Deputatdan 2027-ci ilin büdcəsi ilə bağlı mühüm MESAJLAR
“Ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi, həyata keçirilən mühüm iqtisadi layihələr, artan investisiya imkanları və əldə olunan sosial-iqtisadi nailiyyətlər Azərbaycanın ardıcıl və məqsədyönlü inkişaf strategiyasının nəticəsidir”.
ERAmedia xəbər verir ki, bunu deputat Aydın Hüseynov Milli Məclisdə 2027-ci il büdcəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, bu uğurlar bir mənalı olaraq Prezident İlham Əliyevin iradəsi, qətiyyəti, eləcədə düşünülmüş və ardıcıl siyasəti sayəsində reallaşır:
“Bu siyasətin mahiyyətində isə ilk növbədə Azərbaycan vətəndaşı, onun təhlükəsizliyi, rifahı və gələcək inkişafı dayanır.
Dövlətin güclənməsi, iqtisadiyyatın inkişafı və ölkənin beynəlxalq nüfuzunun artması son nəticədə vətəndaşların daha yaxşı yaşaması, onların sosial müdafiəsinin gücləndirilməsi və gələcək imkanlarının genişləndirilməsi məqsədinə xidmət edir”.
O əlavə edib ki, cənab Prezidentin rəhbərliyi ilə ölkədə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, sənayeləşmə, sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin yaradılması və regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm addımlar atılıb:
“Azərbaycan Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayır. Bütün bunlar ölkəmizin beynəlxalq nüfuzunun artmasına da təsir göstərir. Ölkəmizin həyata keçirdiyi müstəqil siyasət, iqtisadi potensialı və beynəlxalq təşəbbüsləri Azərbaycanın orta güc dövləti kimi səciyyələndirilməsinə əsas yaradır.
Ən mühüm məsələ isə ondan ibarətdir ki, iqtisadi inkişafımız ölkəmizin siyasi və iqtisadi müstəqilliyini daha da möhkəmləndirir.
İqtisadiyyat inkişaf etdikcə, yeni istehsal və xidmət sahələri formalaşdıqca, sahibkarlıq genişləndikcə dövlətin maliyyə imkanları da artır.
Bunun məntiqi nəticəsi olaraq dövlət büdcəsinin gəlir bazası möhkəmlənir, sosial və iqtisadi layihələrin maliyyələşdirilməsi üçün daha geniş imkanlar yaranır.
Başqa sözlə, dayanıqlı dövlət büdcəsi dayanıqlı iqtisadi inkişafın nəticəsidir.
İndi müzakirə etdiyimiz 2027-ci ilin dövlət büdcəsi də məhz həmin inkişaf siyasətinin davam etdirilməsinə xidmət edən mühüm sənəddir.
Dövlət büdcəsi ölkənin iqtisadi gücünü, dövlətin sosial məsuliyyətini və qarşıdakı dövr üçün müəyyən etdiyi inkişaf hədəflərini özündə əks etdirir”.
Aydın Hüseynov hesab edir ki, Azərbaycanın formalaşdırdığı iqtisadi modelin əsas üstünlüyü iqtisadi inkişafla sosial siyasətin vəhdət təşkil etməsidir:
“2027-ci ildə sosialyönümlü xərclərin 18,7 milyard manat olması nəzərdə tutulur. Müdafiə və milli təhlükəsizlik üçün 8,8 milyard manat, təhsil və elm üçün 5,4 milyard manat, sosial müdafiə və sosial təminat üçün 4,9 milyard manat, səhiyyə üçün isə 2,1 milyard manat vəsait ayrılması planlaşdırılır. Bu rəqəmlər göstərir ki, dövlət ölkənin təhlükəsizliyini, insanların sosial rifahını və iqtisadi inkişafı əsas prioritet hesab edir”.
Deputat onu da qeyd edib ki, büdcənin əsas məqsədi yalnız vəsait ayırmaq deyil:
“Əsas məsələ həmin vəsaitin düzgün və səmərəli istifadə olunmasıdır. Ayrılan vəsait insanların həyatında real dəyişiklik yaratmalıdır.
İndi isə təmsil etdiyim Qaradağ rayonu ilə bağlı fikirlərimi bildirmək istəyirəm.
Qaradağ rayonu Bakı şəhərinin və bütövlükdə ölkəmizin iqtisadi həyatında mühüm yer tutur. Rayonun sənaye, nəqliyyat və logistika sahəsində böyük potensialı var. Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, sənaye müəssisələri və istehsal sahələri Qaradağın iqtisadi əhəmiyyətini daha da artırır. Bu layihələr rayonumuzun, həm də ölkəmizin iqtisadi inkişafında əhəmiyyətli rol oynayır.
Burada yaşayan insanların sosial problemləri də daim diqqət mərkəzində olmalıdır.
Qəsəbələrdə yolların yenilənməsi, içməli su və kanalizasiya problemlərinin həlli, məktəblərin təmiri, səhiyyə xidmətlərinin yaxşılaşdırılması və yeni iş yerlərinin yaradılması əsas məsələlərdəndir.
Hesab edirəm ki, qarşıdakı dövrdə Qaradağın inkişafı üçün bir neçə istiqamətə xüsusi diqqət yetirilməlidir.
İlk növbədə, qəsəbələrin yol və kommunal infrastrukturu yaxşılaşdırılmalıdır. Təhsil və səhiyyə müəssisələrinin imkanları genişləndirilməlidir.
Ekoloji problemlərin həllinə daha çox diqqət ayrılmalıdır.
Eyni zamanda, rayonun sənaye potensialından daha səmərəli istifadə edilməli, sahibkarlıq inkişaf etdirilməli və xüsusilə gənclər üçün yeni iş yerləri yaradılmalıdır.
2027-ci ilin dövlət büdcəsindən də əsas gözləntimiz bu məsələlərin həllinə dəstəyin artırılmasıdır”.
Deputat eyni zamanda dövlət büdcəsinin xərclərinin səmərəliliyi ilə bağlı bir məsələyə diqqət çəkərək deyib ki, dövlət büdcəsinin əsas məqsədlərindən biri insanların sosial rifahının yüksəldilməsidir:
“Bunun ən mühüm yollarından biri də məşğulluğun təmin edilməsidir. Yəni, ayrılan vəsait hesabına nə qədər insanın işlə təmin olunacağı, neçə müvəqqəti və daimi iş yerinin yaradılacağı əvvəlcədən proqnozlaşdırılmalıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas məqsədi güclü dövlət, dayanıqlı iqtisadiyyat və yüksək sosial rifahdır.
Bizim əsas vəzifəmiz bu siyasətin nəticələrinin ölkənin bütün bölgələrində, o cümlədən Qaradağ rayonunda daha aydın hiss olunmasına çalışmaqdır.
Hesab edirəm ki, dövlət büdcəsindən ayrılan hər bir vəsait ölkəmizin inkişafına və vətəndaşlarımızın rifahına xidmət edəcək”.
Vural









