media-f5014e84-3a4d-40d5-8da8-742f85abd6ce
İlham ZEYNALLI,
Jurnalist-publisist
Əvvəli LİNK
Radionun “Ədəbi -dram verilişləri” redaksiyasında ştatdankənar müəllif olsaq da, təhkim olunduğumuz şöbənin xətti ilə efirə gedən verilişlərin redaktə işlərində və hazirlanmasında iştirak edirdik. Artıq özümüzün ayrıca müəllif proqramımız da var idi. Bahadır “Elçi daşı”, mən isə “Söz vaxtına çəkər” adlı veriliş hazırlayırdıq. Bundan əlavə, əvvəllər mövcud olan “Ziyalı və ictimai həyat”, “Yolumuz hayanadır?” və s. bu kimi verilişləri də növbəli şəkildə hazırlayıb dinləyicilərə təqdim edirdik. Bu verilişlərdə nüfuzlu ziyalılar, tanınmış söz-sənət adamları ölkəmiz və xalqımız üçün olduqca çətin, keşməkeşli bir dövrdə mövqelərini bildirir, dəyərli məsləhətlərini verir, dinləyicilərdə sabaha inam, gələcəyə ümid hissi aşılayırdılar. Həmin dövrdə Qarabağda və ətraf bölgələrdə gərgin vəziyyət hökm sürür, qızğın döyüşlər gedirdi. Xalqın milli mənlik hissi və döyüş ruhunu yüksəltmək, insanlarda yüksək vətənpərvərlik duyğusu yaratmaq yönündə də müxtəlif veriilişlər, musiqili ədəbi – bədii kompozisiyalar hazırlayırdıq. Qısa müddət ərzində işgüzarlığımız və yüksək nizam-intizamımızla bütün kollektivdə yaxşı hörmət qazanmışdıq. Televiziya və Radio Verilişləri Şirkətinin ( o vaxt belə adlanırdı ) radio üzrə sədr müavini Şamil Məcidov olduqca ziyalı, kübar və mədəni bir insan idi. Şamil müəllim də daim bizə isti, səmimi münasibət göstərir və daha yaxşı işləməyə ruhlandırırdı. Söz vermişdilər ki, qısa müddətdə bizi ştata keçirəcəklər. Növbəti müqavilə vaxtını gözləyirdilər. Əlbəttə, biz də halımızdan məmnun idik. Niyə də olmayaydıq?! Hələ dördüncü kursda ikən artıq işlə təmin olunurduq. Sözsüz ki, təyinat sisteminin ləğv olunduğu və iş tapmağın çətin olduğu bir vaxtda ölkənin yeganə teleradiosunda işə düzəlmək hamıya nəsib olan xoşbəxtlik deyildi.
media-616827506_1554666632475870_1573082953616425667_n
Əvvəldə dediyim kimi, sədr Məmməd Murad televiziya və radiodan çox sayda əməkdaşı işdən azad etmişdi. Həmin əməkdaşlar da yenidən işlərinə bərpa olunmaq tələbi ilə yuxarı instansiyalara şikayət edir, bir sıra yüksək dövlət qurumlarının binası, o cümlədən AzTV-nin qarşısında etiraz aksiyaları kecirirdilər. Ayaz Mütəllibov birinci dəfə hakimiyyətdən uzaqlaşdırıldıqdan bir müddət sonra Məmməd Murad da AzTV sədrliyindən cıxarıldı. Bir gün xəbər yayıldı ki, işdən azad olunan bütün əməkdaşların hamısı öz yerinə bərpa olunub…
media-615949939_1553037659305434_1446904945299237096_n
Adəti üzrə otaqda əyləşib gündəlik işimizlə məşğul idik. Birdən qapı açıldı, əynində tünd rəngli uzun plaş, başında qara panama olan, dolu bədənli yaşlı bir kişi şəstlə içəri girdi. Qoltuğundakı qara dəri qovluğu nümayişkaranə surətdə mən oturduğum masanın üstünə tullayıb ədalı şəkildə : “-gənc, dur yerimi tərk elə” – deyə qarşımda dayandı. Sakitcə durub yeri boşaltdım və pəncərinin qarşısında şöbə müdiri İbrahim Göyçaylının oturduğu masa ilə üzbəüz stulda əyləsdim. İşinə bərpa olunan o biri xanım əməkdaş da gəlmişdi. Aprel – may aylarında arada havalar isti keçəndə, unutmadığımız və indi də xoş bir təbəssümlə xatırladıgımız maraqlı olay yaşanırdı. Xanım əməkdaş hərdən bizlərdən birinə deyirdi ki, otaq cox isti oldu, gənc, dur pəncərəni aç. Az keçməmiş kişi əməkdaş isə :”-gənc, dur pəncərəni bagla”-deyə amiranə şəkildə əmr edirdi. Bu proses, demək olar ki, gün boyu dəfələrlə təkrar olunurdu.
Hər gün redaksiyaya gəlib getsə də, həmin kişi heç bir işlə məşğul olmurdu. Açığı nə özü təşəbbüs göstərir, nə də kimsə ona tapşırıq verirdi. Telefonla ora – bura zəng edir, hamı ilə aqressiv davranır, narazılıq edirdi. Əlbəttə, bizim bu adamların işdən çıxarılmasında, hansısa problemlər yaşamasında yaxından – uzaqdan heç bir rolumuz və təqsirimiz yox idi. O nə qədər aqressiv və kobud davransa da, biz maksimum səbir və təmkin nümayiş etdirir, sakitcə öz işimizlə məşğul olurduq. Digər tərəfdən, bizim tərbiyəmiz atamızdan da yaşlı bir insana qarşı hansısa bir formada cavab qaytarmağa, xoş olmayan rəftara yol vermirdi və əslində onun bu aqressiya və narazılığı başadüşülən idi… Rəhmətlik İbrahim Göyçaylı da qeylü-qaldan uzaq, sakit və mədəni bir insan idi. Çalışırdı ki, baş verənlərə heç bir əks -reaksiya verməsin.
M.Muradın işdən azad olunması, Elşad Quliyevin qısa müddətlik sədrliyi, sonra isə şair Məmməd İsmayılın AzTV-yə sədr təyin olunması bizim ştata keçməyimizi xeyli ləngitdi. Dediyim kimi, radio qrupundan dörd nəfərdən yalnız ikimiz – Bahadır və mən radioda idik. Nəzirməmməd Zöhrablı isə televiziyanın “Xəbərlər” redaksiyası ilə əməkdaşlıq edirdi, çalışırdı ki, ora işə düzəlsin. Zöhrab Mehdi isə radioya gəlmək istəmirdi və ümumiyyətlə, işlə bağlı hansısa bir planı yox idi. Radionun “Xəbərlər” redaksiyasının baş redaktoru rəhmətlik İlyas Adıgözəlli hər dəfə Mailə xanıma deyirdi ki, ay Mailə, nolar bu cavan uşaqlardan mənə də gətir, boş vakansiyam var, götürək işə. Ona görə də Mailə xanım mənə dedi ki, get Zöhrabı çağır gəlsin, yaxın vaxtlarda sizin işə qəbulunuzla bağlı təqdimat olacaq. Fürsətdi, onun da təqdimatı verilsin. Elə də oldu. Mailə xanım bizim, İlyas müəllim isə Zöhrab Mehdinin təqdimatını verdi. İyulun 16-da sədrin qəbulunda olduq. İlyas müəllim bizimlə qəbul otağında gözləyirdi, Mailə xanım isə içəridə idi, sədrin yanında. Bir də gördük, Mailə xanım otaqdan cox əsəbi şəkildə çıxdı. Belə məlum oldu ki, M.İsmayıl məni işə götürməyə razılaşsa da, təqdimatı verilmiş digər iki nəfərdən imtina edib…
media-616230052_1554666705809196_5785626468979488428_n
Amma üç – dörd aydan sonra radio üzrə yeni sədr müavini, məşhur yazıçı Mövlud Süleymanlının prinsipial mövqeyi, təkidli və davamlı xahişi nəticəsində (təbii ki, həm də Mailə xanımın) həmin tələbə dostumuz da işə qəbul olundu …
… Zöhrabla ikimiz içəri girib özümüzü təqdim etdik. M.İsmayıl üzünü mənə tutub : “- İgidin adını eşit, üzünü görmə” -dedi.
– Verilişlərini dinləmişəm, yaxşıdı. Vaxtilə mənim də bu adda kitabım çıxıb ,”Söz vaxtına çəkər”. Sonra qarşısında açıq vəziyyətdə olan “Bərəkət” qəzetindəki bir səhifəlik yazıma işarə edərək : “-yazın da xoşuma gəldi “- dedi. “Qarabağda talan var …” adlı o yazını radioda efirə gedən eyniadlı verilişimin əsasında qəzet üçün hazırlamışdım. Nazim Axundovun toplayıb nəşr etdirdiyi “Qarabağnamələr”də təsvir olunan hadisələrlə həmin dövrün müqayisəli təhlili şəklində hazırladığım həmin yazını şair Vaqif Bəhmənli baş redaktoru olduğu “Bərəkət” qəzetində çap eləmişdi. Mailə xanım bu qəzeti də bərayi -ehtiyat mənim təqdimatıma əlavə etmisdi. Qısa söhbət əsnasında sədr M.İsmayıl soruşdu ki, sən mənə buradan yox, başqa hardansa tanış gəlirsən. Mən “Gənclik” jurnalının 1989-cu il fevral nömrəsində bir neçə şeirimi vermişdiz, bəlkə ordan “- deyəndə, şair :”-hə , indi yadıma düşdü “- deyə fikrimi təsdiq etdi. Sədr müavini Səfər Alışarlı da orada idi. Bizdən soruşdu ki, ola bilər, bəlkə işə qəbul üçün sizdən kimsə nəsə istəyər, filan…Əlbəttə, qətiyyən belə bir şey yox idi və ona görə də biz birmənalı şəkildə belə bir məsələnin olmadığını bildirdik. Həmin gün Zöhrabın əmri “Xəbərlər”ə, mənimki isə “Ədəbi -dram”a verildi. Mən təxminən iki ilə yaxın radioda işlədim… Dəyərli izləyicilərimi hələ qarşıda mənim yaşadığım və başıma gələn bir – birindən maraqlı hadisə və əhvalatlar gözləyir .
ARDI VAR…

media-adspc

Bənzər xəbərlər