media-whatsapp-image-2026-11-16-at-16-32-16

Noyabrın 16-da məktəblilərin payız tətili günlərində Azərbaycan Dövlət Kukla Teatrında “Balaca səyyah” tamaşasının premyerası baş tutub.

ERAmedia xəbər verir ki, Belarus dramaturqu, rejissoru və aktyoru Dmitri Boqoslavskinin “Mən necə səyyah oldum” əsəri əsasında hazırlanan səhnə əsəri uşaqlara böyük arzulara çatmaq üçün xəyal və cəsarətlə yanaşı, bilik və hazırlığın da vacibliyini aşılayır.

Tamaşanın baş qəhrəmanı dünyanı kəşf etmək, yeni ölkələr görmək və üfüqləri aşmaq arzusunda olan balaca oğlandır. İlk səyahətinə çıxan qəhrəman dəniz canlıları və müxtəlif maraqlı obrazlarla qarşılaşır, macəralar yaşayaraq hər görüşdə yeni həqiqətlər öyrənir.

Səhnə əsərinin əsas ideyası uşaqlara təhsilin, məktəb biliklərinin və geniş dünyagörüşünün gələcək arzulara çatmaqda mühüm rol oynadığını göstərməkdir. Səyahət zamanı qəhrəman anlayır ki, coğrafiya ilə yanaşı, riyaziyyat, xarici dil və digər fənləri bilmək də onun üçün vacibdir. Beləliklə, o, arzularını gerçəkləşdirmək üçün ilk növbədə öz üzərində çalışmalı olduğunu dərk edir.

Yumor, fantaziya, interaktiv dialoqlar və rəngarəng kukla obrazları ilə zəngin olan tamaşa balaca teatrsevərləri həm əyləncəli macəraya, həm də bilik dünyasına səyahətə dəvət edir.

“Balaca səyyah” tamaşasının səhnələşdirmə və quruluş müəllifi Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı isə Əməkdar artist Vüqar Camalzadədir.

Birhissəli uşaq tamaşasında obrazları teatrın aktyorları – Əməkdar artist Cəmilə Allahverdiyeva, Rəhim Rəhimov, Səriyyə Mansurova, Bayram Ağamalıyev, Araz Həsənli, Könül Nəsibli, Səbinə Məmmədova, Ramiz Qəmbərov, Samirə Nəcəfova, Yusif Baxşəliyev, Firuzə Nəsibli və Yasin Abbasov canlandırırlar.

Qeyd edək ki, premyera teatrsevərlər tərəfindən maraqla qarşılanıb.

Vural


media-adspc

Bənzər xəbərlər