media-17829160314468854775_1200x630

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin mətbuata bəyanatları Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələnin başlandığını göstərir.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, dövlət başçısının da vurğuladığı kimi, Avropa Komissiyası ilə Azərbaycan arasında münasibətlər çox mühüm mərhələyə qədəm qoyub.

Deputatın sözlərinə görə, Avropa İttifaqı uzun müddətdir Azərbaycanın əsas ticarət tərəfdaşıdır. O qeyd edib ki, 2025-ci ildə Azərbaycanın 43 milyard 830 milyon dollarlıq ticarət dövriyyəsinin 42 faizdən çoxu Avropa İttifaqının payına düşüb. Azərbaycanın 22 milyard 642 milyon dollarlıq ümumi ixracının isə 69 faizi ittifaq ölkələrinə yönəlib. Xarici ticarət dövriyyəsinin dörddə biri Avropa İttifaqına üzv olan İtaliyanın payına düşür.

Vüqar Bayramov bildirib ki, Azərbaycanın illik 25,2 milyard kubmetrlik qaz ixracının 12,8 milyard kubmetri Avropaya nəql edilir. Onun sözlərinə görə, Azərbaycanın təbii qaz ixrac etdiyi ölkələrdən 10-nun Avropa İttifaqının üzvü olması ölkəmizin Avropanın enerji bazarında mühüm tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.

Deputat vurğulayıb ki, son beş ildə Azərbaycan Avropaya 60 milyard kubmetrə yaxın təbii qaz ixrac edib və hazırda Avropa İttifaqına qaz ixrac edən ölkələr arasında ilk beşlikdə yer alır. O əlavə edib ki, Azərbaycan qazı artıq yalnız Mərkəzi və Şərqi Avropa deyil, Qərbi Avropa bazarına da daxil olmaqdadır.

Vüqar Bayramov qeyd edib ki, əməkdaşlığın yeni mərhələsində Azərbaycan yaşıl enerji ixracatçısı kimi də Avropa bazarında təmsil olunacaq. Onun sözlərinə görə, Gürcüstan ərazisi və Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan enerji xətti vasitəsilə Azərbaycanda bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin 2027-ci ildən sonra Avropa İttifaqına ixracı mümkün olacaq. Bu isə Azərbaycanın gələcəkdə təkcə ənənəvi enerji resursları deyil, innovativ enerji məhsulları ilə də Avropa bazarında mövqeyini gücləndirəcəyini göstərir.

Deputat bildirib ki, Azərbaycan eyni zamanda Avropa ilə Mərkəzi Asiya arasında mühüm nəqliyyat və logistika körpüsü rolunu oynayır. O hesab edir ki, regional nəqliyyat dəhlizlərinin genişləndirilməsi və Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin intensivləşməsi ölkə üzərindən daşınan yüklərin həcmini artıracaq, Avropanın Şərq istiqamətində, o cümlədən Naxçıvan üzərindən daha rahat çıxış imkanları formalaşdıracaq.

Vüqar Bayramov sonda vurğulayıb ki, son səfər və keçirilən müzakirələr Azərbaycanın geosiyasi mövqeyinin daha da gücləndiyini təsdiqləyir. Onun fikrincə, regionda formalaşan yeni geosiyasi düzən əməkdaşlığın genişlənməsi üçün mühüm imkanlar yaradır.


media-adspc

Bənzər xəbərlər