Cəsədlər üzərində qurulan həyat: Ermənilər Çeçen torpaqlarını necə zəbt etdilər?
23 fevral 1944-cü ildə təxminən yarım milyon çeçen və inquşun Qazaxıstan və Qırğızıstana zorla deportasiyası başladı. “Mərci” kod adı ilə bu əməliyyat tarixin qara səhifələrindən birinə çevrildi.
Xüsusi əməliyyat nəticəsində on minlərlə insan həlak oldu — təkcə yolda deyil, həm də mənzil çatışmazlığı, qida, tibbi yardım, geyim və əsas ehtiyacların olmaması səbəbindən öldülər.
Deportasiya edilənlər arasında təkcə çeçenlər və inquşlar deyil, həm də digər millətlərin nümayəndələri (kalmıklar, Krım tatarları, balkarlar, qaraçaylar və s.) var idi.
Çeçen-İnquş MSSR ləğv edildikdən sonra onun ərazisində Qroznı vilayəti yaradıldı. Bu ərazilər yüksək məhsuldarlığa malik kənd təsərrüfatı torpaqları və strateji əhəmiyyətli neft yataqları ilə zəngin idi. Sovet hakimiyyəti bu resursların istismarını dayandırmamaq üçün bölgəyə dərhal işçi qüvvəsi cəlb etməli idi. Xüsusilə ermənilər sovet hakimiyyətinin istifadə etdiyi əsas millətlərdən biri oldu.
Ermənilərin köçürülməsi Ermənistan rəhbərliyinin xahişi ilə həyata keçirildi. Bunu iqtisadi səbəblərlə bağlasalar da, burada əsas məqsəd ermənilərin çeçenlərlə Urartu davası idi. Rusiya imperiyası və Sovet dövründə çeçenlər yekdilliklə bildirirlər ki, ermənilər çeçen tarixinin Urartu ilə bağlı izlərini bilərəkdən məhv ediblər.
Tarixçi alim, Çeçenistan Dövlət Universitetinin Tarix fakültəsinin müəllimi Hacı Xizriyevin sözlərinə görə, Urartu dövlətinin ermənilərlə heç bir əlaqəsi yoxdur və bu mübahisə uzun illərdir davam edir:
“Urartu — inquşlar və çeçenlərin əcdadlarıdır. Bu erməni mifi artıq alimlər tərəfindən ifşa edilib”.
Məhz bu mübahisənin deportasiyaya qədər davam etməsi ermənilərin əlinə imkan verdi ki, həm qisas alsınlar, həm də çeçen-inquşları doğma torpaqlarından məhrum edib oranı “qədim erməni torpağı” elan etsinlər.
Məhz buna görə də NKVD-nin rəhbərliyində və yerli bölmələrində çalışan erməni mənşəli zabit və əməliyyatçılar xüsusi canfəşanlıq edirdilər. Onlar çeçenlərin evlərindən zorla çıxarılmasında, müqavimət göstərənlərin güllələnməsində və insanların heyvan vaqonlarına doldurulmasında birbaşa iştirak edirdilər.
Sürgün əməliyyatını idarə edən Lavrenti Beriyanın ən yaxın köməkçiləri arasında erməni mənşəli yüksək rütbəli zabitlər var idi. Xüsusilə Baqrat Kobulov adlı erməni daha qəddar şəxs kimi tanınırdı.
Şahid ifadələrinə görə, sürgünə getməmək üçün dağ kəndlərində gizlənən yerli əhalini, bölgənin şəraitini yaxşı bilən və orada yaşayan erməni agentlər məlumat verən kimi istifadə olunurdu.
Çeçenlərə məxsus qəbir daşları sökülərək tikinti materialı, yol çəkilişi və ya fermaların təməli kimi istifadə edilirdi. Köçürülən erməni əhali bu “tikinti materiallarından” öz təsərrüfatlarında geniş şəkildə istifadə edirdi.
Ermənistan mediası yazırdı ki, çeçenlər “xain”dir və onlar bir daha geri dönməyəcəklər. Bu da ermənilərin həmin torpaqlarda özlərini mülk sahibi kimi daha rahat hiss etmələrinə xidmət edirdi.
Ermənilər bura köçən kimi çeçenlərin şəxsi əşyalarını, mal-qarasını və evlərini istifadə etməyə başladılar. Abidələri və tarixi adları dəyişdirdilər. Onlar gələn kimi çeçen dilində olan kitabları, arxivləri və əlyazmaları yandırırdılar.
Tarixçi Mayrbək Vaçaqayevin araşdırmalarında qeyd olunur ki, 1944–1957-ci illər arasında çeçen toponimlərinin dəyişdirilməsində erməni dilçilər və mütəxəssislər də iştirak ediblər. Onlar çeçen izini silmək üçün kəndlərə yeni adlar uydururdular.
Çeçenlər illər sonra öz evlərinə qayıtdıqda ermənilər oranı tərk etmək istəmirdilər. Erməni sakinlər çeçenlərin öz mülklərini geri almaması üçün yerli partiya komitələrinə şikayətlər edir, geri dönənləri “bandit” adlandıraraq onlara qarşı silahlı qruplar yaradırdılar.
Son olaraq qeyd edim ki, ermənilərin çeçenlərə qarşı fəaliyyətləri o dövrdə sadəcə “qonşu davası” deyil, Sovet sisteminin onlara verdiyi imtiyazlardan istifadə edərək başqa bir xalqın fəlakəti üzərində rifah qurmaq cəhdi idi.
Zaur Əliyev
Mənbələr:
A. M. Bugaev, “Deportasiya edilmiş çeçen xalqı”
Stepan Kaşurko, “Xaybax: istintaq davam edir”
Hadji-Murat İbrahimbeýli, “Xalqların faciəsi haqqında həqiqəti demək”
Aleksandr Nekriç, “Cəzalandırılmış xalqlar” və başqaları.










