media-97948525_1379981688877397_3885967297092780032_n
İlham ZEYNALLI,
Jurnalist-publisist
Əvvəli LİNK
“Hərbi vətənpərvərlik” redaksiyasında birgə çalışdığımız əməkdaşlardan söz düşmüşkən mərhum həmkarımız – görkəmli yazıçı – publisist, istedadlı şair Zakir Sadatlı haqqında daha ətraflı danışmaq istəyirəm. Zakir o zaman “Gənclik” redaksiyasinda çalışan mərhum telejurnalist Şahin Sahsuvarovun vasitəsilə AzTV-yə gəlmisdi. Həmin redaksiyada əməkdaşlıq edirdi. Hərbi xidmətini Əfqanıstan müharibəsinin od – alovunda keçmiş, birinci Qarabağ müharibəsində döyüşmüşdü.
media-616832581_1559688798640320_2212084126256806423_n
Hərbi redaksiya yaradılanda komandaya ilk qoşulan əməkdaşlardan biri idi. Zakiri hələ “Aydınlıq” qəzetindən yaxşı tanıyan sədr Babək Hüseynoğlu qələmini və istedadını, keçdiyi döyüs yolunu nəzərə alaraq, onu yeni yaradılan bu redaksiyada işə qəbul etmişdi. Mənim Zakirlə tanışlığım da elə 1994-cü ildən -“Hərbi vətənpərvərlik” redaksiyasında birgə işlədiyimiz vaxtdan başladı. Və mən elə o zamandan, lap elə ilk günlərdən Zakirin necə böyük ziyalı, gözəl insan, nadir istedad sahibi və təpədən – dırnağa ruh adamı olduğunu gördüm. Onun şux zarafatlarını, baməzə söhbətlərini, bəzən də tam ciddi görkəm alaraq qara, qalın qaşlarını çatıb dərin düşüncələrə dalmasını heç cür unuda bilmirəm. Zakir etibar ediləsi, kürək söykənəsi kişi idi. Sözün əsl mənasında ləyaqətli insan, sadiq dost idi. “Mənim sözüm möhürlü – ştamplı arayışdır”- deyirdi Zakir və bu, həqiqətən belə idi. Hərbi redaksiyada işləyəndə ən müxtəlif problemlərlə bağlı müraciət edən insanlara, ona aid oldu – olmadı, elə bir həssas, canıyanan münasibət göstərirdi ki, sadəcə onun bu qədər səbirli, üzüyola, nəcib və xeyirxah bir insan olmasına heyran qalırdıq. Bax elə buna görə də evdə uşaqlara tapşırmışdım ki, əgər işdi – şayət başıma bir iş gələrsə, kömək üçün yalnız Zakirə müraciət etmək olar. Zakir mənəvi güman yerim, dərd ortağım idi. Hansısa bir hadisədən sarsılanda, hansısa haqsızlıqla üzləşəndə müdrik, dəyərli məsləhətləri, işıqlı fikirləri köməyimə gəlirdi. Belə məqamlarda onun özünəməxsus bir şirinliklə : “voyna x..na, liş bı ne ubili” ( müharibə cəhənnəmə olsun, təki öldürməsinlər), – deməsi bütün gərginliyə son qoyurdu. Mənə Zeynalbəyov, ya da elə sadəcə İlyuşa deyirdi. Olduqca nikbin adam idi. Zakirin böyük problemlər fonunda xırda şeyləri dərd edənlərə xitabən çəkdiyi: “Naxır başlı – bəlli itib, sən ala dananı axtarırsan” zərb – məsəli, danışanda qulaq asmayanlara: “mənim söhbətimin boyunu yerə soxum” – deyib təbəssüm qarışıq xəfifcə gileylənməsi, eləcə də “Sadatlıların raykoma şikayətə getməkliyi”, “Ya Əbəlfəz, sat pulunu götür”, “Daha Xanlar üşüməz ” kimi baməzə əhvalatları heç yadımdan çıxmır .
media-97518085_1379981768877389_2053107333717819392_n
Deməli, Zakirin şərti olaraq Xanlar və Yunus adlandırdığı iki Sadatlı sakini yağışlı-çovğunlu bir havada mal və qoyun nobatına gedirlər. Hər ikisi islanır və bərk üşüyürlər, qarın da ki ac. Günortaya yaxın Xanlar Yunusa deyir ki, mən qalım heyvanlara baxım, sən düş kəndə. Həm bir az çörəkdən -pendirdən gətir yeyək, həm də ocaq çatıb paltarlarımızı qurudaq. Xülasə, Yunus gəlir kəndə, isti ev, odun sobası yanır, arvad da Allahın verənindən qoyur kişinin qabağına. Bu da yeyib toqqanın altını bərkidir, bir – iki stəkan da isti çay içir. Üstündən də siqareti yandırıb qoyur damağına, bir qullab vurur və pəncərədən çölə baxıb deyir: “Arvad, deyəsən, havanın şaxı bir az sındı, daha Xanlar üşüməz”…
…Zakir hal – əhli, ruh adamı idi. O nə qədər mətin, iradəli və döyüşkən idisə, bir o qədər də həssas və kövrək qəlbi vardı. Bəzən yerində deyilməyən bir söz, köntöy bir hərəkət, soyuq və çəpəki bir baxışla onun ürəyinə toxunmaq, könül mülkünü tar – mar etmək, mənəvi dünyasının altını – üstünə çevirmək olardı. Və belə məqamlarda da onun özünün “atgetməz yolları”, necə hərəkət etmək “proqramı” vardı.
Elə danışacağım bu hadisə də onun kimliyini, bənzərsizliyini, incə yumor hissi və zəngin koloritə malik bir insan olmasını bir daha təsdiq edir. Deməli, günlərin birində Zakir iş yerində özündən vəzifəcə böyük iki əməkdaşın yersiz, qeyri – obyektiv tənqid və iradlarına tuş gəlmişdi. Ağızlaşmışdılar. Təbii ki, Zakir dəmir məntiqi, cəsarəti ilə bu adamların cavabını verib, onları yerində oturtmuşdu. Amma hər şey bununla qurtarsaydı, Zakir Zakir olmazdı ki! İş gününün sonunda həmişə zarafatla “aşıq” deyə çağırdığı dostumuz Xanlar Bayramovla metronun “Ulduz” stansiyasının üstündə möhkəm yeyib – çir və keçmiş “Əzizbəyov”(indiki “Koroğlu”) stansiyasından cıxıb gecənin qaranlığında pay – piyada əvvəllər yaşadığı Böyükşordakı evinə tərəf gedir. Məhəlləyə çatmamış yolun kənarında zibil yeşiklərində eşələnən iki küçə itini görəndə nədənsə yadına gündüz işdə baş verən hadisə düşür və Zakirin ağlına gəlir ki, həmin o adamlarla edə bilmədiyi mənəviyyat söhbətlərini bu heyvanlara anlatsın. Beləcə, həmişə əlində gəzdirdiyi qara diplomat çantasını yerə qoyub üstündə oturur və başlayır “söhbətə.” Onu narahat edən, qəlbini didib – dağıdan bütün sözlərin hamısını bir – bir deyir. Həmin vaxt təsadüfən oradan keçən bir həmkarımız danışırdı ki, gördüm Zakir itləri qoyub qabağına o ki var “danlayır.” Qəribəsi də odur ki, – deyir – itlər də yerə çömbəlib sakitcə Zakirə baxırdılar …
…Bəli, bizim Zakir belə Zakir idi ..!
Ruhu şad olsun !
ARDI VAR…

media-adspc

Bənzər xəbərlər