Gənc mütəxəssisin ev növbəsi: Jurnalistika taleyimdə yeni mərhələ - İlham Zeynallı yazır...
İlham ZEYNALLI,
Jurnalist-publisist
Əvvəl LİNKdə
1993-cü ilin məlum iyun hadisələrindən sonra Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi və cağırışı ilə siyasi rəhbərliyə gəlişi ölkəmizin tarixi taleyində yeni bir dönəmin başlanğıcı oldu. Son beş ilin xaos və özbaşınalığından, siyasi hərc – mərclik və hərki – hərkilikdən cana doyan xalq bir az rahat nəfəs almağa başlamış, insanların içində bir inam, ümid yaranmışdı. Müdrik siyasətçi, təcrübəli dövlət adamı olan H.Əliyevin yenidən hakimiyyət sükanı arxasına keçməsi Azərbaycan televiziyası və radiosunun fəaliyyətində də əsaslı dönüşün başlanğıcı oldu. Hamıya məlum olduğu kimi, teleradio sıradan bir media qurumu, adi KİV deyil, dövlətin bir nömrəli ideoloji ruporu və təbliğat maşınıdır. Cəmiyyətdə baş verən bütün hadisə və proseslər burada daha tez əksini tapır və hər şey buradan daha aydın görünür. Mütləq əksəriyyəti H.Əliyevin əvvəlki hakimiyyəti dövründən çalışan, bu böyük dövlət adamının idarəetmə prinsiplərinə yaxşı bələd olan əməkdaşlar qısa vaxtda öz fəaliyyətini yeni dövrün tələblərinə uyğun qurmağa başladılar. Biz gənclər də bu yenilənmə prosesinin sıra nəfəri, yeri gələndə həm də öncüllərindən olmaqdan qürur duyur, daha böyük enerji və şövqlə çalışırdıq. Hamı nəhayət ki, bu xaos və özbaşınalıqların bitməsini səbirsizliklə gözləyirdi. Radioda çox müşahidə olunmasa da, meydan hərəkatının dalğası üzərindən televiziyaya gələn bəzi qaraguruh qüvvələrin törətdikləri özbaşınalıq və hərki – hərkilikdən az-çox xəbərimiz vardı. Demokratik ruhlu, xəlqi insan olan və bəzi qüvvələrin siyasi – qrup maraqlarına qarşı çıxan sədr M.İsmayıla hansı tələlər qurulduğunu, necə problemlər yaradıldığını, hansı badalaq vurulduğunu bilirdik. Qapını mıxlayıb onun radiodan televiziyaya göndərdiyi yeni baş redaktoru otağa buraxmamışdılar. Gecə saatlarında işdən evə gedəndə sədrin qarşısını kəsib hansısa absurd tələb irəli sürmüş, səhəri gün efiri saxlayıb göy fon vermişdilər… Daxili işlər naziri İsgəndər Həmidovun canlı yayım zamanı studiyaya daxil olub dediyi sözlər “bespredel”in pik həddi və analoqu olmayan biabırçılıq idi. Əlbəttə, biz bunları görür, eşidir, bütün bu proseslərin ümumən ölkədə baş verən anarxiyadan və siyasi rəhbərliyin səriştəsizliyindən qaynaqlandığını başa düşürdük.
…Bəli, artıq bu xaos arxada qalmışdı. Düzdü, ümumən ölkə miqyasında hər şeyin normal məcraya düşməsi və bütün daşların tam yerinə oturması hələ vaxt aparacaqdı. Amma proses başlamışdı və geri dönüş yox idi …
…Əvvəllər Televiziyanın “Hərbi – vətənpərvərlik” şöbəsinin müdiri və sonra “Aydınlıq” qəzetinin baş redaktoru olan Babək Hüseynoğlu AzTV-yə sədr təyin olundu. Rəhmətlik Babək müəllim 1994-cü ilin yanvar ayından Mailə Muradxanlını radiodan ayırıb televiziyanın “Ədəbi – dram verilişləri” redaksiyasına baş redaktor təyin etdi. Mailə xanım tələbə yoldaşım Bahadırı, incəsənət şöbəsindən Zərnişan Azayevanı və Zöhrə Əliyevanı da özüylə televiziyaya apardı. Mən isə radioda qalıb fəaliyyətimi davam etdirdim…
Bu yerdə bir haşiyə çıxıb bir az geriyə – yenidən 1993-cü ilin yayına qayıtmaq istəyirəm. Universiteti bitirmişdik. Ali məktəblərin bəzi ixtisasları, o cümlədən jurnalistika fakültəsi üçün təyinat sistemi ləğv olunmuşdu. Biz artiq rəsmən radioda çalışırdıq deyə, istədik ki, bura təyinat alaq. Çünki o zaman təyinat əsasında gənc mütəxəssis kimi növbədənkənar mənzil uçotuna durmaq və s. güzəştlər hələ qüvvədə idi. Elə bu niyyətlə Teleradio Şirkətinin rəhbərliyinin imzası ilə Bakı Dövlət Universitetinə rəsmi tələbnamə aldıq. O vaxt BDU-nun prorektoru olan Misir Mərdanov bizi Təhsil Nazirliyinin kadrlar idarəsi ilə əlaqələndirdi. Çox uzun əzab – əziyyət və çək – çevirdən sonra axır ki, bizə təyinat verildi və biz gənc mütəxəssis kimi AzTV – də mənzil uçotuna götürüldük. Yadımdadı ki, mən siyahıda 7-ci adam idim. Sevinirdim ki, evlə təmin ediləcək ilk şəxslərdən biriyəm. Onu da deyim ki, AzTV işçiləri üçün bir az əvvəl-1990-cı ildə Yeni Yasamalda ayrıca bina tikilib istifadəyə verilmişdi. Deyir, sən saydığını say, gör, fələk nə sayır ?! İllər boyu həmin mənzil növbəsi qüvvədə olsa da, ailə vəziyyəmizlə əlaqədar otaq sayı 1-dən 2-yə, daha sonra 2-dən 3-ə dəyişsə də, o siyahı yalnız Həmkarlar İttifaqının qapısı ilə üzbəüz divardan asılı qaldı… Hardasa, 2000-ci ildən sonra məlum oldu ki, daha o qatar gedib və bütün bunlar boş və mənasızdı. Beləcə, ev də olmadı, növbə siyahısı da getdi tarixin arxivinə…

…Hər dəfə o təyinat məsələsi ilə bağlı yasadığımız əzab – əziyyətli günləri, çəkdiyimiz zülm-zilləti xatırlayanda “çox heyif “- deyib, təəssüf etməkdən başqa əlimdən heç nə gəlmir. Adamı ağrıdan həm də odu ki, sonralar jurnalistlər üçün tikilən binalarından ev almaq üçün də adımızı yazmadılar …
…Ulu öndər Heydər Əliyev Dövlət quruculuğu prosesi ilə paralel nizami ordu yaradılması işinə də mühüm diqqət yetirirdi. Elə bu işin vacib tərkib hissəsi kimi AzTV-də 1993-cu ilin noyabr ayında “Hərbi vətənpərvərlik” qrupu yaradıldı. Bir müddət sonra isə həmin mobil qrup ayrıca “Hərbi vətənpərvərlik və salnamə” redaksiyasına çevrildi . AzTV-nin sədri Babək Hüseynoğlu özü də əvvəllər hərbi vətənpərvərlik şobəsində işləmişdi və bu sahə həm də bu baxımdan ona yaxın idi. Tələbə yoldaşım, bir otaqda oturduğumuz həmkarım Bahadır Şəfi televiziyaya keçəndən sonra demək olar ki, tək qalmışdım. Redaksiyada mənə bab, həmtay bir adam yox idi. Arada indi tanınmış jurnalist, “Axar.az” saytının baş redaktoru Anar Niftəliyev bizim redaksiyaya gəlsə də, burada işləmək ürəyincə olmadığı üçun tezliklə çıxıb getdi. Bundan sonra daha çox darıxmağa başladım. Digər tələbə yoldaşım – radionun “Xəbərlər”ində işləyən Zöhrab Mehdi də yeni yaradılan hərbi redaksiyaya keçmişdi. Digər tərəfdən, düşünürdüm ki, radioda “Ədəbiyyat” şöbəsində yaşlı adam da, xanım işçi də çalışa bilər. Amma mən 27 yaşlı gəncəm, daha dinamik, daha çevik sahədə işləməliyəm. Ona görə də tərəddüd etmədən sədrin adına raport yazıb “Hərbi vətənpərvərlik” redaksiyasında çalışmaq istədiyimi xahiş etdim. Həm də o vaxtlar çox adam işin çətinliyini, cəbhə bölgəsinə, hərbi hissələrə getməyin, çəkilişlər aparmağın riskli olduğunu nəzərə alıb orada işləmək istəmirdi. Davamlı xahişlərimdən və redaksiyanın ovaxtkı rəhbəri Vidadi Bağırovun da məsələyə qarışıb sədrə müraciətindən sonra televiziyanın “Hərbi vətənpərvərlik və salnamə” redaksiyasına təyinat aldım .
ARDI VAR…










