Bu Avropa ölkəsində ölümcül virus həyəcanı
Avropada Qərbi Nil virusuna ən çox yoluxma halının qeydə alındığı ikinci ölkə olan Yunanıstanda həkimlər hakimiyyət orqanlarını ağcaqanadlarla mübarizə tədbirlərini gücləndirməyə çağırıb.
ERAmedia xəbər verir ki, Afina Həkimlər Birliyinin yaydığı yazılı açıqlamada əhali Qərbi Nil virusundan qorunmaq üçün daha diqqətli olmağa çağırılıb.
Birlik aidiyyəti qurumlara ağcaqanadlarla mübarizə tədbirlərini təcili və sistemli şəkildə gücləndirməyi tövsiyə edib. Xüsusilə bir neçə ölümün qeydə alındığı və onlarla yoluxma halının aşkarlandığı Attiki bölgəsində tədbirlərin artırılmasının vacibliyi vurğulanıb.
Açıqlamada qeyd olunub ki, ağcaqanadlarla mübarizə tədbirləri vaxtında planlaşdırılmalı və davamlı xarakter daşımalıdır. Bu işlərin ağcaqanadların sayının artmasından əvvəl, onların çoxaldığı ərazilərdə elmi əsaslara və planlı yanaşmaya uyğun şəkildə aparılmasının vacib olduğu bildirilib.
Həkimlər Birliyi əhalidən də fərdi qorunma tədbirlərinə əməl etməyi istəyib. Attiki bölgəsində yoluxma hallarının artmasının ağcaqanadlarla mübarizəyə cavabdeh qurumların həyata keçirdiyi tədbirlərin effektivliyi ilə bağlı suallar yaratdığı qeyd olunub.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin məlumatına görə, İtaliyadan sonra Yunanıstan Avropada Qərbi Nil virusuna ən çox yoluxma hallarının qeydə alındığı ikinci ölkədir.
Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatının (EODY) məlumatına əsasən, ölkədə ilin əvvəlindən avqustun 5-dək 65 Qərbi Nil virusu infeksiyası qeydə alınıb. Yoluxanlardan 65 yaşdan yuxarı 6 nəfər həyatını itirib.
Yunanıstanda ötən ilin avqust ayına qədər 35 Qərbi Nil virusu yoluxması qeydə alınmışdı. 2025-ci ilin bütün ili ərzində isə yoluxma hallarının sayı 96-ya çatıb, virus səbəbilə 10 nəfər həyatını itirib.
Əli Fərhad









