media-1
media-bant_master

AMEA-nın Folklor İnstitutunun təşkilatçılığı ilə Qarabağda Şanlı Zəfərin 5 illiyinə həsr olunmuş “Qırx dörd günün Zəfər dastanı” adlı elmi sessiya və film təqdimatı baş tutub.

ERAmedia xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sessiyanı giriş sözü ilə açan AMEA Humanitar Elmlər Bölməsinin Elmi Şurasının sədr müavini, akademik Teymur Kərimli 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində tutduğu əvəzsiz yerdən və bu Zəfərin milli yaddaşda, folklor və ədəbiyyatda doğurduğu əks-sədadan danışıb.

Akademik Teymur Kərimli Vətən müharibəsinin Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri olduğunu vurğulayıb. O, Folklor İnstitutunun bu mövzuda elmi sessiya təşkil etməsini elmi baxımdan əhəmiyyətli addım kimi dəyərləndirib. Akademik müharibənin və torpaqlarımızın işğaldan azad edilməsinin xalq yaradıcılığında doğurduğu rezonansın öyrənilməsinin vacibliyini qeyd edib. Həmçinin, Zəfərin beş illiyinə həsr olunmuş tədbirlərdə yalnız qələbənin ictimai və mənəvi aspektlərinin deyil, həm də elmi baxımdan araşdırılmasının əhəmiyyətini önə çəkib.

Teymur Kərimli çıxışında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində həyata keçirilən hərbi əməliyyatların yüksək peşəkarlıq və dəqiqliklə icra olunduğunu vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun davamçısı olan İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin, xüsusilə ordu quruculuğu və iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətlərin bu möhtəşəm Zəfərin qazanılmasında həlledici rol oynadığını bildirib.

Akademik çıxışının sonunda elmi sessiyanın işinə uğurlar arzulayıb. O, bu kimi tədbirlərin Vətən müharibəsi mövzusunun elmi yöndən daha dərindən araşdırılmasına və yeni elmi nəticələrin əldə olunmasına mühüm töhfə verəcəyinə inandığını bildirib.

Sonra çıxış edən AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev 27 sentyabr – 10 noyabr 2020-ci il tarixlərini əhatə edən 44 günlük Vətən müharibəsinin son iki əsrdə Azərbaycanın öz torpaqlarını geri qaytarması ilə nəticələnmiş mühüm tarixi hadisə olduğunu söyləyib. Alim bu şanlı Zəfərin əldə olunmasında Müzəffər Ali Baş Komandanın böyük sərkərdəlik istedadının, müdrik rəhbərliyinin və cəsarətinin mühüm rol oynadığını, Qalib Azərbaycan ordusunun şücaətini xüsusi qeyd edib, şəhidlərimizin qisasının alındığını vurğulayıb.

Hikmət Quliyev xalq yaradıcılığı rakursundan bu qələbənin metaforik olaraq “Zəfər dastanı” kimi adlandırıla biləcəyini vurğulayıb. O, həmin hadisələrin epik təfəkkürdə, kollektiv yaddaşda doğurduğu rezonansın folklorşünaslıq baxımından xüsusi elmi əhəmiyyət kəsb etdiyini bildirib.

Alim diqqətə çatdırıb ki, 44 günlük müharibə yalnız cəbhə xəttində deyil, sosial reaksiyanın ən çevik və vizual effektlərlə ifadə kanalı olan internet mühitində də paralel şəkildə gedib. Müzəffər Ali Baş Komandanın xarici mətbuat nümayəndələrinə bir neçə dildə 30-dan artıq müsahibə verməsi, xalqa müraciətləri bu mübarizənin mənəvi və simvolik planda da rezonans doğurmasına səbəb olub. Həmin dövrdə sosial mediada yaranan “mem”lər, komik və ironik folklorik nümunələr xalqın emosional reaksiyasının, milli həmrəyliyinin və kollektiv reaksiyasının təzahürüdür. O, əlavə edib ki: “Torpaqlarımızın 30 ilə yaxın müddətdə işğal altında qalması xalq düşüncəsində mənfi stereotiplər formalaşdırmış, lakin bu qələbə həmin psixoloji-sosial bariyerləri aradan qalxmasına səbəb olmuşdur. “Alından ləkənin silinməsi”, “boyundan yükün götürülməsi”, “başı dik gəzmək” kimi ifadələr, əslində xalqın qələbəyə, torpaqların işğaldan azad olunmasına verdiyi kollektiv reaksiyanın metaforik-simvolik təzahürləridir”.

Hikmət Quliyev 44 günlük Vətən müharibəsinin folklorik hərbi diskursun tədqiqi üçün çoxsaylı faktlar doğurduğunu qeyd edib. Həmin günlər vahid semiotik proses kimi xalqın dilində, davranışında və düşüncəsində kollektiv emosional reaksiyaların, müharibə ilə bağlı metaforaların, qəhrəmanlıq və mübarizlik rəmzlərinin yenidən aktuallaşmasına səbəb olub. O, bu proses nəticəsində: “Ali Baş Komandanın xilaskarlıq və sərkərdəlik missiyası xalq təfəkküründə mədəni qəhrəman arxetipini aktuallaşdırmış, onun obrazı kollektiv yaddaşda müasir qəhrəmanlıq modelinin simvoluna çevrilmişdir” – deyə fikrini yekunlaşdırıb.

Daha sonra “Qırx dörd günün Zəfər dastanı” adlı film nümayiş olunub. Film Vətən müharibəsinin şanlı qalibiyyətini və xalqımızın göstərdiyi mübarizliyi təsvir edərək, hadisələrin mədəniyyət və tarix baxımından yaddaşlara necə həkk olunduğunu nümayiş etdirib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çıxışları, müharibənin həlledici anları, həmçinin ehtiyatda olan zabitlər – polkovnik Eldəniz Zeynalov və polkovnik-leytenant Elşən Qasımovun 44 günlük Vətən müharibəsində keçdikləri döyüş yolu barədə müsahibələrini əks etdirən kadrlar filmin emosional təsirini daha da gücləndirib. Təqdimat tədbir iştirakçıları tərəfindən böyük maraqla izlənilib.

Elmi sessiya çərçivəsində bir sıra məruzələr dinlənilib. İnstitutun aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent Mətanət Abbasova “Qarabağ folkloru: işğaldan Zəfərə” mövzusunda məruzəsində Qarabağ müharibəsinin və onun folklordakı əks-sədasının əhəmiyyətini diqqətə çatdırıb. O, müharibə mövzusunun Azərbaycan folklorunda xalqın mübarizə ruhunu, torpaq sevgisini və ağrı-acılarını ifadə edən zəngin mənəvi mənbə kimi təzahür etdiyini bildirib. Xüsusilə erməni vandallığına qarşı etiraz zəminində yaranan xalq mahnıları, atalar sözləri, məsəllər və lətifələr bu şifahi irsin yeni və dəyərli qatını təşkil edir. Mətanət Abbasova çıxışını yekunlaşdıraraq qeyd edib ki, “Qarabağ folkloru, düşmənə qarşı barışmazlıq və ehtiyatlılığı təbliğ edən, erməni riyakarlığının və vəhşiliyinin ifşasını özündə yaşadan, yüzlərlə məişət nümunəsi ilə Azərbaycan gerçəkliklərinin tarixi möhürünü daşıyan zəngin və əvəzolunmaz bir mənbədir”.

Filologiya üzrə fəlsəfə doktoru, dosent İlkin Rüstəmzadə “Qarabağ nağıllarında zaman və məkanın səciyyəsi” mövzusunda məruzə edərək Qarabağ folklorunun xüsusiyyətlərini və bu regiona aid nağıllarda zaman və məkanın təcəssümünü tədqiq edib. O, məişət nağıllarının məkanının real elementlərdən təşkil olunduğunu, sosial dəyərləri və insan davranışlarını əks etdirdiyini bildirib. Zamanın isə nağıllarda real həyat təcrübəsi ilə bağlı şəkildə təqdim olunduğunu və qəhrəmanların qarşılaşdığı çətinliklərin məntiqi ardıcıllığını göstərən vasitə rolunu oynadığını əlavə edib. Alim Folklor İnstitutunun 2012–2014-cü illərdə həyata keçirdiyi “Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və tədqiqi” layihəsi çərçivəsində bölgədən yazıya alınan 385 nağıldan 85-nin məişət nağılları təşkil etdiyini və bu nağılların 62-sinin xüsusi süjet olaraq qeyd olunduğunu vurğulayıb. O, məişət nağıllarının bu gün də yaşamasının əsas səbəbinin onların gerçəkliyi doğru şəkildə əks etdirməsi, real məkan və sosial elementlərdən qurulması olduğunu qeyd edib.

AMEA Folklor İnstitutunun Türk xalqlarının folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızı (Süleymanova) “Qarabağ: folklor da bir tarixdir – folklor toplayıcılığında yeni mərhələ” mövzusunda çıxış edib. O, 2012–2014-cü illər ərzində bölgədən 300-dən çox mifoloji mətn, 1250-dən çox əfsanə və rəvayət, 400-ə yaxın nağıl və digər folklor nümunələrinin toplanaraq elmi ictimaiyyətə təqdim olunduğunu bildirib. Məruzəçi layihə çərçivəsində toplanan materialların etnik psixologiya, xatirə janrı və söyləyicinin mətnə münasibəti kimi yeni aspektləri əhatə etdiyini qeyd edib. Ləman Vaqifqızı bu tədqiqatların Azərbaycan folklorşünaslığına mühüm töhfələr verərək gələcək elmi araşdırmalar üçün əsaslı zəmin yaratdığını vurğulayıb. O, layihənin yalnız folklorşünaslıq deyil, həm də dilçilik, etnoqrafiya və tarix sahələri üçün mühüm əhəmiyyət daşıdığını əlavə edib. Məruzəçi çıxışını yekunlaşdıraraq qeyd edib ki, “Aparılan toplamalar və bu seriyadan nəşr olunmuş kitablar AMEA Folklor İnstitutuna yeni folklorşünaslar nəslinin yetişməsinə xidmət etmiş, folklorun toplanmasına və tədqiqinə yeni baxış gətirmişdir”.

İnstitutun böyük elmi işçisi Zəfər Fərhadov “Qarabağ əfsanələrində zaman konsepti” mövzusunda məruzə edərək folklor yaddaşında zamanın məcazi və mifoloji təcəssüm formalarını araşdırıb. O, Qarabağ əfsanələrinin xalqın mənəvi dirənişinin ifadəsinə çevrildiyini bildirib. Məruzədə Azərbaycan əfsanələrində zaman anlayışının necə strukturlaşdığı və sakral ilə profan elementlərin necə birləşdiyi təhlil olunub. Tədqiqatçı mifoloji zamanın əbədiliyinin müxtəlif təzahürlərini, yaradılış anı və zamanın keçişini müzakirə edib. Zəfər Fərhadov çıxışını yekunlaşdıraraq bildirib ki, əfsanələrdə profan və sakral zaman bir-birini inkar etməyərək, mifoloji təfəkkürdə öz mükəmməl harmoniyasını tapır və zamanın iki paralel axını kimi qarşımıza çıxır. Bu, əfsanələrin və miflərin dərin fəlsəfi və bədii məzmununu daha da zənginləşdirir.

Sonda akademik Teymur Kərimli Elmi sessiyanın yüksək səviyyədə təşkil olunduğunu və məruzələrin dərin elmi təhlilləri ilə zəfərin müxtəlif aspektlərini ortaya qoyduğunu vurğulayıb. O, həmçinin çəkilən filmin peşəkarlıqla hazırlandığını və xüsusi intellektual yanaşmalar əsasında ərsəyə gəldiyini qeyd edib. Filmin yaradıcı heyətinə – Folklor studiyasının rəhbəri Mahir İbrahimov, filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova, Qasım Nağıyev, İffət Əsgərov və Əlisəfdər Məmmədova təşəkkür bildirilib.

Tədbirin sonunda 44 günlük Vətən müharibəsinin iştirakçıları polkovnik Eldəniz Zeynalov və polkovnik-leytenant Elşən Qasımov “Qırx dörd günün Zəfər dastanı” adlı filmin ərsəyə gəlməsində xidmətlərinə görə Folklor İnstitutunun Fəxri fərmanı ilə təltif olunublar.


media-adspc

Bənzər xəbərlər