Gedənlərin ardınca qalan SƏSSİZLİK
- Rəsul Mirhəşimli yazır
Məktəbdə dərslər bitən kimi tətilin başlayacağı günləri həyəcanla sayar, kəndimizə gedəcəyim vaxtı səbirsizliklə gözləyərdim. Qubadlı rayonunun ən sakit guşəsində, dörd tərəfi meşələrlə əhatə olunmuş doğulduğum Göyərabas kəndində keçirdiyim yay tətilini dünyanın heç bir gözəlliyinə dəyişmərəm.
Axşam hava qaralardı, kənd camaatı işlərini bitirib hər gün qonşulardan birinin həyətində toplaşardı. O evdə heç kim özünü qonaq hesab etməzdi. Kimi çay dəmləyərdi, kimi meyvə yuyub süfrəyə qoyardı. Mən isə daha çox, o dövrlərin ən məşhur mahnılarını dinləməyə gedərdim. İndi mənə çox bəsit görünən o musiqilər bəlkə də kəndimizin mənzərəsi fonunda gözəlmiş, insanların səmimiyyəti və istiqanlılığı ilə dəyərli imiş.
Bəzən nənəmlə evdə tək qalanda, onun pıçıltı ilə zümzümə etdiklərinə qulaq asardım. Uşaqkən elə düşünürdüm ki, nənəm axşamlar qonşuda dinlədiyimiz mahnıları oxuyur. Sonralar başa düşdüm ki, o, 17 yaşında dünyasını dəyişən oğluna (mən doğulmamışdan illər əvvəl vəfat etmiş əmimə), gənc yaşında haqq dünyasına qovuşmuş qızına (bibimə) ağı deyirmiş…
Həyatım boyunca nənəmin ağılarındakı qədər kədərli bir səs eşitməmişəm. O kədərli səslə sanki dünyada hər şey hərəkətsiz qalırdı. Sanki o səs dünyanı yasa boğurdu…
İllər ötdü… Nənəm də 1996-cı ildə, doğulub boya-başa çatdığı yurda həsrətlə haqqın rəhmətinə qovuşdu. Onun səsi, adımı sevgi ilə çağırması, üzündəki utancaqlıq və zəriflik yaddaşıma əbədi həkk olunub. İndi o saf təbəssümü ilə məzar daşındakı şəklində mənə baxır. O kənd həyətlərindəki şən axşamlar çoxdan susub. Uzun illər Ermənistanın işğalı altında qalıb vəhşicəsinə viran edilən kəndimizin evlərinə yenidən istilik dönəcəyi günləri görəcəyəmmi, bilmirəm. Şəkillərə baxdıqca, sevdiklərimin bir-bir əskildiyini görürəm.
Bəzən o şəkillərə baxarkən nəfəsim boğazımda düyünlənir. Gözlərim yaşarır, çünki o baxışlar, o təbəssümlər bir daha qayıtmayacaq… Yaxınlarımın bir-bir bu dünyadan köçməsi içimdə izaholunmaz bir boşluq buraxıb. İnsan zaman keçdikcə kədərini içində daşımağı öyrənir, amma əsla unutmağı bacarmır.
Zaman illəri qovdu və o şəkillərdə valideynlərimdən, dostlarımdan yalnız xatirələr qaldı. Ölüm payız kimi ətrafımdakıları soldurub içimdə dərin bir boşluq yaratdı. Xatırladığın insanları rəhmətlə anmaq, sadəcə onların ruhlarına dua etmək deyil, zamanla yalnızlaşdığını dərk etməkdən doğan bir ağrıdır.
Uşaqlığımda, gəncliyimdə sevdiyim insanların bir-bir bu həyatdan köçməsi ilə sanki mən də tədricən bir az azalır, bir az soluram. Hər kəsin getdiyi bu yolun sonu eyni olsa da, ayrılıqların buraxdığı iz eyni olmur. Kiminsə yoxluğu bir gecədə dağ kimi çökür, kiminsə itkisi illərlə içində gizlicə sızlayır…
İndi həyatda daha çox keçmişə boylanıram. Geri dönəndə, bir zamanlar dolu-dolu yaşanmış günlərin qalıqları arasında özümü çox zaman yalnız hiss edirəm. Sanki o günlərdə hər şeyin bir ruhu var idi. Otların, ağacların, hətta yay axşamlarının sükutunun belə özünəməxsus nəfəsi olurdu. İndi o nəfəs sönüb. Bu dünya çox fanidir… İnsan ömrü elə bir gündəlikdir ki, səhifələr çevrildikcə sevdiklərin bir-bir silinirmiş.
Bəzən sükuta dalır, səssizcə Allaha dua edirəm:
“Allahım, bu dünyada əlimizdən tutub bizi sevənləri Cənnətdə bizimlə yenidən qovuşdur”.
Bu duada bir həsrət var, bir də ümid… Çünki insan yaşa dolduqca anlayır ki, bu həyatın ən böyük neməti sevdiklərinlə birgə yaşadığın gözəl anlarmış.
Onlar getdikcə həyat da yavaş-yavaş rəngini itirir…