media-dbe747f5-4341-4548-b968-c98eb3a98b56

Bəzən insanın daxilində elə bir fırtına qopur ki, bütün səssizliklər səsə çevrilmək, bütün susqunluqlar bir fəryad kimi göyə yüksəlmək istəyir. Elə bil ruhun darısqal bir otağa qapanıb, divarları üstünə gəlir, nəfəs almaq belə çətinləşir. Çıxıb var gücü ilə bağırmaq istəyir insan… Bəlkə səsi uzaqlara çatar, bəlkə kimsə eşidər, bəlkə də illərdir içində yığılıb qalan o ağırlıq bir anlıq boşalar…

Amma bağırmır. Yenə susur. Çünki bəzi ağrıların səsi olmur, bəzi həsrətlərin ünvanı uzaqlarda qalır, bəzi gözləntilər isə cavabsızlığın içində öz ömrünü yaşayır.

Əslində, insanı ən çox yoran ayrılığın özü deyil, ayrılıqla birlikdə uzanıb gedən gözləntidir. Bir gün bitər deyə səbir edilən günlər, bir xəbər gələr deyə dinlənilən səssizliklər, bəlkə bu dəfə fərqli olar deyə qorunub saxlanılan ümidlər… Zaman keçir, fəsillər dəyişir, amma ürəyin hansısa küncündə eyni günün, eyni anın, eyni hissin gözlənildiyi bir yer qalır.

Həsrət əvvəlcə darıxmaqdır, sonra gözləmək, daha sonra heç kimin bilmədiyi bir ağrıya çevrilmək. İnciklik isə bu ağrının ən ağır tərəfidir. Çünki həsrət yaxınlaşmaq istəyir, inciklik uzaq durmağa məcbur edir. Ürək bir addım gözləyir, qürur isə daha bir addım atmağa qoymur. Beləcə, deyilməyən sözlər, soruşulmayan suallar, yarımçıq qalan cümlələr insanın içində illərlə yaşayan görünməz yaralara çevrilir.
Bəzən bircə kəlmə kifayət edərdi. Bəzən kiçik bir diqqət, vaxtında gələn bir xəbər, unudulmadığını hiss etdirən bir işarə… İnsan hər zaman böyük möcüzələr gözləmir. Bəzən ən böyük arzusu, ürəyində daşıdığı qədər dəyərli olduğunu hiss etməkdir. Təəssüf ki, ən çox gözlənilən şeylər bəzən ən gec gələnlər olur.

Və bir gün anlayırsan ki, səbir də sonsuz deyilmiş. İnsan hər şeyi içində saxlaya, hər incikliyi udub keçə, hər həsrətin üstünə bir ovuc ümid səpə bilmirmiş. Bəzən ruhun yorğunluğu elə bir həddə çatır ki, susmaq belə ağrı verir. Amma yenə də heç nə demirsən. Çünki bəzi həqiqətləri söyləməkdən çox, qarşı tərəfin özü anlamasını gözləyirsən. Anlaşılmaq üçün yalvarmaq isə insanın öz içində nəyisə itirməsi deməkdir.

Ən qəribəsi budur ki, bütün küskünlüklərə baxmayaraq, bəzi duyğular öz yerini tərk etmir. Nə zaman onları unutmağa çalışsan, bir xatirə qapını döyür. Nə zaman hər şeyin bitdiyinə inanmaq istəsən, ürəyin səni özündən xəbərsiz yenidən gözləməyə qaytarır.

Bəlkə də Allahdan başqa heç kimin bilmədiyi ən ağır dualar elə bunlardır, nə bir şey istəməyə cəsarət qalır, nə də istəməkdən vaz keçməyə güc… Sadəcə bir ürək var, bir də onun içində heç kimin görə bilmədiyi qədər böyük bir dünya.

Çünki bəzi həsrətlər qovuşmaq ümidi ilə deyil, anlaşılmaq arzusu ilə yaşayır, bəzi səssizliklər isə deyiləcək söz qalmadığından yox, deyilənlərin nə vaxtsa eşidiləcəyinə olan son inamdan yaranır.

Mehriban Nəcəf


media-adspc

Bənzər xəbərlər