media-whatsapp-image-2026-04-29-at-09-48-34

Bu məqalədə XIX əsr macar tarixçisi György Fejerə aid edilən “Aborigines et incunabula Magyarorum ac gentium cognatarum populi Pontici” əsəri və onun ideyaları təqdim olunur. Müəllifin macarların mənşəyi və Qafqaz–Azərbaycan regionu ilə bağlı irəli sürdüyü fikirlərə toxunulur. Mətn həmin əsərə istinadla macar və türk xalqları arasındakı ehtimal olunan tarixi əlaqələr barədə iddiaları ümumiləşdirir.

Macar dilində “Aborigines et incunabula Magyarorum ac gentium cognatarum populi Pontici”, Azərbaycan dilində isə “Macarların və onlarla qohum olan xalqların mənşəyi və beşiyi: Pont (Qara dəniz) xalqları” adlanan bu kitabın müəllifi görkəmli macar tarixçisi və ilahiyyatçısı György Fejerdir. Kitab 1840-cı ildə Budada nəşr edilib.

Müəllif macar xalqının soy-kökünü, onların ilkin məskunlaşma regionlarını və digər xalqlarla mümkün əlaqələrini araşdırır. Onun əsas dayandığı və macarların başlanğıc nöqtəsi kimi təqdim etdiyi coğrafiyalardan biri kimi Azərbaycan regionu göstərilir.
Kitabda qədim Qafqaz Albaniyası və bu ərazidə yaşamış xalqlar barədə geniş təhlillər yer alır. Müəllif antik mənbələrə istinad edərək Azərbaycanın macarların və digər köçəri xalqların (məsələn, hunların) Avropaya köçündən əvvəlki ilkin məskənlərindən biri ola biləcəyini iddia edir.

XIX əsrdə Armin Vambery, Karoli Antal və digər macar tədqiqatçıların bir qismi öz mənşələrini türk xalqları ilə əlaqələndirir və Azərbaycan–Xəzər regionunu ilkin coğrafi mərkəzlərdən biri kimi nəzərdən keçirirdilər.

Bu baxımdan György Fejer də Qafqazı, xüsusilə Azərbaycanı “tarixi beşik” kontekstində araşdırmışdır.

Müəllifin əsərində qeyd edilir ki, xəzərlərin bir qolu olan Kavarlar (Kəbirli kimi də qeyd olunur) Xəzər xaqanlığına qarşı üsyan edərək macarlarla birləşmiş ola bilərlər. Bu tayfaların Azərbaycanın şimalı və Dağıstan bölgələri ilə əlaqələndirildiyi iddia edilir.

Bəzi tədqiqatçılar tərəfindən Macarıstan dövlətçiliyinin əsasını qoyan Arpad sülaləsi xəzər mənşəli qruplarla əlaqələndirilir. Bu yanaşmaya görə, Arpadlar Xəzər ittifaqına daxil olan tayfalardan biri kimi Avropaya köç edib.

Müəllif macarların xristianlıqdan əvvəlki dini inanclarında şamanizm və Tenqriçilik elementlərinin mövcud olduğunu qeyd edir və bunları Qafqaz və Orta Asiya mədəni mühitləri ilə əlaqələndirir.
Eyni zamanda əsərdə macar dilindəki bəzi idarəçilik, atçılıq, hərbi terminologiya və ailə münasibətləri ilə bağlı sözlərin regionun qədim türk və xəzər tayfaları ilə əlaqəli ola biləcəyi fikri irəli sürülür.

Müəllifin yanaşmasına görə, macarların formalaşma prosesində Qafqaz və Xəzər regionu mühüm rol oynamış ola bilər. Bu baxış macarların tarixi köklərinin yalnız Avropa daxilində deyil, daha geniş coğrafiyada axtarılması ideyasını ön plana çıxarır.

Zaur Əliyev


media-adspc

Bənzər xəbərlər