Deputat: Qarabağ və Şərqi Zəngəzur müasir şəhərsalma nümunəsinə çevrilir
Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı ölkəmizin şəhərsalma sahəsində əldə etdiyi uğurlardan və qarşıda duran əsas vəzifələrdən danışıb.
ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Bakı WUF13-ə ev sahibliyi etməklə növbəti mühüm beynəlxalq uğura imza atıb. Deputatın sözlərinə görə, 182 ölkədən 40 mindən artıq nümayəndənin iştirak etdiyi forum indiyədək keçirilən ən böyük Ümumdünya Şəhərsalma Forumlarından biri hesab olunur.
Vüqar Bayramov qeyd edib ki, Prezident İlham Əliyev çıxışında xüsusilə 30 illik Ermənistan işğalı dövründə tamamilə dağıdılmış Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma və bərpa işlərinə diqqət çəkib. Deputat vurğulayıb ki, Azərbaycan qısa müddətdə işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi istiqamətində mühüm nəticələr əldə edib.
Onun sözlərinə görə, dövlət büdcəsindən ayrılmış 23 milyard manatdan artıq vəsait hesabına artıq 85 minə yaxın vətəndaşın Qarabağ və Şərqi Zəngəzurda məskunlaşması, işləməsi və təhsil alması təmin olunub. Deputat bildirib ki, bölgədə məskunlaşan və çalışan insanların sayı hər həftə artmaqdadır.
Vüqar Bayramov əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə artıq 40-dan çox yaşayış məntəqəsində məskunlaşma həyata keçirilib. “Böyük Qayıdış” proqramı çərçivəsində 8 şəhərin Baş planı, 3 şəhərin Müfəssəl planı və 101 yaşayış məntəqəsi üzrə şəhərsalma əsaslandırması təsdiqlənib. Yaxın illərdə Qarabağ və Şərqi Zəngəzurda 200-ə yaxın şəhər, qəsəbə və kəndin müasir şəhərsalma standartlarına uyğun şəkildə yenidən qurulmasının planlaşdırıldığı diqqətə çatdırılıb.
Deputat hesab edir ki, bölgədə həyata keçirilən genişmiqyaslı infrastruktur və şəhərsalma layihələri yalnız Qarabağ və Şərqi Zəngəzurun deyil, bütövlükdə regionun iqtisadi inkişafına və reinteqrasiyasına mühüm töhfə verir. Onun fikrincə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət regionda davamlı sülhün və inkişafın təmin olunmasına xidmət edir.
Vüsalə









