Deputat: Azərbaycan üçün qaz ixrac etdiyimiz ölkələrin sayının artması mühüm iqtisadi faydalar vəd edir

“Azərbaycan qazının Avstriya və Almaniya bazarlarına tədarükü iqtisadi ve geo-siyasi cəhətdən mühüm hadisədir. Azərbaycanın enerji strategiyasının mühüm tərkib hissəsi olan ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində atılan bu növbəti addım ölkəmizin etibarlı tərəfdaş statusundan qaynaqlanır”.
ERAmedia-nın məlumatına görə, bu sözləri Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.
Onun sözlərinə görə: “Tədarüklər Avropanın enerji təhlükəsizliyinə töhfə verən Cənub Qaz Dəhlizi çərçivəsində, onun Avropa seqmenti olan Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə həyata keçirilir. Qaz axınları İtaliya üzərindən Avstriya və Almaniya istiqamətinə yönləndirilir. Bu mərhələ Azərbaycan qazının Avropadakı mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir. Yeni bazarların əlavə olunması ilə Azərbaycan qazını idxal edən ölkələrin sayı 16-ya çatıb. Tədarükün institusional çərçivəsi əvvəlcədən formalaşdırılmış uzunmüddətli tərəfdaşlıqlara əsaslanır. Xüsusilə, 2025-ci ilin iyun ayında Almaniyanın SEFE şirkəti ilə bağlanmış 10 illik müqavilə çərçivəsində illik tədarük həcmlərinin mərhələli şəkildə artırılaraq təxminən 1,5 milyard kubmetr (bcm) səviyyəsinə çatdırılması nəzərdə tutulur. Avstriya istiqamətində isə tədarükün ildə 1 bcm-ə qədər ola biləcəyi qeyd olunur”.
Tahir Mirkişili qeyd edub ki, hazırkı genişlənmə TAP infrastrukturunda ötürmə imkanlarının artırılması fonunda reallaşır: 2026-cı ildən etibarən kəmərin əlavə 1,2 bcm güc artımı təmin edildiyi bildirilir.
“Bu layihə Avropada təchizatın diversifikasiyasına, regionun enerji dayanıqlılığına və uzunmüddətli kommersiya tərəfdaşlıqlarının möhkəmlənməsinə xidmət edən strateji mərhələdir. Yaşıl enerji sahəsində qoyuluş güclərini artıran Azərbaycan üçün qaz ixrac etdiyimiz ölkələrin sayının artması mühüm iqtisadi faydalar vəd edir”.
Mələk Onur










