media-1790751008_whatsapp-image-2026-09-30-at-10-48-19

Bağışlamaq keçmişi dəyişmir, amma insanın gələcəyini həmin keçmişin əsirliyindən xilas edə bilir.

İnciklik səssiz bir toxunuşdur… Nə səsi var, nə də görünən izi. Bəzən gözlərdə ilişib qalan bir baxış, dilə gətirməyə cəsarət etmədiyin, amma dönə-dönə içində təkrarladığın bir cümlədir. Elə bir cümlə ki, deyilsə, bəlkə də heç nə dəyişməyəcək, deyilsə, bəlkə də hər şey dəyişəcək…
İnciklik həmişə qəzəb deyil. Bəzən insanın ən çox sevdiyinə qarşı içində böyütdüyü səssiz bir ağrıdır. Çünki yadın sözündən çox, doğmanın susmağı incidir. Başqasının laqeydliyi ötüb keçir, amma dəyər verdiyin birinin diqqətsizliyi gəlib ürəyinin ən həssas yerində dayanır. Səni incidən sözün özü olmur bəzən, o sözün kimdən gəldiyi olur…

Ən qəribəsi isə budur ki, insan bəzən sözlə əfv edir, amma qəlbi həmin əfvə qoşulmur. Deyir: “Eybi yoxdur, keçdi…”

Halbuki heç nə keçməyib, sadəcə danışmaqdan yorulub, izah etməkdən vaz keçib, anlaşılmaq ümidini bir az da öz içində basdırıb. Qarşısındakına rahatlıq vermək üçün “bağışladım”. deyib, öz ürəyini isə həmin ağrının içində tək qoyub.

Çünki bağışlamaq qərardır, unutmaq isə insanın ixtiyarında olmayan bir yaddaş məsələsi. Sən bir hadisəni bağışlaya bilərsən, amma onun səndə yaratdığı hissi silə bilməzsən. Bir zamanlar rahatlıqla açdığın qapının astanasında tərəddüd edə bilərsən, əvvəlki kimi gülərüz görünər, əvvəlki kimi danışar, hətta zarafat da edərsən, amma içində nəyinsə əvvəlki yerində olmadığını yalnız özün bilərsən.

Bəzən inciklik insanı qarşısındakından uzaqlaşdırmır, özündən uzaqlaşdırır. Çünki sən artıq əvvəlki sən deyilsən. Bir vaxtlar heç düşünmədən söylədiyin sözləri indi ölçüb-biçirsən. Əvvəllər ürəyindən keçəni olduğu kimi paylaşdığın insana indi içindəkilərin yalnız bir hissəsini göstərirsən. Sözlərin azalır, susqunluğun artır.

Və… və bir gün anlayırsan ki, aranızdakı məsafəni kilometrlər yox, deyilməmiş cümlələr yaradıb.

Amma hər inciklik ayrılıq da demək deyil. Bəzən insan getmək istəmir, sadəcə əvvəlki kimi incimək istəmir. Bir az anlayış, bir az diqqət, bir “səni incitdiyimi bilirəm” etirafı gözləyir. Çünki bəzi yaraların məlhəmi üzr istəmək deyil, o üzrün arxasında dayanan səmimiyyətdir. İnsan səhvinin qəbul edilməsini istəyir, ağrısının kiçildilməsini yox.
Ən ağır inciklik isə bəlkə də heç vaxt dilə gətirilməyənidir. Çünki deyilməyən hər söz insanın içində özünə bir yer seçir. Zaman keçir, hadisələr unudulur, insanlar dəyişir, amma o sözlər bəzən ən gözlənilməz anda yenidən baş qaldırır, bir mahnıda, bir baxışda, bir küçədə, heç bir səbəb yoxkən…

Və bilirsənmi, insanın qəlbi niyə bəzən bağışlamağa tələsmir? Çünki qəlb təqvimlə yaşamır. Ona “üstündən nə qədər vaxt keçib” deməklə ağrısını unutdura bilməzsən. O, yaşadığı hissin həqiqiliyini zamanla ölçmür. Bəzən bir anın içində qırılan inam illərin içində də əvvəlki bütövlüyünə qayıtmır.

Bəlkə də böyümək elə budur, hər incikliyi dava etmədən daşımağı, hər susqunluğu zəiflik saymamağı, hər bağışlamağın əvvəlki yaxınlığa qayıtmaq olmadığını anlamağı öyrənmək…

Amma bir şeyi də unutmamaq lazımdır, qəlbini incikliklərin arxivinə çevirmək olmaz. Çünki insan başqasının etdiyi səhvin cəzasını ömrü boyu özünə verməməlidir. Bağışlamaq bəzən qarşı tərəfə deyil, öz ruhuna verilən azadlıqdır. Sadəcə, bağışladığın hər kəsə yenidən eyni yerdə dayanmaq məcburiyyətində deyilsən.

Axı insan sözlə əfv edib, qəlbi ilə əfv edə bilmədiyi zamanlarda ən çox öz içində yorulur…

Bəzən “bağışladım” deyən dilin səsini qəlb eşitmir, çünki bəzi incikliklər keçmişdə qalmır, insanın içində bir ömürlük susqunluğa çevrilir…

Mehriban Nəcəf


media-adspc

Bənzər xəbərlər