media-cin_ve_abs_900x631_1782045941

Pekin son vaxtlar Vaşinqtonun Çin şirkətlərinə qarşı atdığı addımlara, o cümlədən bu ölkədən idxal olunan məhsullara tətbiq edilən məhdudiyyətlərə cavab olaraq Amerikanın bir sıra şirkətlərinə qarşı məhdudiyyətlər elan edib.

ERAmedia “The Financial Times” qəzetinə istinadla xəbər verir ki, Çin Xalq Respublikasının Ticarət Nazirliyi Amerikanın bir sıra şirkətlərinə, o cümlədən “Applied DNA Sciences” biotexnologiya şirkətinə qarşı sanksiyalar tətbiq olunduğunu, həmçinin pilotsuz uçuş aparatlarının, onlarla bağlı komponentlərin və texnologiyaların ABŞ-yə ixracına nəzarətin sərtləşdirildiyini açıqlayıb. Çində fəaliyyət göstərən müəssisələrə və fiziki şəxslərə siyahıya daxil edilmiş şirkətlərlə biznes əlaqələri qurmaq və əməkdaşlıq etmək qadağan olunub.

Ötən həftə Vaşinqton Çinin 43 şirkətini ABŞ-yə məhsul idxalının qadağan edildiyi qara siyahıya əlavə edib. ABŞ-nin Federal Rabitə Komissiyası (FCC) da təhlükəsizlik riskləri ilə bağlı narahatlıqları əsas gətirərək Çin texnologiyalarının idxalına əlavə məhdudiyyətlər tətbiq edib. Bu çərçivədə bəzi pilotsuz uçuş aparatlarının və marşrutlaşdırıcıların yeni modellərinin ölkəyə gətirilməsi qadağan olunub. FCC iyun ayında “Huawei” və “Hikvision” kimi şirkətlərin telekommunikasiya avadanlıqlarının yeni modellərini də qara siyahıya daxil edib.

Ötən ilin dekabrında FCC milli təhlükəsizliyə təhdid yaratdığı əsas gətirilərək xarici istehsalçılar, o cümlədən Çin şirkətləri tərəfindən istehsal olunan yeni pilotsuz uçuş aparatlarının və kritik əhəmiyyət daşıyan avadanlıqların ABŞ-yə idxalını və satışını qadağan etmişdi.

Pekin elan olunmuş məhdudiyyətlərlə yanaşı, xarici sistem proqram təminatı ilə təchiz edilmiş idxal olunacaq ofis avadanlıqlarının milli təhlükəsizliyə mümkün təhdid yaradıb-yaratmadığını araşdırmağa başlayıb və müəssisələrdə istehsal proseslərinin yoxlanılması sahəsində ABŞ ilə əməkdaşlığın bəzi istiqamətlərini müvəqqəti dayandırıb.


media-adspc

Bənzər xəbərlər