasına əhəmiyyətli töhfə verə bilər.

İqtisadi əməkdaşlığa toxunan Musa Qasımlı bildirib ki, müasir dünyada qarşılıqlı faydalı ticarət və investisiya əlaqələri dövlətlərarası münasibətlərin mühüm tərkib hissəsidir. Bəyannamədə ikitərəfli ticarət və investisiya əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsi də xüsusi yer tutur.

O vurğulayıb ki, etibarlı nəqliyyat və logistika bağlantıları olmadan ticarət-iqtisadi əlaqələrin davamlı inkişafı mümkün deyil. Bu baxımdan regional və beynəlxalq bağlantıların əhəmiyyətinin qeyd edilməsi, Orta Dəhlizin inkişafına dəstəyin ifadə olunması Azərbaycan və Böyük Britaniyanın bu məsələdə ortaq mövqedən çıxış etdiyini göstərir. Eyni zamanda, bu yanaşma Azərbaycanın beynəlxalq nəqliyyat və logistika sistemindəki mövqelərinin güclənməsi baxımından əhəmiyyətlidir.

Musa Qasımlı bildirib ki, Bəyannamədə təhsil, elm, tədqiqat və innovasiyaların uzunmüddətli rifahın, məhsuldarlığın və sosial dayanıqlığın mühüm amilləri kimi qəbul edilməsi xüsusi əhəmiyyət daşıyır.

Onun sözlərinə görə, müasir, rəqabətqabiliyyətli və inklüziv iqtisadiyyatların formalaşmasında bu sahələrin rolu böyükdür. Təhsil, elm və tədqiqatlar yalnız nəzəri biliklərin əldə edilməsi ilə məhdudlaşmamalı, bilavasitə cəmiyyətin rifahının yüksəldilməsinə və dövlətin qüdrətinin artırılmasına xidmət etməlidir.

Sədr müavini hesab edir ki, Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin həyata keçirilməsi Azərbaycan və Böyük Britaniya arasında mövcud olan sıx münasibətlərin daha da möhkəmləndirilməsinə, bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə və yeni imkanların yaranmasına xidmət edəcək.

Musa Qasımlı qeyd edib ki, sənədin icrası xarici təhdidlərə qarşı birgə fəaliyyətin gücləndirilməsi ilə yanaşı, regionda hələ kövrək olan sülhün davamlı xarakter almasına və yeni münaqişələrin qarşısının alınmasına da töhfə verə bilər.

Onun fikrincə, ticarət-iqtisadi əlaqələrin, elm, təhsil və innovasiyalar sahəsində əməkdaşlığın inkişafı hər iki ölkəni bir-birinə daha sıx bağlayacaq, münasibətlərə yeni məzmun və keyfiyyət qazandıracaq.

Beləliklə, Azərbaycanla Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə təkcə ikitərəfli münasibətlərin bugünkü səviyyəsini təsbit edən sənəd deyil, həm də gələcək əməkdaşlığın istiqamətlərini müəyyənləşdirən mühüm siyasi yol xəritəsidir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər