Bu ölkə də Məkkə sazişinə qoşula bilər - Ərdoğan AÇIQLADI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Doha mərkəzli “Al Jazeera” ərəbcə televiziyasına müsahibəsində gündəmlə bağlı məsələləri dəyərləndirib.
ERAmedia xəbər verir ki, Ərdoğan müsahibəni Ədalət və İnkişaf Partiyasının (AK Parti) 25-ci ildönümü tədbirlərinin keçirildiyi gün verdiyini bildirib. O, bu günün xüsusi əhəmiyyət daşıdığını qeyd edərək partiyanın qarşıdakı illərdə də fəaliyyətini davam etdirəcəyini deyib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında yaxın zamanda imzalanan təhlükəsizlik yönümlü Məkkə Birgə Müdafiə Sazişinə toxunan Ərdoğan bunun üç ölkə üçün mühüm addım olduğunu vurğulayıb.
“Əvvəla, Məkkə Sazişı fərqli bir dəyişiklik idi. Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında Məkkədə bu üçtərəfli anlaşmanın imzalanması dünyaya mühüm mesaj verməyimizə imkan yaratdı. Anlaşmanın Məkkədə imzalanması və üç ölkənin birlikdə bu razılaşmanı həyata keçirməsi bizə əlavə güc, dünyaya isə mühüm mesaj verdi. İnanıram ki, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı bu anlaşmadan çox böyük məmnunluqla ayrılıblar. Xeyirli olsun”, – deyə Ərdoğan bildirib.
ABŞ ilə İran arasında gərginliyin davam etdiyi bir dövrdə belə bir anlaşmanın imzalanmasının dünya sülhü baxımından mühüm mesaj olduğunu deyən Ərdoğan Türkiyənin sülh tərəfdarı mövqeyini vurğulayıb.
“Dünya sülhünə mühüm mesaj deyirəm. Çünki sülhdən yana mövqe tutan ölkə kimi Türkiyənin Məkkənin seçilməsində rol alması sülh üçün mühüm addım olub. İranla ABŞ arasındakı prosesdə biz də sülh tərəfdarları olaraq bunu daim vurğuladıq və sülhdən yana olduğumuzu bildirdik. Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı olaraq sülhün müdafiəçiləri kimi mövqeyimizi ortaya qoyduq. Bundan sonrakı mərhələdə də sülhü müdafiə edən və onun üçün çalışan ölkələr kimi bu yolda davam edəcəyik”, – Türkiyə Prezidenti qeyd edib.
Məkkə Sazişinin NATO-nun 5-ci maddəsində nəzərdə tutulan kollektiv müdafiə prinsipinə bənzəyib-bənzəmədiyi barədə suala cavab verən Ərdoğan bildirib ki, üç ölkədən hər hansı birinə hücum olacağı təqdirdə digər tərəflər birgə müdafiə tədbirləri görə biləcəklər.
“Malum NATO-nun 5-ci maddəsi nələri ehtiva edirsə, hazırda buradakı ortaq müdafiə anlayışı da eyni şəkildədir. Hər hansı problem yaranacağı təqdirdə bu üç ölkə lazımi addımı birlikdə atmaq imkanına malik olacaq. Bu, Türkiyə, Səudiyyə Ərəbistanı və ya Pakistana qarşı ola bilər. Bu üç ölkədən hər hansı birinə hücum edilərsə, ortaq müdafiə paktı çərçivəsində üç ölkə bir-birini müdafiə etmək imkanına sahibdir”, – deyə Ərdoğan bildirib.
Ərdoğan digər ölkələrin də Məkkə Sazişinə qoşula biləcəyini qeyd edib.
“Hazırda bu üç ölkədən əlavə, onlara qoşulmaq istəyən digər ölkələr də ola bilər. Təkcə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan deyil, bəzi başqa ölkələr də aramıza qoşula bilər. Anlaşmanı imzaladığımız zaman bunu açıqladıq və bildirdik ki, bundan sonrakı prosesdə qoşulmaq istəyən ölkələr olarsa, onların üzünə qapımız açıqdır”, – Türkiyə Prezidenti deyib.
Ərdoğan Misirin də istədiyi təqdirdə anlaşmaya qoşula biləcəyini bildirib.
“Misir də əgər arzu edərsə, bu üç ölkə arasında anlaşmanı imzalayaraq özünə də qapını aça bilər”, – deyə Ərdoğan vurğulayıb.
Əli Fərhad









