media-etibar

Deputat Səyyad Aranın parlamenti “danışmaqxana” adlandırması yumor deyil, dil oyunudur.

ERAmedia-nın məlumatına görə, təhsil eksperti Etibar Əliyev bu fikri bölüşərək məsələyə avstriyalı filosof Lüdviq Vitgenşteynin dil fəlsəfəsi kontekstində yanaşıb.

Etibar Əliyev qeyd edib ki, “Azərbaycan dilinin izahlı lüğəti”ndə “danışmaqxana” sözü yer almır. Lakin bu ifadənin mənasını anlamaq üçün Vitgenşteynin dil haqqında fəlsəfi yanaşmasına müraciət etmək mümkündür.

Ekspertin diqqətə çatdırdığına görə, uzun illər orta məktəbdə, daha sonra isə Kembric Universitetində dərs demiş Lüdviq Vitgenşteyn Qərbdə XX əsrin ən görkəmli filosoflarından biri hesab olunur. Filosof dilin ənənəvi anlayışına tənqidi yanaşaraq sözlərin mənasının onların ifadə etdiyi obyektlə deyil, istifadəsi ilə müəyyənləşdiyini irəli sürüb.

Etibar Əliyevin izahına görə, Vitgenşteynin yanaşmasında sözlərin mənası onların konkret şəraitdə necə işlədilməsindən asılıdır. Çünki eyni sözlərdən uşaqlar və yaşlılar, alimlər və qeyri-alimlər fərqli şəkildə istifadə edə bilərlər. Bu isə dilin yalnız qrammatika və məntiq qaydaları ilə məhdudlaşmadığını göstərir.

Ekspert vurğulayıb ki, insanlar sözlərdən istifadə etməklə bir-birinə öz haqlılıqlarını sübut etməyə çalışır, bir-birinə inanır və ya inanmırlar. Bu baxımdan dil həyatın formasıdır və həyat dildə gerçəkləşir.

Vitgenşteynin fəlsəfəsində dil həm də oyun fəaliyyətinin forması kimi təqdim olunur. Dil oyunlarının qaydaları əvvəlcədən müəyyənləşdirilmir, onlar cəmiyyətin həyatında və ünsiyyət prosesində formalaşır. Sözlərin mənası da məhz bu prosesdə yaranır.

Etibar Əliyevin diqqətə çatdırdığı digər məqam dil oyunlarında inanc, inam və etiqad kimi fenomenlərin əhəmiyyətidir. İnsanlar ayrı-ayrı cümlələrə deyil, bütöv cümlələr sisteminə inanırlar. Dil oyunlarında gerçəkləşən həyatın bütövlüyü isə tədricən müəyyənləşir.

Ekspertin təqdim etdiyi fəlsəfi yanaşmaya əsasən, dil oyununun qaydalarını bilməyənlər yanlışlığa yol verə və həyatın müxtəlif sahələrində uğursuzluqla üzləşə bilərlər. Bu kontekstdə “danışmaqxana” ifadəsi də lüğətdəki söz mövcudluğu ilə deyil, onun hansı məna və məqsədlə işlədilməsi ilə dəyərləndirilə bilər.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər