Dünyanın gözlədiyi XƏBƏR gəldi – Diqqətçəkən Türkiyə DETALI
ABŞ ilə İran arasında müharibənin dayandırılmasına yönəlmiş diplomatik təmaslar intensivləşib.
ERAmedia xəbər verir ki, ABŞ mətbuatının yaydığı məlumata görə, tərəflər 45 günlük atəşkəs planını müzakirə edir.
Məlumata əsasən, plan iki mərhələdən ibarətdir. Birinci mərhələdə 45 günlük müvəqqəti atəşkəsin əldə olunması və bu müddət ərzində daimi sülh üçün danışıqların aparılması nəzərdə tutulur. İkinci mərhələdə isə müharibənin tam dayandırılmasını təmin edəcək genişmiqyaslı razılaşmanın əldə edilməsi planlaşdırılır.
Diplomatik mənbələr bildirir ki, Hörmüz boğazının tam şəkildə yenidən açılması və İranın yüksək səviyyədə zənginləşdirilmiş uran proqramı kimi kritik məsələlərin yalnız yekun razılaşma mərhələsində müzakirə olunması gözlənilir.
Danışıqların Türkiyə, Misir və Pakistanın vasitəçiliyi ilə aparıldığı qeyd olunur. Həmçinin ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında birbaşa mesajlaşma yolu ilə təmasların qurulduğu bildirilir.
ABŞ rəsmisi açıqlayıb ki, Donald Trampın rəhbərlik etdiyi administrasiya son günlərdə İrana bir neçə təklif təqdim edib, lakin Tehran hələlik bu təklifləri qəbul etməyib. Danışıqların davam etdiyi bir vaxtda mümkün atəşkəsin müharibənin gedişatına ciddi təsir göstərə biləcəyi vurğulanır.
Xatırladaq ki, ABŞ və İsrail tərəflər arasında danışıqlar davam etdiyi bir dövrdə fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. İran isə buna cavab olaraq İsraillə yanaşı, ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn də daxil olmaqla bəzi regional hədəflərə zərbələr endirib.
ABŞ-İsrail hücumları nəticəsində İranın o dövrdəki ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslərin həlak olduğu bildirilir.
Vüsalə










