media-17827462024779621112_1200x630

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyaya uyğun olaraq ölkədə qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edəcək konkret Yol xəritəsi müəyyənləşdirilib.

Deputatın sözlərinə görə, əsas məqsədlərdən biri Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir.

Vüqar Bayramov qeyd edib ki, qlobal iqtisadi artım təxminən 3 faiz səviyyəsində dəyişdiyi halda, süni intellekt tərəfindən yaradılan əlavə dəyərin illik artımı 20 faizdən çoxdur. Onun sözlərinə görə, növbəti onillikdə bu sahədə artımın 30 faizə çatacağı proqnozlaşdırılır.

Deputat vurğulayıb ki, bu göstəricilər artıq qlobal rəqabətin təkcə ənənəvi sektorlar deyil, həm də süni intellekt və rəqəmsal inkişaf istiqamətində getdiyini təsdiqləyir. Onun fikrincə, Azərbaycanda həyata keçirilən sistemli tədbirlər həm iqtisadi diversifikasiyanı sürətləndirəcək, həm də innovativ sektorlar hesabına iqtisadi artımın dəstəklənməsinə imkan yaradacaq.

Vüqar Bayramov bildirib ki, Yol xəritəsində əksini tapan mühüm istiqamətlərdən biri də qanunvericilik bazasının daha da möhkəmləndirilməsidir. O qeyd edib ki, “Kraudfandinq haqqında” qanun layihəsi artıq Milli Məclisə təqdim olunub və sənədin qəbulu startaplar da daxil olmaqla kiçik və orta sahibkarların rəqəmsal maliyyə resurslarına çıxış imkanlarını genişləndirəcək.

Deputatın sözlərinə görə, beynəlxalq təcrübə süni intellekt və rəqəmsal inkişaf sahəsində startapların mühüm rol oynadığını göstərir. Bu baxımdan, “Startaplara Dövlət Dəstəyi haqqında” qanun layihəsinin hazırlanması və qəbul edilməsi məqsədəuyğun olardı. O hesab edir ki, belə bir qanun startapların maliyyə resurslarına çıxışını artırmaqla onların süni intellekt və rəqəmsal inkişaf sahəsində rolunu daha da gücləndirəcək.

Vüqar Bayramov əlavə edib ki, həyata keçirilən tədbirlər Azərbaycanın regional süni intellekt habına çevrilməsi üçün əlverişli zəmin yaradır. Onun sözlərinə görə, Davos Forumunun Regional Dördüncü Sənaye İnqilabı Mərkəzinin fəaliyyət göstərdiyi Azərbaycanda süni intellektin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir.

Deputat bildirib ki, Azərbaycanın süni intellekt və rəqəmsallaşma sahəsində regional drayver dövlətə çevrilməsi iqtisadiyyatın şaxələndirilməsinə mühüm töhfə verəcək və innovasiya ekosisteminin keyfiyyətcə yeni mərhələyə keçməsi üçün möhkəm baza formalaşdıracaq.

Vüqar Bayramov qeyd edib ki, hazırda qeyri-neft ümumi daxili məhsulunun 2,8 faizi informasiya-kommunikasiya texnologiyaları sektorunun payına düşür və bu, təxminən 3,3 milyard manatlıq rəqəmsal iqtisadiyyat deməkdir. Deputatın fikrincə, bu istiqamətdə imzalanan yeni əməkdaşlıq və tərəfdaşlıq anlaşmaları rəqəmsal sektorun iqtisadiyyatda payının daha da artırılması üçün əlavə imkanlar yaradacaq.

Vüsalə


media-adspc

Bənzər xəbərlər