Ənənəvi ailə modeli necə olmalıdır? - Görünməyən sərhədlər
Ənənəvi ailə modeli ilə bağlı müzakirələrdə bəzi ekspertlər şəxsi ailə qaydalarını cəmiyyət üçün ümumi norma kimi təqdim edirlər.
ERAmedia-nın məlumatına görə, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova ənənəvi ailə modeli ətrafında aparılan müzakirələrə münasibət bildirərkən deyib.
O bildirib ki, ənənəvi ailə modeli dedikdə, cəmiyyətdə tarixən formalaşmış, nəsildən-nəslə ötürülmüş ailə münasibətləri, qohumluq sistemi, nikah qaydaları, ailədaxili rollar, məsuliyyət bölgüsü və mənəvi dəyərlər məcmusu nəzərdə tutulur.
Lakin ənənəvi ailə modeli ilə insanın öz ailəsində gördüyü və doğru hesab etdiyi davranış qaydaları eyni anlayış deyil.
Mehriban Zeynalovanın sözlərinə görə, əksər insanlar böyüdükləri ailədə müşahidə etdikləri münasibətləri normal və təbii hesab edir, daha sonra isə həmin münasibətləri müxtəlif imkanlardan, televiziya və sosial platformalardan istifadə edərək bütün cəmiyyətə aid etməyə çalışırlar.
“Halbuki bir ailənin həyat tərzi bütöv xalqın tarixi ailə modeli ola bilməz. Bəzən insanlar öz ailələrində mövcud olan qaydaları milli dəyər, ata-baba adəti və ya ənənəvi ailə adı ilə təqdim edərək onları qanuniləşdirməyə çalışırlar”, – deyə o qeyd edib.
Birliyin sədri vurğulayıb ki, bəzi yanaşmalarda ənənəvi ailə yalnız kişinin qərar verdiyi, qadının isə tabe olduğu ailə kimi təsvir edilir. Halbuki tarixi ailə münasibətləri bundan daha mürəkkəb olub. Tarixən qadınların ailə iqtisadiyyatında, uşaqların tərbiyəsində, qohumluq münasibətlərinin qorunmasında və bir sıra qərarların qəbulunda mühüm rolu olub.
O əlavə edib ki, dövrün tələblərinin ailə münasibətlərinə təsiri də nəzərə alınmalıdır. Ənənəvi ailə dəyərlərindən hansılarının qorunub saxlanıldığı, hansılarının itirildiyi isə hələ də ətraflı tədqiq edilməli məsələlərdəndir.
Mehriban Zeynalova sərhədyanı bölgələrdəki ailə qaydalarının, eləcə də paytaxtda formalaşmış ailə münasibətlərinin bütövlükdə ənənəvi ailə modeli hesab edilib-edilməməsinin də mübahisəli olduğunu diqqətə çatdırıb.
Onun fikrincə, ictimai müzakirələrdə çıxış edən şəxslərin müəyyən davranış pozuntularından narahatlıq keçirməsini anlamaq mümkündür. Lakin bu narahatlıq kiminsə öz ailəsində tətbiq etdiyi qaydaları ümumiləşdirərək milli ənənə kimi təqdim etməsinə əsas vermir.
“İstənilən halda, şəxslərin öz ailə qaydalarını ənənə kimi təqdim etməsi olduqca yanlışdır və yolverilməzdir”, – deyə Mehriban Zeynalova bildirib.
Vural









