media-d5b13bb794e05f6

Körfəzdə ilişib qalan tankerlər, artan neft qiymətləri… ABŞ və İsrailin İranla münaqişəsinin ən açıq nəticələrindən biri budur. Yaxın Şərqdə müharibə səbəbindən Hörmüz boğazı uzun müddətdir bağlıdır. Boğazın ikitərəfli blokadası dünyada enerji böhranı yaradıb.

ERAmedia xəbər verir ki, bu barədə İTV-nin videomaterialında deyilir.

Avropa sakinləri üçün bu yaz qışdan fərqlənmir. İnsanlar istilik üçün əlavə vəsait ödəməli olurlar. Yayda isə səyahət onlara ikiqat baha başa gələcək. Çünki təyyarə biletlərinin qiyməti artır. Avropa aviaşirkətləri yanacaq çatışmazlığı yaşayır. Bu səbəbdən şirkətlər ya bilet qiymətlərini qaldırır, ya da uçuşları azaldırlar.

Benzin qiymətləri isə indi ən narahatedici məqamlardan biridir. Bəs Azərbaycan bu problemlərlə qarşılaşa bilərmi?

 

 

Məlumdur ki, ölkəmiz benzin istehsalçısıdır. Lakin Aİ-95 markalı benzin əsasən idxal olunur və qiyməti dövlət tərəfindən tənzimlənmir. Belə olan halda Azərbaycanda da bahalaşma gözlənilirmi?

Qlobal ticarətin onurğa sütunu olan boğazlar və kanallar hər gün milyardlarla dollarlıq neft və qaz daşınmasına xidmət edir. Misirin nəzarətində olan Süveyş kanalı Avropa ilə Asiya arasında ən qısa yol hesab olunur. Babül-Məndəb boğazı Qırmızı dənizin cənub qapısı və Süveyşə gedən yolun kilid nöqtəsidir. Cəbəllüttariq boğazı Aralıq dənizini Atlantik okeanına bağlayır. Panama kanalı isə Atlantik və Sakit okeanları birləşdirir. İstanbul və Çanaqqala boğazları Qara dənizə sahili olan ölkələrin dünyaya açılan qapılarıdır.

Hazırda isə diqqət mərkəzində ABŞ və İranın blokadasında olan Hörmüz boğazıdır. Blokadaya qədər dünya neftinin təxminən 20 faizi bu su yolu ilə daşınırdı. İki aya yaxındır davam edən böhran dünya iqtisadiyyatının su dəhlizlərindən nə dərəcədə asılı olduğunu üzə çıxarıb.

Ekspertlərin fikrincə, əgər Hörmüz boğazı may ayının sonuna qədər açılmasa, zəif iqtisadiyyatlardan başlayaraq bir çox ölkə böyük çətinliklərlə üzləşəcək. Bu isə yüksək inflyasiya, hətta bəzi hallarda tənəzzülə səbəb ola bilər.

Təhlükə yalnız Asiya ölkələri üçün deyil. 2022-ci ildən bəri Rusiya qazından imtina edən Avropa da təşviş içindədir. Avropa İttifaqı rus qazını ABŞ və Qətər qazı ilə əvəz etmişdi. Lakin Qətərin qaz ixracının 93 faizi Hörmüzdən keçir. Bu səbəbdən boğazda yaşananlar Avropanın qaz təchizatını kəskin azaldıb.

Artıq Avropada ümumi enerji qiymətlərinin 70 faiz artdığı bildirilir. Avropa İttifaqı ölkələrində benzinin qiyməti fevral ayı ilə müqayisədə orta hesabla 15 faiz, dizel isə 30 faiz bahalaşıb. Ən yüksək artım Niderland, Danimarka, Almaniya və Fransada qeydə alınıb.

Yaxın Şərqdə savaşa hələlik fasilə verilsə də, Hörmüzdə vəziyyət gərgin olaraq qalır. Bu hal qlobal sanksiyalar altında olan Rusiyanı əsas oyunçuya çevirib.

Bəs qlobal enerji böhranı Azərbaycana necə təsir edəcək? Azərbaycan regional bazarlar üçün vacib təyyarə yanacağı istehsalçılarından biridir. Hazırda Bakıdakı əsas neft emalı müəssisəsi – Heydər Əliyev adına Neft Emalı Zavodunda modernləşdirmə aparılır. Məqsəd təyyarə yanacağı istehsalını illik 1 milyon tona çatdırmaq və “Avro-5” standartına keçməkdir.

Avtomobil yanacağı ilə bağlı vəziyyətə gəlincə, Azərbaycan dizel və digər yanacaq növləri istehsal edir. Aİ-95 markalı benzin isə əsasən idxal olunur. Bu səbəbdən onun qiyməti bazardakı xərclərdən və şirkətlərin müəyyən etdiyi tarazlıqdan asılı olacaq.

Xatırladaq ki, Azərbaycanda Aİ-95 markalı benzinin qiyməti 2024-cü ildə 2 manatdan 1 manat 60 qəpiyə enmişdi.

Dünya Bankı və Beynəlxalq Valyuta Fondu da yaranmış vəziyyətlə bağlı həyəcan təbili çalır. Qlobal iqtisadi böyümə proqnozu 3,1 faizə endirilib. Əgər Hörmüz böhranı uzansa, iqtisadi tənəzzül qaçılmaz ola bilər.

Hazırkı enerji böhranı dünyaya çox şeyi sübut etdi. Yaşıl enerjiyə keçid və yeni texnologiyalar olsa da, bəşəriyyətin nəbzi hələ də dar dəniz boğazlarında döyünür. Ənənəvi yanacağın yerini hələ ki heç nə doldura bilmir.


media-adspc

Bənzər xəbərlər