Dünyadan təcrid olunmuş yerli qəbilə ilk dəfə bir şey istədi
Braziliyanın Maranyan ştatında xarici dünya ilə ünsiyyətdən yayınan, təxminən 20 nəfərdən ibarət Ava (Awá) yerli icmasının hökumət nümayəndələrinə yaxınlaşaraq yemək istədiyi bildirilir.
ERAmedia xəbər verir ki, nadir rast gəlinən bu təmas bölgədə təcrid olunmuş yerli icmaların yaşayış şəraitinə diqqəti yenidən artırıb.
Böyük Britaniyada fəaliyyət göstərən “Survival International” təşkilatı Braziliyanın şimal-şərqində yerləşən Maranyan ştatında bazar ertəsi baş verdiyi bildirilən qarşılaşmanın görüntülərini çərşənbə axşamı yayımlayıb. Təşkilat onilliklər ərzində Ava xalqı ilə bu cür qarşılaşmanın qeydə alınmadığını bildirərək hadisəni “tarixi” adlandırıb.
“Survival International” xarici dünyanın mövcudluğundan xəbərdar olsalar da, kənardan gələn insanlarla təmasdan yayınan və onlarla davamlı münasibət qurmayan yerli icmaları “təmasda olmayan xalqlar” kimi xarakterizə edir.
Braziliyanın Yerli Xalqlar üzrə Milli Fondu (Funai) bildirir ki, Maranyan ştatının şimal-qərbində yaşayan tupi-quarani xalqlarına mənsub Ava icmasının bir hissəsi könüllü şəkildə təcrid olunmuş həyat tərzini davam etdirir.
Funai “Reuters” agentliyinə açıqlamasında təcrid olunmuş Ava icmasının Maranyan ştatındakı Araribóia yerli ərazisində yerləşən kəndin sakinləri ilə təmasda olduğunu göstərən görüntüləri və sosial şəbəkələrdə yayılan məlumatları araşdırdığını bildirib. Qurum yerli əhalinin üzləşə biləcəyi sağlamlıq risklərini minimuma endirmək məqsədilə təmas halları üçün nəzərdə tutulmuş fövqəladə fəaliyyət planını işə salıb.
Funai Braziliyanın bu icma ilə birbaşa təmas qurmamaq siyasətini davam etdirəcəyini açıqlayıb.
Amazon meşələrində təcrid olunmuş icmalar təhlükə altındadır
Amazon meşələrində təcrid olunmuş şəkildə yaşayan yerli icmalar son illərdə qanunsuz mədənçilik, meşələrin qırılması, ovçuluq və heyvandarlıq fəaliyyətlərinin təzyiqi ilə üzləşirlər.
“Survival International” təşkilatının direktoru Kerolayn Pirs bildirib ki, Ava xalqının torpaqlarına hər tərəfdən müdaxilə edilir və icma getdikcə kiçilən meşə ərazisində yaşamağa məcbur qalır.
Təşkilat Cənubi Amerika, Asiya və Sakit okean regionunda yerləşən 10 ölkədə xarici dünya ilə təmas qurmayan 196 yerli icmanın mövcudluğunu müəyyən edib. Bu icmaların təxminən 95 faizi Amazonda, 124-ü isə Braziliyada yaşayır.
Maranyan Yerli Xalqlar Təşkilatı (COAPIMA) isə plansız təmasların təcrid olunmuş icmaları müxtəlif xəstəliklərə və digər təhlükələrə məruz qoya biləcəyini vurğulayaraq aidiyyəti qurumları ehtiyatlı davranmağa çağırıb.
Vural









