Ştatdankənar əməkdaşın montaj sərgüzəştləri və ezamiyyətə "getməkliyi" - İlham Zeynallı yazır...
İlham ZEYNALLI,
Jurnalist-publisist
Əvvəli LİNKdə
Bir gün səhər işə gələndə gördüm ki, rəhmətlik Zakir redaksiyamızın yerləşdiyi keçmiş kinozalın sağ tərəfində jurnal stolunun arxasında qoyulmuş divanda bir nəfərlə səmimi söhbət edir. Təxminən 30-35 yaşında bəstəboy kişi idi. Düşündüm ki, yəqin kimsə şəhid ailəsi üzvü, ya da çəkilişlə bağlı dəvət edilən müsahibdi. Amma sonra məlum oldu ki, bu adam Zakirin əvvəllər dərs dediyi məktəbdə iş yoldaşı olan R.R-dir. Bilirdik ki, rəhmətlik Zakir APİ-nin filologiya fakültəsini bitirdikdən sonra bir müddət Bakıətrafı qəsəbələrin birində internat məktəbində dil-ədəbiyyat müəllimi olub. Deməli, Zakir televiziyaya işə düzələndən sonra onu tez – tez efirdə görən R.R-də televiziya işçisi, jurnalist olmaq sevdasına düşüb. Tez – ez Zakirə zəng edib üzdən – gözdən salıb ki, bəs kömək elə, mən də ora işə düzəlim. Zakir də abırlı adam, baş redaktor Vidadi Bağırovdan xahiş edib ki, hal – hekayət belə, qoy gəlsin görək, nə olur? Əgər işi öyrənib bir şey bacarar, nə xoş. Yox əgər, işdi – şayət görsək alınan deyil, ağa durur, Ağacan durur, yola salarıq gedər…

….Bir neçə günlük tanışlıqdan sonra gördük ki, bu adam həddən ziyadə sadəlövh, şelli-şurlu, pəriyüngülün biridir. Neçə deyərlər, əsl “maral”dı ki var. Ə.Haqverdiyevin “marallarından” yəni. Artıq bir çox işcilərlə şit zarafatlar, “tumsuz ” söhbətlər edir, çox vaxt da özünü gülməli vəziyyətdə qoyur, komik situasiyalara düşürdü. Ədəbiyyatdan, kitabdan, mütaliədən söz düşəndə Cek Londonun “Həyat eşqi” hekayəsinin adını çəkirdi. Onun ümumiyyətlə, ədəbiyyatla, yaradıcılıqla baglı bütün təsəvvürləri yalnız bu hekayədən ibarət idi. Arada Zakirlə, Rövşən Nicatla çəkilişlərə gedir, telejurnalistikanın sirlərinə “vaqif olurdu”…

“İştah diş altda olar”-deyiblər. Bir müddətdən sonra dirəndi ki, bəs imkan yaradın, kömək edin, özüm müstəqil veriliş çəkim. Zakirdən sonra ən çox ərk etdiyi şəxs Rövşən idi. Daha çox onlardan kömək umurdu. Nə isə, bir gün Rövşən bunu hanşısa Milli Qəhrəmana həsr olunan verilişin çəkilişinə apardı. Hazırlıq görülmüş, müsahiblərə veriləcək suallar tərtib olunmuşdu. R-yə qalmışdı bircə mikrafon tutmaq. Xülasə, çəkilişlər aparıldı, studiyada kadrarxası mətnin səsyazması oldu. İndi gəliblər verilişin montajına. Rövşən Nicat peşəkar rejissor kimi pultu bilirdi və adətən verilişlərini də özü montaj edirdi. Montaj otağına girəndə Rövşən həmişəki kimi montajçını sərbəst buraxır. Kasetləri maqnitafona salır ki, di başla. R. təəccüb içində bir montaj pultuna, bir Rövşənə baxır və soruşur ki, montajı mən özüm eləməliyəm? Rövşən də tam ciddi görkəm alıb deyir ki, əlbəttə sən eləməlisən, bu sənin işindi. Özün də televiziya işçisi olmaq istəyirsən. Nə isə, bu yalvar – yaxar, xahiş – minnət 10 “şirvan” müqabilində Rövşəni razı salır ki, montajı eləsin. Rövşən də deyir ki, bu dəfə mən kömək edirəm, amma sən gərək mütləq montajı öyrənəsən, yoxsa sənincün çətin olacaq. Arada səs yazısında çaşdığı, səhv edib təkrar oxuduğu yerləri də düzəltmək üçün hər bir səhvə görə min manat boyun olur. Yaşlı və orta nəsil yaxşı bilir, o vaxtlar “Şirvan” deyilən on min manatlıq və min manatlıq əskinaslar var idi. Əvvəlki yazılarda dediyim kimi, olduqca baməzə, “itoynadan” olan Rövşən bununla başqa “mırt tutmaq” üçün təzə bir fəndə əl atır. Monitorun düyməsini basıb kadrları ağ – qara rejimə keçirir. Əsəbi görkəm alıb :”yenə bu zibilin tutması tutdu daa”-deyib guya monitorlara gələn kabelləri yoxlayır. Bir az “əlləşib -vuruşub” axır ki, “nasazlığı tapır”. R-ni çağırır ki, gəl bu kabeli möhkəm tut, qoyma tərpənsin, yoxsa rəng itəcək. Özü də gəlib oturur və işini davam etdirir. Bu yazıq da kabeldən bərk – bərk yapışıb, durub ayaq üstə. Rövşən deyir, gördüm ki, daha bunun qolu keyiyib kabeli eyni vəziyyətdə saxlamaqdan. Yazığım gəldi, bir az ora – bura əl gəzdirib, dedim ki, düzəldi day, indi gəl otur…
Nə isə, Rövşən xəbərdar etmişdi deyə, hamı onun sözünü təsdiqlədi ki, bəli, montajı özün eləməlisən. Bütün rejissorlardan xahiş edirdi ki, montajı öyrədin mənə, amma hamı bir bəhanə ilə aradan çıxırdı . Onda rejissor Sevda Gülümcanova məzuniyyətdə idi, qayıdanda ona yaxınlaşıb ki, bəs xahiş edirəm mənə montajı öyrət. Olanlardan xəbərsiz olan Sevda xanım da qayıdıb ki, nə montaj, nə danışırsan sən? Montajın sənə nə aidiyyati?! Beləcə, məsələnin üstü açıldı. Ancaq kimin nə vecinə, olan olub, keçən keçib…
Bir müddətdən sonra bu R.R dedi ki, artıq işi öyrənmişəm, istəyirəm ki, mən də rayonlara ezamiyyətə gedim. Otaqda bu, mən və Rövşən üçümüz idik. Dedik ki, onda ezamiyyə haqqında raport yaz, baş redaktor qol çəksin, sonra apar ver ümumi şöbəyə. Soruşduq ki, hansı rayona getmək istəyirsən? Bu başladı ən azı 6-7 rayon saymağa. Dedik onda yaz, dedi kömək edin yazım.
İndi biz diktə edirik bu yazır . “Xahiş edirəm ki, mənim Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Goranboy, Gəncə, Şəmkir … bunu yazanda dönüb soruşdu ki, Daşkəsən və Gədəbəyə də gedə bilərəm?
– Olar, əlbəttə .
…Yolüstü Daşkəsən və Gədəbəy rayonlarına 15 günlük ezamiyyətə getməyimə icazə verəsiniz.” Rövşən tez qaçıb makinaçı xanımı da təlimatlandırdı ki, əlavə bircə kəlmə də heç nə deməsin. Nə isə, kağız yazılıb hazır oldu. Rövşənə dedi ki, sən apar ver baş redaktor qol çəksin. İkimiz də yerbəyerdən dedik ki, olmaz. Sənədi gərək özün aparasan, sonra baş redaktora sayğısızlıq kimi çıxar. Bu getdi və getməyi ilə də baş redaktorun otağından güllə kimi çıxmağı və bizim daxili telefonun “mələməsi” bir oldu. Baş redaktorun yanına girəndə gördük ki, uğunub gedib gülməkdən, barmağını kəssən xəbəri olmaz …

İndi bizim bu qəhrəmanımız da pörtüb dayanıb, bilmir ağlasın, ya gülsün. Hannan – hana özünə gəlib adəti üzrə çiynini ata-ata Rövşənə qayıtdı ki, indi görərsən sənin başına nə oyun açacam…
Daha bir məzəli əhvalatı da xatırladıb R.R-lə bağlı mövzuya son qoymaq istəyirəm.
Yenə bir gün, -özü də şənbə günü olub, -Zakir, Rövşən və həmin bu dostumuz çəkilişdən qayıdıb gəlirlər iş yerinə. Kefləri də kök. Otaqda R.R. Rövşən Nicata pul verib deyib ki, oğul, (arada Rövşənə belə deməyi vardı ) al bu pulu, get pivə al gətir, içək. Rövşən də “baş üstə” deyib otaqdan çıxanda Zakirə göz basıb ki, gəl birgə gedək. Cöldə Zakirə deyib ki, incimə və qarışma, bu “oğul” söhbəti ona baha başa gələcək. Bizim bu qəhrəman da uzanıb otaqdakı divanda, qurulan plandan xəbəri yox. Rövşən cıxanda açarla qapını arxadan bağlayır. Gedib tanış mühafizəçilərdən birini göndərir ki, get pəncərədən onu sorğu-suala tutub qorxut. Dəqiqləşdirmə üçün deyim ki, onda hərbi redaksiya radionun binasına gündoğan tərəfdən bitişik tikilən ikimərtəbəli binanın birinci mərtəbəsində yerləşirdi. Pəncərələrin hamısına dəmir barmaqlıq vurulmuşdu. R ştatdankənar olduğu üçün rəsmi işçi sayılmırdı. Nə isə, bu mühafizəçi pəncərədən silahı tuşlayıb buna ki, sən kimsən, şənbə günü burada neynirsən? Bu da olanları danışıb ki, bəs hal – qəziyə belə. Bir az çək – çevirdən sonra, atan yaxşı, anan yaxşı, yalvar – “taksi pulu” da bunun boynuna. Üstündən bir az keçəndən sonra dostlardan bir nəfər komendant adı ilə elə Rövsənin öz açarı ilə qapını açıb R-i buraxır. Mühafizəçi də guya “heç kim görməmiş, iş böyüməmiş” bunu qarajın qapısından çölə yola salır ki, bir müddət gözə görünmə, görək sonrası nə olur? Həmin dostumuz elə o gedən getdi və bir daha geri qayıtmadı …
ARDI VAR …









