Fermer, istehsalçı və satıcıların NƏZƏRİNƏ
Avqust ayının 1-dən sentyabrın 1-dək ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan fermerlər, istehsalçılar və satıcılar tedaruk.az saytına daxil olaraq dövlət satınalan təşkilatların 2027-cı il üzrə tələbatlarına uyğun olaraq ərzaq məhsullarına dair təkliflərini yerləşdirə biləcəklər.
ERAmedia-ya bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bildirilib ki, elektron portal vasitəsilə ərzaq məhsullarını satmaqda maraqlı olan istehsalçılar, fermerlər və satıcılar sistemə “ASAN LOGIN” üzərindən “ASAN İmza” vasitəsilə daxil ola biləcəklər.
Qeyd edək ki, “ASAN İmza” yalnız VÖEN hesabına bağlı olduğu halda keçərlidir.
Bundan əlavə istehsalçılar, fermerlər və satıcılar növbəti il üçün “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən portala daxil edilən elana uyğun olaraq məhsullara dair təkliflərini cari ilin 1 avqust – 1 sentyabr tarixləri arasında sistemə yükləyə biləcəklər. Qeyd edilən tarixədək təkliflərini elektron portala daxil etməyən istehsalçılar və ya satıcılar satınalmada iştiraka buraxılmayacaqlar. Təkliflərin yerləşdirilməsi tamamilə ödənişsizdir.
Qeyd edək ki, tedaruk.az elektron portalı dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları (idarələri) ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır. Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin edir.









