media-1782822347_1755164822_edv

Sahibkarların maliyyə imkanlarının genişləndirilməsi istiqamətində daha bir mühüm dəyişiklik gündəmdədir.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, “Vergi Məcəlləsi”nə təklif edilən dəyişikliklər parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunaraq plenar iclasa tövsiyə edilib.

Deputatın sözlərinə görə, dəyişikliklər qəbul ediləcəyi təqdirdə neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor nümayəndələri ƏDV depozit hesablarında olan vəsaitlərdən Dövlət Sosial Müdafiə Fonduna sosial ödənişlərin həyata keçirilməsi üçün istifadə edə biləcəklər. Bu isə sahibkarların depozit hesablarından istifadə imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək.

Vüqar Bayramov qeyd edib ki, yeni qaydalar vergi ödəyicilərinin ƏDV depozit hesablarındakı vəsaitlərdən daha səmərəli istifadə etməsinə, sosial öhdəliklərin icrası üçün əlavə maliyyə imkanlarının formalaşmasına və nəticə etibarilə qeyri-neft-qaz özəl sektorunda fəaliyyət göstərən sahibkarların dəstəklənməsinə xidmət edəcək.

Deputat vurğulayıb ki, indiyədək bəzi hallarda sahibkarların ƏDV depozit hesablarında kifayət qədər vəsait olsa da, həmin vəsaitdən sosial ödənişlərin həyata keçirilməsi mümkün deyildi. Bu səbəbdən onlar digər maliyyə resurslarını sosial ödənişlərə yönəltməyə məcbur qalır, bu isə vəsaitlərin səmərəli idarə olunmasına mənfi təsir göstərirdi. Bəzi hallarda isə dövriyyə vəsaitinin çatışmazlığı sosial ödənişlərin vaxtında icrasında çətinlik yaradırdı.

Onun sözlərinə görə, təklif olunan dəyişiklik sahibkarlara seçim imkanı yaradacaq. ƏDV depozit hesabında kifayət qədər vəsait olduğu halda, əlavə maliyyə resurslarının sosial ödənişlərə yönəldilməsinə ehtiyac qalmayacaq.

Vüqar Bayramov əlavə edib ki, qanun layihəsi təsdiqlənərsə, yeni qaydaların 2027-ci il yanvarın 1-dən etibarən 4 il müddətində qüvvədə olması nəzərdə tutulur.

Vüsalə


media-adspc

Bənzər xəbərlər