"Əsgər poçtu"nda tapdığım tələbə yoldaşım, verilməyən mükafat - İlham Zeynallı yazır...
İlham ZEYNALLI,
Jurnalist-publisist
Əvvəli LİNKdə

Redaksiyamız iki şöbədən ibarət idi: hərbi vətənpərvərlik və salnamə şöbələri. Hərbi şöbənin müdiri Ellada Umudlu, salnamə şöbəsinin rəhbəri isə rəhmətlik Xanlar Bayramov idi. Xanlar müəllim bədii qələmimizi və publisistik üslubumuzu nəzərə alıb rəhmətlik Zakir Sadatlı ilə məni öz şöbəsinə götürmüsdü. Əslində şöbə bölgüsü şərti, formal xarakter daşıyırdı. Hamımız redaksiyanın istənilən çəkilişlərində iştirak edə bilirdik. Yadımdadı ki, Xanlar Bayramov özü bir tədqiqatçı marağı ilə məşhur generallarımız Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Rəfibəylilər, Naxçıvanskilər, Talışinskilər və digər hərbçi nəsillər haqqında maraqlı verilişlər hazırlayırdı. Maraqlısı həm də o idi ki, Xanlar müəllim Azərbaycanın qaçaq hərəkatının ayrı – ayrı nümayəndələrini də qəhrəmanlıq tariximizin tərkib hissəsi hesab edirdi. Onun “Xalq qəhrəmanları” rubrikasından Dəli Alı, Qaramanlı Qamboy ağa, Samuxlu Qaçaq Məmmədqasım, Qaçaq Kərəm, Qaçaq Qardaşxan, Qandal Nağı, Qaçaq Mayıl və digərləri barədə verilişləri tamaşaçıların böyük marağına səbəb olmuşdu. Yeri gəlmişkən onu da deyim ki, Xanlar müəllim olduqca ürəyiaçıq, səxavətli, yeyib – içən kişi idi, sözün əsl mənasında hal – əhli. Son qəpiyini belə adamdan əsirgəməzdi. Yaxşı məclis aparmağı vardı. İricüssəli, ağırçəkili adam olmasına baxmayaraq, gözəl rəqs edir, quş kimi süzürdü…

Həmin vaxtlar redaksiyanın xətti ilə hərbçilər üçün “Əsgər poçtu” adlı veriliş hazırlayırdıq. Teleteatrdan canlı efirə çıxan saatyarımlıq verilişdə müxtəlif qoşun növlərindən hərbçilər, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, yaradıcı ziyalılar iştirak edir, müxtəlif musiqi nömrələri səslənirdi. Verilişin ilk sayı mənim və o vaxt gənc diktor olan Nailə Babayevanın aparıcılığı ilə hazırlandı. Sonra Nailə xanımın “Xəbərlər”də işinin çoxluğu ilə əlaqədar bu verilişdə iştirakı alınmadı. Bundan sonra canlı yayımda mənim tərəf – müqabillərim Təranə Bakirqızı (Quliyeva) və Ellada Umudlu oldu. Daha sonralar isə “Əsgər poçtu”nun aparıcılığı diktorlara həvalə olundu. Yaşlı nəslin yaxşı yadında olar, həqiqətən, dövrünün çox baxılan və sevilən verilişlərindən idi. Yüzlərlə tamaşaçı məktubu alırdıq. Verilişin növbəti buraxılışlarından biri Daxili Qoşunlara həsr olunmuşdu. Adəti üzrə canlı yayımqabağı hazırlıq işləri ilə məşğul idik. Bir də gördüm ki, əsgərlərin içindən bir nəfər ayrılıb mənə yaxınlaşdı, mehribancasına görüşdü. Əsgər geyimində, papaqda olduğu üçün əvvəl kim olduğunu bilməsəm də, daima gülən mehriban çöhrəsi, sakit, ağıllı baxışları özünü tanıtdı. Jurnalistikada tələbə yoldaşımız olan sabirabadlı Azər idi, Azər Məmmədov. İndi tanınmış yazıçı -jurnalist Azər Qismət. Biləcəridə hərbi hissədə xidmət etdiyini dedi. Xeyli söhbət etdik. Əsgər yoldaşları, onları gətirən zabitlər də başımıza toplaşmışdılar. Xəyal məni bir neçə il əvvələ – tələbəlik dövrümüzə apardı. Azərgil bizdən üç kurs aşağıda oxuyurdular. Zəng vurulan kimi Azər öz qrup yoldaşlarından ayrılıb bizim yanımıza gəlirdi. Deyirdi ki, mənə sizinlə maraqlıdır. “- Bizim uşaqların əksəriyyəti başqa dünyanın adamlarıdı, şərə-şur, davakar, intizamsız və yaradıcılığa marağı olmayan. Ona görə də onlarla darıxıram.” Biz universiteti bitirənə qədər fakültədə çox vaxt bizimlə gəzib dolandı. Azəri bizimlə doğmalaşdıran həm də rəhmətlik qardaşı Qisməti tanımağımız idi. Azər hələ BDU-ya qəbul olunmamışdan qabaq Qisməti tanıyırdıq. Politexnik İnstitutunu bitirib indiki Yasamal ASAN Xidmət mərkəzi ilə üzbəüzdə yerləşən 32 nömrəli MİS -də mühəndis işləyirdi. Mehriban, ünsiyyətcil, qarasaçlı, ağbəniz, yaraşıqlı oğlan idi. Bir coxları kimi bizimlə də haqq-salamı vardı. Yasamal bazarı tərəf bizim oylağımız olduğu üçün tez – tez rastlaşırdıq. Deyəsən, elə ora yaxın yerdə də yaşayırdı. Arada Yasamal bazarının yanındakı pivəxanada sosiska yeyib pivə də içmişdik …Allah rəhmət eləsin, sonra eşitdik ki, çox gənc yaşında dünyasını dəyişib …

Rejissorun pultdan mikrafonla dediyi sözlər məni xəyaldan ayırdı: “Əziz qonaqlar və həmkarlar, xahiş edirəm, hamı yerini alsın, tezliklə canlı yayımımız başlayacaq.”
…Əlbəttə, ikimiz üçün də bu təsadüfi görüş çox xoş və unudulmaz oldu. Azərə dedim ki, fürsətdi, özün də jurnalist adamsan, qoy səndən müsahibə də götürüm, razı olmadı.
…Bəzən “Əsgər poçtu” verilişi birbaşa cəbhə bölgələrində çəkilirdi. Bir dəfə də Xanlar müəllimin rəhbərliyi ilə Murovdağ istiqamətində – Toğanada hərbi hissədə lentə alındı. Haqq üçün çox maraqlı, məzmunlu veriliş alınmışdı. Tanınmış incəsənət nümayəndələri, bədii özfəaliyyət kollektivləri, ziyalılar ön cəbhədə əsgərlərlə görüşmüşdülər. Bir az əvvəl Ellada Umudlunun hazırladığı “Səngər” verilişi mükafatlandırılmış, bu da əməkdaşlara böyük motivasiya vermişdi. Qərara alındı ki, “Əsgər poçtu” verilişinin bu buraxılışını hazırlayan yaradıcı heyətin də mükafatlandırılması üçün sədrə müraciət edilsin. Belə də oldu. Baş redaktor bununla bağlı sədrin adına raport yazdı. Xanlar müəllim alacağı mükafata yaxşı bir qonaqlıq söz verdi. Dediyim kimi, onsuz da qazancının çoxunu dost – tanışa xərcləyən adam idi. Hətta qonaqlığın veriləcəyi məkanı da bəlləmişdik… Səhəri gün hamımız iş yerində səbirsizliklə rəhbərlikdən gələn cavabı gözləyirdik. Birazdan ümumi şöbədən sənədləri gətirdilər. Sədrin raportun üstünə yazdığı dərkənar hamımızı məyus etdi, mükafat hesabına yeyib – içmək iştahımızı elə ordaca vurdu: “Yaxşı veriliş etdiklərinə görə çox sağ olsunlar və yaxşı veriliş hazırlmaq hər bir televiziya əməkdaşının müqəddəs borcudur!”
ARDI VAR…









