Hərbi redaksiyada keçən günlər, unudulmaz xatirələr, maraqlı əhvalatlar
İlham ZEYNALLI,
Jurnalist-publisist
Əvvəli LİNKdə
Hərbi redaksiyada məni yeni mühit, yeni adamlar, yeni iş üslubu və həm də yeni macəralar gözləyirdi. Redaksiyanın kollektivi yığma olsa da, olduqca mehriban, mobil və işgüzar komanda idi. Baş redaktor Vidadi Bağırov əvvəllər televiziyanın hərbi – vətənpərvərlik şöbəsində işləmişdi. 1990-cu ilin 19 yanvarında televiziyanın enerji blokunun partladılması səbəbindən fəaliyyət göstərmədiyi vaxtlarda Şuşa televiziyasında veriliş aparmışdı. Baş rejissor Arif Əliyev də yenə televiziyada hərbi -vətənpərvərlik şöbəsində -“Hünər” verilişinin komandasinda çalışmışdı. Redaktor – müxbir heyəti tanınmış tədqiqatçı-jurnalist, sonralar hərb tariximizlə bağlı maraqlı verilişlərin və yazıların müəllifi Xanlar Bayramov, yazıçı-publisist, Əfqanıstan və Qarabağ müharibəsi veteranı Zakir Sadatlı, jurnalist Ellada Umudlu, Adil İrşadoğlu, gənclərdən Zöhrab Mehdi, Təranə Bakirqızı (Quliyeva ), rejissor və asissentlər Rövşən Əliyev, Taleh İsmayılov, Tofiq Ataxanoğlu, Hikmət Yaqubov, Cəmil Şirinbəyli, Sevda Gülümcanova və başqaları … Operator Azad Həmidov da reaksiyaya ilk gələnlərdən idi. Öz şəxsi kamerası ilə cəbhə bölgələrindən belə çəkilişlər edir, imkanı daxilində hamıya kömək əlini uzadırdı.
Yeri gəlmişkən, Taleh İsmayılovun başına gələn və özünün danışdığı bir əhvalatı danışmaq istəyirəm. Deməli, bu Taleh İsmayılov İncəsənət İnstitutunu bitirib televiziyanın idman verilişləri şöbəsində əməkdaşlıq edirmiş. Şöbənin baş rejissoru hansısa bir idman yarışının çəkilişi üçün sifariş vərəqini Talehə verir ki, apar ver PTS-ə, Səyyar Televiziya Studiyasına. Bu da sifarişi PTS-in müdirinə verəndə həmin adam soruşur ki, ptaniya olaceyy? Ptaniya – televiziya işçilərinin leksikonuna aid sözdu. Səyyar çəkilişlərdə isıqlandırmanı, avadanlıqları enerji ilə təmin edən səyyar enerji maşınıdı. Soruşurmuş ki, qidalandırma, enerji lazımdı, ya yox? Taleh də fikirləsib ki, yəqin kişi yeyib – içmək istəyir. Çəkinə – çəkinə deyib ki, vallah, böyük bir şeyə imkanım çatmasa da, kolbasa, pendir, cörək təşkil edə bilərəm. Belə deyəndə kişini od götürür : -Adə, nə kolbasa, nə pendir – çörək. Sənə deyirəm, ptaniya olaceyy ?! Taleh də neyləsin, təzə gəlib, bu işin xırdalıqlarından xəbəri yox, bir tərəfdən də baş rejissorun nəzərində yarıtmaz işçi kimi görünmək istəmir. Çalışir ki, tapşırığı normal icra eləsin, problem yaşamaşın. Deyir, düşündüm ki, televiziya işçiləri “vuran” olur, yəqin həm də araq olub – olmayacağını soruşur. Çırtma ilə boğazına vuraraq :”-araq da lazımdı?”-deyə soruşur. Bunu deyəndə kişi az qalır dəli olsun. Yumruğunu hirslə stola vurub ayağa qalxır. “-Çıx get, qoy rejissorun mənə zəng vursun”-deyib Talehi otaqdan cıxarır …

…Təzə işə, yeni kollektivə uygunlaşmağım çətin olmadı. Əsl jurnalist hazırlıqlı və bütün sahələrdən az – çox xəbardar olmalı, istənilən fəaliyyət sahəsinə adaptasiya olunmadığı bacarmalıdır. Həm də radionun Ədəbi – dram redaksiyasındakı ləng, astagəl mühitdən, daha çox sözlərlə oynamaqdansa, buradakı qaynar, çevik, “barıt qoxulu” mühit daha ürəyimcə idi. Tez – tez o vaxtlar mövcud olan cəbhə bölgəsinə gedir, səngərlərdə əsgər və zabitlərlə görüşür, çəkilişlər edirdik. Milli Qəhrəmanlarımız, şəhidlərimiz haqqında verilişlər, süjetler, yeniyemə və gənclərin hərbi -vətənpərvərlik ruhunda tərbiyəsi ilə bağlı proqramlar hazırlayırdıq. Olduqca mehruban, şən, zarafatcıl, həyat və enerji dolu, yumor hissi güclü olan komandamız vardı. Sonralar redaksiyanın efir saatı çoxaldıqca sıralarımız daha da genişləndi. “Gənclik” redaksiyasından stajlı rejissor Əlimürsəl Hacızadə, “Təbliğat” redaksiyasından redaktor Nizami Məmmədov, rəhmətlik Nurəli Təmrasoğlu da bizə qoşuldular…

…Yumor hissi demişkən, bu yerdə rejissor dostumuz Rövşən Nicatdan, onun yumoristik istedadından danışmamaq günah olardı. Xüsusən onu gəncliyindən tanıyanlar yaxşı bilir ki, bu adam başdan -ayağa duzdu, müsbət enerji, adrenalin mənbəyidir. Sadəcə üzünə baxmaq, söhbətlərini dinləmək kifayətdi ki, çöhrənə təbəssüm qonsun, kefin durulsun. O, ayrı – ayrı bölgələrdə ezamiyyətlərdə olanda özünun yumor istedadı, duzlu – məzəli söhbətləri, “xoruz səsi eşitməmiş” lətifələri ilə çox məşhurlaşmışdı. Rayonlara zəng edib hansısa verilişlə bağlı gələcəyimizi deyəndə məsul vəzifə adamları, rayon icra başçısının müavinləri, bəzən hətta icra başçıları xahiş edirdilər ki, mümkünsə rejissor Rövşəni də gətirin. Hətta bəziləri buna görə bizə xüsusi qonaqlıq, pay – püş, əlavə “hörmət” də boyun olurdu. Deyirlər, Allah insana istedad verəndə hərtərəfli verir. Bizim bu Rövşən istedadlı rejissor olmaqla yanaşı, həm də bacarıqlı kameramandı, müğənniliyi, gözəl musiqi və şeir duyumu, gitara və digər alətlərdə ifaçılıgi da bambaşqa bir aləm! İfaçılıqdan söz düşmüşkən, Rövşənlə bağlı maraqlı bir əhvalat yadıma düşdü. Deməli, hərbi redaksiyada çalısdığımız həmin illərdə Rövşən restoranlarda yaxın dostları üçün kitarada, udarnikdə ifa edib oxuyur, həm də ailəsini dolandirmaq üçün əlavə pul qazanırdı. Bir dəfə yüksək rütbəli polis əməkdaşları olan dostları ad günü mərasimi üçün Rövşəni həmişə oturduqları restorana dəvət edirlər. Onu da deyirlər ki, özünlə dost -tanışlarından da kimi istəsən gətirə bilərsən. Rövşən də rəhmətlik Xanlar Bayramovu və iki nəfər başqa iş yoldaşımızı həmin məclisə dəvət edir. Yüksək səviyyəli ziyafət, stolda quş südü, can dərmanı və təbii ki, Rövşənin duzlu – məzəli söhbətləri və ifaları. Söz – sözə, söhbət – söhbətə calanır, badələr cingildəyir, tostlar deyilir… Sonra rəhmətlik Xanlar müəllim mikrafonu götürüb səhnəyə çıxır və başlayır danışmağa. Azərbaycan Televiziyasının fəaliyyətindən, hərbi vətənpərvərlik redaksiyasının gördüyü işlərdən, apardığı çəkilişlərdən bir xeyli danışır. Rövşəni, onun istedad və bacarığını ağızdolusu tərifləyir… Və birdən qayıdır ki, mən təəssüf edirəm ki, bu boyda istedad gəlib burada dumbul çalır. Sonra da hirslə udarnikə bir təpik vurub Rövşənə deyir ki, dur, dumbulunu da götür, rədd ol burdan! Udarnik aşır, aləm dəyir bir – birinə. Məclisdəkilər aranı sakitləşdirib vəziyyəti yoluna qoyurlar .
…Redaksiya əməkdaşlarının duzlu – məzəli əhvalatları, maraqlı macəraları haqda daha ətraflı gələn yazılarda …
ARDI VAR…










