media-333256
media-bant_master

Braziliyanın Belem şəhərində keçirilən COP30 sammiti tarixə qovuşdu. Adətən bütün COP konfranslarından sonra qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə qəbul olunmuş qərarlardan, iqlim maliyyəsinin artırılmasından danışırıq. Bu dəfə iqlim dezinformasiyası daha çox müzakirə olunur. Bu da təsadüfi deyil. Maraqlı çevrələr son illər qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə qəbul olunan qərarlara, aparılan müzakirələrə kölgə salmağa çalışır, bir növ sabotajla məşğul olurlar. Məsələn, bu qədər müzakirələrdən, nüfuzlu beynəlxalq qurumların yaydığı hesabatlardan sonra hələ də bu işlərə kölgə salmağa çalışan, tamamilə əks fikirlər yayan şəxslər, dairələr var.

ERAmedia -nın məlumatına görə “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyib.

O qeyd edib ki, İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. BMT-nin hesabatında göstərilir ki, son 150 ildə dünyada temperatur 1 dərəcə yüksəlib. Yer kürəsində temperatur bu sürətlə qalxmaqda davam etsə, 2050-ci ilə qədər hərarət 2-2,5 dərəcə, 2100-cü ilə qədər isə 6 dərəcəyə qədər yüksələ bilər. Avropa İttifaqının “Copernicus” iqlim xidmətinin məlumatına görə, 2023-cü il son 100 ilin ən isti ili olub.

“Mövsümlər yerini dəyişib, su mənbələri quruyur, yağıntı azalır, quraqlıq artır, yaşıllıq sahələri məhv olur. Xəzər dənizi hər gün daha da geri çəkilir. Bununla belə, bəzən “əslində qlobal istiləşmə yoxdur, bu, qlobal güclərin oyunudur, qlobal soyuqlaşma baş verir” deyən “ekoloqlar”a da rast gəlirik. Bu cür absurd fikirlər hətta bəzən sensasiya naminə diqqətçəkən manşetlər yayan nüfuzlu kütləvi informasiya vasitələrinin səhifələrində yer alır. Bu cür fikirlər ictimaiyyəti çaşdırır, aparılan işlərə kölgə salır, böyük layihələri əngəlləyir. Bu gün aparıcı dünya ölkələri karbon emissiyasını azaltmaq üçün tədbirlər görür, nəhəng layihələri icra etmək üçün iri büdcə vəsaitləri ayırırlar. Lakin bəzən yanlış məlumatlanmış ictimai rəyin təsiri ilə bu layihələrin maliyyələşdirilməsi gecikir. Halbuki getdikcə dərinləşən qlobal ekoloji böhran sərhəd tanımır”, – deyən ekspert bildirib ki, atmosferdə karbon emissiyasını azaltmaq bir dövlətin işi ola bilməz. Ən azı bütün region dövlətləri birgə çalışmalı, problemlər birgə araşdırılmalı və həll layihələrinə maliyyə qoyuluşu ilə bağlı birgə qərarlar qəbul olunmalıdır. İqlim dezinformasiyası ilə mübarizə də birlikdə aparılmalıdır.

Elman Cəfərli qeyd edib ki, iqlim razılaşmalarına yönələn dezinformasiya siyasəti COP platforması üzrə bütün danışıqlara, fəaliyyət gündəliyinə, zirvə görüşlərinə mənfi təsir göstərir, əldə olunan birliyi təhlükəyə atır. Hətta COP hərəkatının liderləri də hesab edir ki, dezinformasiyalara qarşı düzgün mübarizə aparılmasa görülən işlər, əldə olunan bütün mütərəqqi iqlim təşəbbüsləri risk altına düşəcək. Son illərin təcrübəsi göstərir ki, cəmiyyətdə iqlim səfərbərliyi nəticə verir. “Məsələn, 2024-cü ildə Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdu. Həmin kampaniya çərçivəsində ciddi iqlim layihələri həyata keçirildi, atmosfer çirklənməsinə qarşı geniş aksiyalar təşkil edildi. Fikrimcə, qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması üzrə tədbirlər mövsümi xarakter daşımamalı, mütəmadi davam etməlidir. Bununla bağlı maarifləndirmə tədbirlərinə, aksiyalarına ara verməməlidir. Dövlətlər COP29 və COP30-da qəbul olunan qərarlara ciddi önəm verməli, öhdəliklərin icrasını ləngitməməlidir. İqlim maarifləndirilməsində kütləvi informasiya vasitələrinin, vətəndaş cəmiyyətinin üzərinə böyük məsuliyyət və vəzifə düşür. Yaşadığımız planeti ekoloji fəlakətdən qurtarmaq, Yer üzündə dayanıqlı inkişafı təmin etmək üçün iqlim dezinformasiyasının yayılmasını önləməli, COP platforması üzrə işləri davam etdirməliyik”, – deyə İctimai Birlik sədri bildirib.


media-adspc

Bənzər xəbərlər