media-f5014e84-3a4d-40d5-8da8-742f85abd6ce
İlham ZEYNALLI,
Jurnalist-publisist
Əvvəli LİNK
“Hərbi vətənpərvərlik və salnamə” redaksiyası tam formalaşdıqdan bir müddət sonra birləşmiş radio şöbəsi də fəaliyyətə başladı. Şöbəyə rəhbərlik uzun illər radioda çalışmış təcrübəli jurnalist Bəxtiyar Bəxtiyarova həvalə edilmişdi. İndi tanınmış jurnalistlər olan Eldəniz Elgün, onun qardaşı Şöhrət El-Dəniz də bir müddət hərbi redaksiyanın radio şöbəsində çalışdılar. O vaxtlar televiziya və radioda kənar müəlliflərin əməkdaşlığa cəlb olunması geniş yayılmışdı. Bir gün redaksiyaya F.R adlı yeni bir kənar müəllifin də gəldiyini gördük. Öyrəndik ki, F.R Teleradio Şirkətinin rəhbərliyində təmsil olunan bir şəxsin tapşırığı ilə bizə göndərilib. Qısa müddətdən sonra məlum oldu ki, yazı-pozu, qələm adamı olmasına baxmayaraq, teleradio ilə bağlı heç bir təsəvvürü olmayan, təcrübəsiz biridir. Dəhşətli dərəcədə ləhcə ilə danışır, bütün danışıq və hərəkətlərindən jurnalistikanın, xüsusən teleradionun “mətbəxindən” xəbərsiz olduğu aydın sezilirdi. Məsələn, AzTV-nin adından müxtəlif dövlət qurumlarına zəng edir, hansısa nöqsanlarla bağlı iradlarını bildirir və onların aradan qaldırılmasını tələb edirdi. O qədər qeyri – peşəkar və primitiv hərəkətlər edirdi ki, istər – istəməz adamda qıcıq və gülüş doğururdu. Necə deyərlər, bərəyə təzə “ov” gəlmişdi. Qısa müddətdən sonra artıq onunla bağlı maraqlı “məzhəkələr”in ssenarisi cızılır, redaksiyanın kluarlarında qızğın “müzakirələr” gedirdi…
media-622696124_1565792804696586_8636659582141183417_n
Bir gün işə gələndə gördüm ki, F.R-i radioda efirə gedən süjeti ilə bağlı təbrik edirlər. Bu qardaş da xoş və məmnun ovqatla təbrikləri qəbul edir, özünü az qala göyün yeddinci qatında hiss etdiyi aydınca görünürdü. Tezliklə redaksiyada baş redaktorun iştirakı ilə “çaparaq” deyilən qisa bir iclas da keçirildi. F- nin nəzərinə çatdırıldı ki, nitqində ciddi qüsurlar var və ona görə də onun verilişlərini başqa əməkdaş və ya diktor səsləndirəcək. Bu səbəbdən də öz üzərində işləməli, rejissor və diktorların köməyi ilə nitqini təkmilləşdirməlidir. Əlbəttə, hamı istəyər ki, öz verilişini özü aparsın, özü səsləndirsin. Belə məsələlərdə olduqca operativ olan və əvvəlki yazılardan “itoynadan”lığı ilə hamının yaxşı tanıdığı Rövşən Nicat dərhal “öz köməyini” təklif etdi. Radionun məşhur diktorlarından olan rəhmətlik Bəxtiyar Şərifzadə ilə danışıb xahiş etdi ki, təzə əməkdaşa nitq mədəniyyəti və orfoepiya qaydaları ilə bağlı ustad dərsləri keçsin. Əslində, bu, bizim normal anlamda bildiyimiz dərs deyildi, lağlaği üçün qurulan “məzhəkə” idi. Tezliklə guya Şirkətin aidiyyatı rəhbər şəxslərinin təsdiq etdiyi qiymətləndirmə cədvəli hazirlandı. Həmin cədvəldə nitq mədəniyyətinin az-çox bildiyimiz müxtəlif parametrləri ilə yanası, olduqca absurd və əndrabadi bəndlər də yazılmışdı. Ağlı – başı yerində olan istənilən adam bunun bir lağlağlağı olduğunu aydın hiss edə bilərdi. Bəxtiyar müəllimi yalvar – yaxar, xahiş – minnətlə üzdən – gözdən salır, otağa gəlib “dərs ” keçməsini xahiş edirdik. Təxminən bir həftəyə qədər davam edən o “dərslər” zamanı nələr yaşanırdı, nələr…Əsl pulsuz komediya teatrı idi. Gülməkdən uğunub gedir, bu işdən vaz keçmək istəyən Bəxtiyar müəllimə ilan dili çıxarırdıq ki, bir az da davam etsin.
media-622724582_1565792831363250_5548671036937477687_n
Həmin məlum verilişdən sonra radioda işləyən bir xanım əməkdaş bizim xahişimizlə F-ə zəng vurub verilişini dinlədiyini, onun səsindən xoşu gəldiyini və tanış olmaq istədiyini dedi. Beləcə, bir – iki dəfə danışıqdan sonra görüşməyi qərara aldılar. Biz oturmuşuq otaqda, bu da həmin xanımla görüşü vədələşir. “Boyum bu qədərdir, əynimdə bu rəngdə paltar, əlimdə qəzet olacaq. Saat 17-də “Bakı Soveti” metrosunun (indiki “İçərişəhər”) qarşısında görüşürük.”
media-624195234_1565792871363246_413736015580979472_n
Dostların xahişi və həm də öz istəyimlə “hadisə yeri”ni müşahidə edib məlumat vermək mənə həvalə olundu. Saat 16.30-da “hadisə” yerindəyəm. Metronun sağ tərəfində – Baki Şəhər İcra Hakimiyyəti istiqamətində qəzet köşkünün yanında dayanıb bunu izləyirəm. Hərif əlində qəzet düz metonun qarşısında dayanıb həsrət və nigarançılıqla çıxış qapılarına boylanır. Hər dəfə dəstə ilə adamlar cıxanda düz qapıya yaxınlaşır, dörd gözlə cavan xanımlara baxaraq sanki : “bu mənəm, bax burdayam”- deyirdi. Həmin vəziyyəti tam dolğunluğu ilə təsəvvür etmək üçün onu yalnız görmək lazımdı. Hər 5 dəqiqədən bir Baki Şəhər İcra Hakimiyyətinin girişində divardakı jetonsuz işləyən avtomat telefondan uşaqlara zəng vurub , “obyekt ərazidədir, hələ də gözləyir ” – deyə “məruzə edirdim.” Bir xeyli muşahidə apardıqdan sonra evə getməyi qərara aldım. Metroya girəndə rastlaşdıq, adam gözlədiyini dedi və sağollaşıb ayrıldıq…
Amma dostumuzun “macəraları” bununla bitmədi. Tez – tez bizimlə söhbətində jurnalistikada təsadüfi adam olmadığını, bir çox qəzetlərdə işlədiyini, yazılarının, şeirlərinin, məqalələrinin çap olunduğunu deyirdi. Hətta inanmağımız üçün yazılarının çap olunduğu bir – iki qəzet də gətirdi. Onların arasında o dövrdə siyasi hakimiyyətə və dövlətə müxalif olan bir qəzet də var idi. Amma onun yazısı neytral mövzuda adi, siradan bir məqalə idi. Bunu biləndə guya “canıyananlıqla” ona dedik ki, o qəzetdə yazının çap olunmasını kimsəyə bildirmə, ola bilər ki, işinə problem yaranar. Bunu eşidəndən sonra F.R həyəcan keçirməyə başladı, qorxuya düşdüyü aydın hiss olunurdu. Özünü Dostayevskinin “Cinayət və cəza” romanının qəhrəmanı Roskolnikov kimi aparırdı. “Çox yeyən quş dimdiyindən, çox danışan insan dilindən tora düşər”- deyiblər. Dostumuz da eynən bu vəziyyətdə idi. Kənardan redaksiyaya gəlib baş redaktorun yanına girən rəsmi geyimli hər bir şəxs onu şübhələndirirdi. Artıq özündən asılı olmadan qulağı səsdə , ürəyi səksəkədə idi. Bu vəziyyət bir neçə gün davam elədi. Bir gün kostyumlu -qalstuklu, təlimatlandırılmış bir dostumuz redaksiyaya təşrif buyurdu. Tez -tez bizim otağa girib -çıxması, arada mənalı baxışlarla F-ni süzməsi, bizi ayrı -ayrılıqda kənara çəkib pıçıltı ilə guya nəsə soruşması, telefonla harasa zəng edib: “bəli, araşdırmışıq, məlumatlar dəqiqdir, məncə də götürmək lazımdır”- kimi sözlər deməsi onu daha da qorxuya saldı. Bir azdan him-cimlə növbəti addımı koordinasiya etmək üçün qonşu otağa toplaşdıq. Bir xeyli danışıb -gülüb öz otağımıza qayıdanda gördük ki, F.R yoxdu. Həyətə çıxıb baxanda F-nin Şirkətin giriş qapısından çıxıb iti addımlarla üzüaşağı yeridiyini gördük …
….İllər sonra iş yoldaşlarımızdan biri ilə təsadüfi görüşdə “başına gələnləri” nəql edib canını güclə qurtardığını, hətta bir müddət doğulduğu kəndə gedib gizləndiyini demişdi…
ARDI VAR…

media-adspc

Bənzər xəbərlər