media-pul786

Gələn ildən banklarda milli valyutada yerləşdirilən əmanətlər üzrə faiz gəlirlərinin vergiyə cəlb olunması məsələsi gündəmə gəlir. Belə ki, Vergi Məcəlləsinin 102.1.22-4-cü maddəsi ilə nəzərdə tutulan vergi güzəştinin müddəti cari ilin sonunda başa çatır və müzakirə olunan dəyişikliklər paketində onun uzadılması nəzərdə tutulmur.

Milli Məclisin deputatı Vüqar Bayramov bu barədə ERAmedia-ya açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, hazırda yerli banklar və xarici bankların Azərbaycandakı filialları tərəfindən fiziki şəxslərin milli valyutada olan depozitləri üzrə hesablanan aylıq faiz gəlirlərinin 200 manatadək hissəsi gəlir vergisindən azaddır. Bundan əlavə, milli valyutada 18 ay və daha artıq müddətə yerləşdirilən və əsas məbləği 18 aydan tez qaytarılmayan əmanətlər üzrə faiz gəlirlərinin tam hissəsinə vergi güzəşti tətbiq olunur.

Vüqar Bayramov qeyd edib ki, güzəşt müddəti uzadılmadığı təqdirdə, gələn ildən bir bankda milli valyutada yerləşdirilən depozitlər üzrə aylıq 200 manatdan artıq faiz gəlirləri vergiyə cəlb ediləcək. Məsələn, aylıq faiz gəliri 500 manat olan əmanət üzrə 300 manatlıq hissəyə gəlir vergisi tətbiq olunacaq.

Deputat diqqətə çatdırıb ki, sözügedən güzəştlər əhalinin gəlirlərinin qorunması və banklarda əmanətlərin strukturunun dəyişdirilməsi baxımından mühüm rol oynayıb.

Onun sözlərinə görə, hazırda bankların ümumi öhdəliklərinin 76,4 faizi və ya 41,8 milyard manatı depozit portfelinin payına düşür. Depozit portfelinin 57,4 faizini hüquqi şəxslərin, 42,6 faizini isə fiziki şəxslərin əmanətləri təşkil edir.

Fiziki şəxslərin əmanət portfelinin 64,7 faizi müddətli əmanətlərdən ibarətdir. Güzəştlərin tətbiqindən sonra unikal əmanətçilərin sayı 106,7 mindən 226,1 minədək yüksəlib. Unikal müddətli əmanətçilərin sayı isə ilin əvvəlindən 16,4 faiz artıb.

Vüqar Bayramov bildirib ki, üç il əvvəl qəbul edilən güzəştlər bank sektorunda əmanətlərin strukturuna əhəmiyyətli təsir göstərib. Bununla yanaşı, Mərkəzi Bankın sağlamlaşdırma tədbirləri və islahatların dərinləşdirilməsi də bu prosesdə mühüm rol oynayıb.

Deputatın fikrincə, 2030-cu il üçün müəyyənləşdirilən hədəflərdən biri biznes kreditlərinin payının artırılmasıdır. Bunun üçün bankların uzunmüddətli depozit resurslarına ehtiyacı var. Eyni zamanda, uzunmüddətli əmanətlərin təşviqi M0 pul aqreqatının payının azaldılması baxımından da əhəmiyyətlidir.

O qeyd edib ki, vergi güzəştlərinin iqtisadi səmərəsi qısamüddətli fiskal gəlirlərdən daha geniş perspektivdə qiymətləndirilməlidir. Belə ki, hər 1 milyard manatlıq əmanət üzrə orta hesabla 8 faiz gəlirlilik və 10 faizlik gəlir vergisi nəzərə alındıqda, güzəştlərin davam etdirilməsinin uzunmüddətli iqtisadi faydası xüsusi əhəmiyyət daşıyır.

Deputat əlavə edib ki, əmanətlər üzrə vergi güzəştlərinin müddətinin uzadılması məsələsi Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında da müzakirəyə təqdim olunub.

Onun qənaətinə görə, uzunmüddətli əmanətlərin təşviqi, bank sektorunda aparılan islahatların dəstəklənməsi və depozit portfelində uzunmüddətli öhdəliklərin payının artırılması baxımından mövcud güzəştlərin davam etdirilməsi vacibdir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər