Cəbhə bölgəsində keçirdiyim DOĞUM GÜNÜM: "İllər gəlib keçdi, ömürdən illər..."
İlham ZEYNALLI,
Jurnalist-publisist
Əvvəli LİNKdə
12 iyun 1996-cı il. Daxili Qoşunların Ağdam alayının yaranma günü münasibətilə Füzuli rayonuna səfərə getdik. Daxili Qoşunların həmin hərbi hissəsi Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımız uğrunda döyüşlərdə, eləcə də Horadiz əməliyyatında iştirak edərək böyük qəhrəmanlıq göstərmişdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ilin dekabrından 1994-cü ilin yanvarın 6-dək davam edən uğurlu əməliyyat nəticəsində Horadiz qəsəbəsi də daxil olmaqla Füzulinin 22 yaşayış məntəqəsi və Cəbrayılın Cocuq Mərcanlı kəndi düsmən işğalından azad edilmişdi. Səfərdə Daxili Qoşunların komandanı, polkovnik Elşən Kazımov, yüksək rütbəli zabitlər, Füzuli və ətraf rayonların rəhbər şəxsləri millət vəkilləri, Füzulidə dislokasiya olunan hərbi birləşmə komandirləri və ictimaiyyət nümayəndələri iştirak edirdi. Tədbirlər planına uyğun olaraq, Bala Bəhmənli kəndi ərazisində Daxili Qoşunların şəxsi heyətinin istirak etdiyi döyüş mövqeləri, şəhid olan hərbçilərin şərəfinə qoyulmuş xatirə lövhəsi önündə çəkilişlər apardıq. Üstündən 30 ilə yaxın vaxt keçdiyi üçün həmin səfərlə bağlı bütün detallar dəqiq xatirimdə deyil.

12 iyun 1996-cı il tarixi isə ona görə dəqiq yadımda qalıb ki, həmin gün mənim doğum günüm idi, 30 yaşım tamam olurdu. Bu gün də böyük qürur və fəxr hissi ilə xatırlayıram ki, mən doğum günümün 30-cu ildönümünü cəbhə bölgəsində – hərbçilər arasında keçirmişəm. Yaxşı yadımdadı ki, yekun tədbir dağıntılara məruz qalmış Horadiz mədəniyyət sarayında keçirildi. Qəsəbə işğaldan azad olunsa da, ərazidə tam məskunlaşma yox idi. Uçulub – dağılmış vəziyyətdə olan hər yerdən qanlı müharibənin dəhşətli izləri boy verirdi. Həmin uçulub – dağılmış mədəniyyət sarayında kiril əlifbasının “п” hərfi formasında stollar düzülmüşdü. Tədbirlərin yekunu olaraq həm də iştirakçılar üçün süfrə açılmışdı. Mən və operatorumuz F.H binanın girişinə yaxın sağ cinahda əyləşmişdik. Əsgərlər binanın çölündə qurulmuş səyyar mətbəxdə hazırlanan yemək və ərzaqları bizim yanımızdan ötərək yuxarı başa aparırdılar. Bu detalı xırdalıqlarına qədər təsvir etməkdə məqsədim dəyərli izləyicilərimi mövzunun ağırlığından ayırıb, onlara az da olsa, ovqat və təbəssüm bəxş etməkdir. Əlbəttə, çöl şəraiti, imkanlar məhdud, əsgərlər yeməkləri stollara çatdırmaqda çətinlik çəkir… Uzun yol və gərgin işdən sonra biz də süfrədəki soyuq qəlyanaltılarla yüngül qidalandıq. Daha bizim stola heç nə gəlmədiiyini görən operatorumuz qarşımızdan o tərəf – bu tərəfə qaçan əsgəri “oğlum”, “oğlum” deyib səsləyir, nə isə istəyirdi. Onu da deyim ki, “oğlum” ifadəsi televiziyanın yaşlı nəslinə mənsub olan bu stajlı əməkdaşın adını bilmədiyi gənclərə müraciət forması idi. Bu hal bir neçə dəfə təkrar olundu və hiss etdim ki, əsgər əsəbi şəkildə ağzının içində nəsə deyinərək, biz tərəfə çox qanlı-qanlı baxır…
…Səhərin alatoranında, sübh tezdən evdən çıxmışıq, uzun yol, sonra dayanmadan müxtəlif məkanlarda çəkilişlər, bir yandan da isti hava məni dəhşət yormuşdu. Başım da bərk ağrıyırdı. Ona görə durub çölə çıxdım, arxada dayanmış qoşqulu – təkərli su çənindən su içdim, əl – üzümü yuyub sərinləndim. Bir də baxdım ki, kənarda bir neçə əsgər bizim yanımızdan o yan-bu yana keçən, operatorun “oğlum”, “oğlum” çağırışına məhəl qoymayan həmin əsgərə nəsə deyib əsəbiləşdirirlər. Bir az da yaxınlaşanda eşitdim ki, əsgərlərdən biri buna deyir ki, alə, sənin atan televiziyada operator işləyir bəyəm? Keçən dəfə gəlmişdi, bu deyildi axı! Həmin əsgər də çox əsəbi və qəzəbli halda dedi ki, görərsiz, o, mənə bir də oğlum desə, padnosu keçirdəcəm onun başına. Bir şeyi də deyim ki, o vaxt ölkə müharibə vəziyyətində olduğu üçün orduya çağırış aparılır, amma tərxis olmurdu. 4 il, 5 il, hətta daha çox xidmət edənlər vardı. Əksəriyyəti də müharibə, qan – qada görmüş uşaqlar idi…

…Vəziyyətin ciddiliyini başa düşüb tez içəri keçdim, operator yoldaşıma dedim ki, bəs hal – hekayət belə. Ehtiyatlı ol, daha o uşağı “oğlum” deyib çağırma. Elə bunu deməyimə peşman oldum. F.H ayağa qalxaraq üzünü yuxarı başa – rəhbər şəxslərin oturduğu stola tərəfə tutub səsləndi : “Cənab komandan”, “cənab komandan”. Komandan və yanında oturanlar çevrilib səs gələn tərəfə baxsalar da, incəvara çağıranın kim olduğunu dəqiq sezə bilmədilər. Mən də tez bunun ətəyindən tutub birtəhər sakitləşdirdim və vəziyyət ötüşdü. O da yadımdadı ki, komandan orada çıxış edib bu gün mənim doğum günüm olduğunu, ad günümü onlarla birgə keçirdiyimi xüsusi vurğuladı. Azərbaycan Televiziyasına, “Hərbi proqramlar” redaksiyasına təşəkkürünü bildirdi. Tədbirdən sonra Bakıya qayıdanda Daxili Qoşunların bizi müşayiət edən yüksək rütbəli zabitləri yolda yaxşı bir məclis qurub ad günümü qeyd etdilər. Həmin zabitlərdən birinin adı dəqiq yadımdadı – polkovnik -leytenant Rafael Ağayev. Operatorumuz da bu məclisdən görüntüləri lentə aldı. Amma çox təəssüf ki, sonra o kaset -, təkcə o kaset yox, həm də mənim həyatımla bağlı cox dəyərli tarixi bir görüntü, -it -bata düşdü.
Səhəri gün – 1996-cı il iyunun 13-də o vaxt Varovski qəsəbəsində kirayə qaldığım evin həyətində redaksiyamızın kollektivinin əksər əməkdaşlarının iştirakı ilə birgə xudmani bir ad günü məclisi keçirtdik .
ARDI VAR…










