media-615261572_1553037585972108_4890516001323148799_n
İlham ZEYNALLI,
Jurnalist-publisist
Əvvəli LİNK
Əvvəldə qeyd etdiyim kimi, ikinci kursdan etibarən qəzet, nəşriyyat işi, radio və televiziya olmaqla ixtisas qruplarına bölünmüşdük. Digər baza dərslərdən əlavə həftədə iki, ya üç dəfə “ixtisas kursu” dərsləri keçilirdi. Üç nəfər oğlan tələbə yoldaşımla mən radio ixtisasını seçmişdiik. Bizim radio qrupuna “ixtisas kursu”nu rəhmətlik Yalçın Əlizadə tədris edirdi. Yalçın müəllim o vaxtlar “Televiziya və radio jurnalistikası kafedrası”nın müdiri idi. Gənclik illərində Azərbaycan radiosunda işləmişdi, “Radiojurnalistikanın əsasları” adlı dərs vəsaiti yazıb çap etdirmişdi. Olduqca ciddi xarakterli, ağayana, mərd insan olan Yalçın müəllim fakültəmizin digər müəllimləri kimi öz gücü və imkanı daxilində tələbələrin karyerası və uyğun işlə təmin olunmaları üçün əlindən gələni əsirgəmirdi. Yadımdadır, o vaxtlar C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası nəzdindəki “Salnamə”sənədli filmlər studiyasının rəhbəri Xamis Muradov Yalçın müəllimdən xahiş etmişdi ki, bir nəfər istedadlı tələbəni onlarla əməkdaşlığa göndərsin. Yalçın müəllim Xamis Muradovla danışıb məni onun yanına göndərdi ki, gedib işləyim. Vəziyyətlə, işin prinsip və qaydaları ilə tanış olanda, açığı, özümü orada görə bilmədim və urəyimcə olmadığı üçün imtina etdim. Məqamı düşmüşkən deyim ki, lap uşaq yaşlarımdan bal kimi şirin, bənzərsiz səsinin sehrinə düşdüyüm əfsanəvi diktor Eldost Bayramovu həyatda ilk dəfə məhz orada gördüm. Əməkdaşlardan birinin filminin səsləndirməsini edirdi. Elə ovsunlanmışdım ki, səsyazma studiyasında dayanib sonadək o möcüzə səsi dinlədim …
…Yenə bir dəfə də Yalçın müəllim məni o vaxtlar nəşrə başlayan “Aypara” qəzetində işləmək üçün təsisçisinin yanına göndərdi. Daha doğrusu, təşəbbüs Yalçın müəllimin tələbə yoldaşı olan təsisçidən gəlmişdi. O vaxtlar artıq tanınmış jurnalist olan, filologiya elmləri namizədi Akif Əli ( Məhərrəmov) həmin qəzetin baş redaktoru idi. Biz bir müddət birgə işlədik, qəzetdə bir neçə yazım da dərc olundu. Amma çox çəkmədi ki, qəzet fəaliyyətini dayandirdı və biz ayrılmalı olduq …
…O vaxt fakültəmizdə texniki bazası zəif olan kiçik və primitiv tədris radiostudiyamız vardı. Onda kafedranın gənc müəllimi olan Əli Hacıyev İxtisas dərsləri zamanı həmin studiyada səs yazılmasını, babin lentlərlə, səsyazma aparatı ilə işləməyin sirlərini bizə öyrədirdi. Amma dediyim kimi, texniki baza zəif, imkanlar məhdud idi.
media-615949939_1553037659305434_1446904945299237096_n
Dördüncü kursdan etibarən ixtisas dərslərinə televiziya və radioda çalışan peşəkar əməkdaşlar cəlb olunurdu ki, tələbələrə daha cox praktik vərdişlər aşılaşınlar. Digər tərəfdən, həmin müəllimlər savadlı və istedadlı tələbələrin əlindən tutur, onlardan bəzilərinin radio və televiziyada işlə təmin olunmasına yardımçı olurdular. Məsələn, biz oxuyan zaman televiziyadan tanınmış jurnalist Qulu Məhərrəmli, mərhum kinoşünas Aydın Dadaşov həm də “Televiziya və radio jurnalistikası kafedrası”nda müəlliim kimi fəaliyyət göstərirdilər. Bizim radio qrupunda isə məşhur jurnalist, Radionun ədəbi – dram verilişləri redaksiyasının baş redaktoru Mailə Muradxanlı və o vaxtlar radionun baş diktoru olan Ramiz Mustafayev dərs deməyə başladılar. Mailə xanımın fakültəyə gəlişi şəxsən mənim üçün qədim Şərq mifologiyasında xeyirxahlıq, yenidən doğulma, ilahi gözəllik, xilaskarlıq və hikmət rəmzi olan əfsanəvi Simurq quşunun həyatımıda peyda olması kimi idi. Beləcə, Mailə xanım bizə daha çox radiojurnalistikanın yaradıcılıq məsələlərindən danışır, Ramiz Mustafayev isə nitq mədəniyyətimizin, səs və danısıq qabiliyyətimizin cilalanması üçün, belə demək mümkündürsə, ustad dərsləri keçirdi…
1991-1992-ci tədris ilinin ikinci semestrindən Mailə xanım bizi radioya əməkdaşlığa dəvət etdi. Hər birimiz üçün Teleradio Verilişləri Şirkətinə daxil olmaq üçün müvəqqəti buraxılıs vəsiqəsi düzəltdi. İncəsənət şöbəsinin müdiri, tanımış jurnalist Gülbəniz Hüseynova ilə görüşdürub onun rəhbərliyi ilə hazırlanan “Qayğı ” bədii-publisistik proqramına süjetler hazırlamağı tapşırdı. Nəcib və xeyirxah insan, istedadlı, peşəkar jurnalist, ustad redaktor olan Mailə xanım bizi əlinin içində saxlayır, hər cür diqqət və qayğı ilə əhatə edirdi. “Qayğı” proqramında efirə gedən materiallarımız çox yaxşı əks – səda doğurmuşdu, bizdən çox Mailə xanım sevinirdi. Artıq 1992-ci ilin mart ayından etibarən tələbə yoldaşım Bahadır Şəfi və mən “Ədəbiyyat” şöbəsində ştatdankənar müəllif kimi işə başladıq. Söbənin müdiri tanınmis şair, rəhmətlik İbrahim Göyçaylı idi. Bu o vaxtlar idi ki, AzTV -nin sədri Məmməd Murad yüzlərlə əməkdaşı işdən çıxarıb çölə tökmüşdü. Elə bizim şöbədə də işçiyə ehtiyac duyulurdu. İşdən çıxarılanlar arasında Ədəbiyyat şöbəsinin iki qocaman əməkdaşı da vardı. Böyük redaktor Tahir Paşa televiziyada əməkdaşlığa başladığı üçün radioya gəlmirdi. Digər əməkdaş – indi tanınmıs yazıçı-jurnalist Natavan Dəmirçioğlu körpə uşaqlı idi. Həftədə bir dəfə efirə gedən “Qalmaz belə dünya ” verilişini hazırlayırdı. Ailə vəziyyətini nəzərə alıb ona şərait yaradırdıq ki, başqa tapşırıqlara vaxt ayırmayıb evə getsin. Onu da öyrəndik ki, Natəvan xanımı və incəsənət şöbəsində çalışan Zərnişan Azayevanı da bizdən bir neçə il əvvəl məhz Mailə Muradxanlı jurnalistika fakültəsindən birbaşa radioya aparıb işə götürüb. Böyük qayğı ilə əhatə olunduğumuzdan radioya tez isinişdik. Hamı bizi qəbul edir, sevir və dəstək göstərirdi. İnsan dəstək görəndə, ona etimad göstərilib etibar edildiyini biləndə heç bir çətinlikdən qorxmur, işə can yandırır və heç sübhəsiz ki, uğur qazanır.
…Deyəsən, mənim üçün taleyimə çevriləcək, ömrümü həsr edəcəyim uzun bir yolun növbəti mərhələsi başlanırdı…
ARDI VAR…

media-adspc

Bənzər xəbərlər