Bakı–Balakən dəmir yolu Gürcüstan ərazisinədək uzadıla bilərmi?
Azərbaycan Dəmir Yollarının (ADY) rəhbərliyi ilə ekspertlərin görüşü keçirilib.
ERAmedia-nın məlumatına görə, Multimedia Mərkəzinin direktoru Osman Gündüz görüşdə iştirak edərək Bakı–Balakən dəmir yolu xəttinin Gürcüstan ərazisinədək uzadılması, ADY-də rəqəmsal transformasiyanın səmərəliliyi və Bakı–Tbilisi qatarında sərnişinlərin üzləşdiyi problemlərlə bağlı məsələləri gündəmə gətirib.
Görüşdə ADY sədri Rövşən Rüstəmov və qurumun digər rəhbər şəxsləri son illərdə həyata keçirilən layihələr, görülən işlər və statistik göstəricilər barədə məlumat veriblər. Daha sonra ekspertlərin sual və təkliflərini səsləndirməsi üçün müzakirələr aparılıb.
Osman Gündüzün sözlərinə görə, qaldırdığı əsas məsələlərdən biri Bakı–Balakən dəmir yolu xəttinin Balakəndən Gürcüstan ərazisinə qədər uzadılması perspektivi olub.
O, ADY sədri Rövşən Rüstəmovdan belə bir dəmir yolu bağlantısının yaradılması imkanları barədə soruşub.
Rövşən Rüstəmov bildirib ki, alternativ dəmir yolu bağlantısının yaradılması Azərbaycan üçün maraqlı və faydalı ola bilər. Onun sözlərinə görə, bu təşəbbüs beynəlxalq nəqliyyat dəhlizlərinin şaxələndirilməsi və alternativ marşrutların formalaşdırılması baxımından əhəmiyyət daşıyır.
Bununla belə, ADY sədri layihənin reallaşmasının daha çox Gürcüstan tərəfinin mövqeyindən və imkanlarından asılı olduğunu, qonşu ölkənin həmin istiqamətdəki dəmir yolu infrastrukturunun hazırda belə bir layihəyə hazır olmadığını qeyd edib.
Osman Gündüz xatırladıb ki, Balakəndən Gürcüstanın ən yaxın yaşayış məntəqələrindən biri olan Siteli-Siqaroya qədər məsafə təxminən 20 kilometrdir. Onun bildirdiyinə görə, sovet dövründə həmin ərazilərdə də dəmir yolu infrastrukturu mövcud olub.
Multimedia Mərkəzinin direktoru hesab edir ki, belə bir bağlantının yaradılması Azərbaycanın tranzit imkanlarını genişləndirməklə yanaşı, ölkənin şimal-qərb bölgəsinin sosial-iqtisadi inkişafına, turizm və logistika potensialının güclənməsinə də töhfə verə bilər.
Görüşdə müzakirə olunan ikinci məsələ ADY-də rəqəmsal transformasiya prosesinin real səmərəliliyi ilə bağlı olub.
Osman Gündüz həyata keçirilən rəqəmsal layihələrin idarəetmənin effektivliyinə, əmək məhsuldarlığına, xərclərin azaldılmasına və hesabatlılığa təsiri barədə suallar ünvanlayıb.
ADY-nin bu sahəyə məsul rəhbər şəxsi rəqəmsal transformasiya çərçivəsində bir sıra layihələrin həyata keçirildiyini və işlərin davam etdiyini bildirib. Xüsusilə qonşu ölkələrin müvafiq sistemlərinə inteqrasiya olunmaqla yüklərin izlənilməsi üçün yeni rəqəmsal sistemin istifadəyə verildiyi qeyd olunub.
Bildirilib ki, rəqəmsal transformasiyanın səmərəliliyi və faydalılığı ilə bağlı yekun göstəricilər proqram tam başa çatdıqdan, təxminən iki ildən sonra təqdim edilə biləcək.
Osman Gündüz xatırladıb ki, ADY rəqəmsal transformasiya məqsədilə xarici bankdan 45 milyon dollar kredit də cəlb edib. Onun fikrincə, bu qədər böyük maliyyə resursu tələb edən ictimai layihənin yalnız yekun mərhələdə deyil, aralıq mərhələlərdə də konkret göstəricilər əsasında qiymətləndirilməsi vacibdir.
Bakı–Tbilisi qatarında internet və bilet satışı problemi də müzakirə olunub
Ekspertin görüşdə qaldırdığı üçüncü məsələ Bakı–Tbilisi beynəlxalq qatar marşrutunda sərnişinlərin üzləşdiyi çətinliklərlə bağlı olub.
Osman Gündüz xüsusilə qatarda internet xidmətinin olmamasını və Tbilisidən Bakıya qayıdış biletlərinin satışa çıxarıldığı anda, demək olar ki, tükənməsini diqqətə çatdırıb.
ADY rəsmiləri bilet çatışmazlığını əsasən tələbin təklifdən dəfələrlə çox olması ilə izah ediblər. Eyni zamanda, bilet satışı zamanı neqativ halların qarşısının alınması istiqamətində mübarizə aparıldığını bildiriblər.
Osman Gündüz hesab edir ki, problemin həlli üçün həm sərnişin tutumunun artırılması, həm də elektron bilet satışında şəffaflığın və bütün sərnişinlər üçün bərabər imkanların təmin edilməsi vacibdir.
Multimedia Mərkəzinin direktoru ADY rəhbərliyi ilə ekspertlər arasında belə açıq və birbaşa müzakirələrin keçirilməsini müsbət qiymətləndirib. Onun fikrincə, bu cür görüşlər dəmir yolu nəqliyyatında mövcud problemlərin və inkişaf perspektivlərinin müzakirəsi, eləcə də təkliflərin aidiyyəti qurumlara çatdırılması baxımından faydalıdır.
Vüsalə









