Nobel mükafatını alan ilk müsəlman

- Rəsul Mirhəşimli
Avropanın nüfuzlu elmi konfranslarından birində çıxış edən bir alim qəfil sözünü yarımçıq kəsir. Zalda olanlara iyirmi dəqiqəlik fasilə istədiyini bildirir, səccadəsini kürsünün yanına sərir və namaz qılmağa başlayır. Namazını tamamladıqdan sonra çıxışına davam edərək belə deyir: “Mən Allaha ibadətdən bir dəqiqə belə geri qalmıram”.
Bu mövqenin sahibi Nobel mükafatı alan ilk müsəlman alim Məhəmməd Abdüssəlamdır.
Allahın buyurduğu kimi, iman yalnız inanc deyil, həm də əməl ilə birlikdədir. Bu böyük alim də həyatını bu hikmət üzərində qurmuş və əməli ilə İslam dininə necə xidmət ediləcəyinə nümunə olmuşdur. Dinimiz “alimin mürəkkəbi şəhidin qanından üstündür” deyən İslamdır. Bu hədisin hikmətini dərk etsək, onun dəyərini daha dərindən anlayarıq. Şəhid — vətəni, inancı və ya dini uğrunda canını fəda edən insandır. Belə insanların sayəsində dövlətlər müstəqillik qazanır, torpaqlar işğaldan azad olunur, din zülm və hücumlardan qorunur. Bu azad torpaqlarda isə insanın dəyəri elmlə artır, çünki elm dövlətin ən böyük sərvəti olub onun inkişafını təmin edir. Məhəmməd Abdüssəlam da bu prinsiplərə sadiq idi və müsəlman ölkələrinin inkişafını müasir elmlərə yiyələnməkdə görürdü.
Abdüssəlamın qazandığı mükafatların siyahısını yazmağa başlasaq, yazının böyük hissəsi buna həsr olunardı. Sadəcə onu qeyd etmək kifayətdir ki, bu alim beynəlxalq nüfuzlu mükafatların əksəriyyətini qazanmış, nəzəri fizika sahəsində böyük uğurlar əldə etmiş, zəif qarşılıqlı təsir nəzəriyyəsini inkişaf etdirmiş və bununla Nobel mükafatına layiq görülmüşdür.
Onun bir fikri xüsusilə diqqətəlayiqdir: “Zərrəciklərin ən kiçiyinə doğru getdikcə Allahın böyüklüyünü daha çox dərk edirdim”. Bu da Allahın hikmətindəndir. Çünki təkəbbürlü və özündən razı insanlar Allahın əzəmətini dərk edə bilməzlər.
Alman filosofu Karl Yaspers belə deyirdi: “Yalnız azad insan Allahı dərk edə bilər”. İnsan maddənin ən kiçik hissəciklərini araşdırdıqca, özünün də bu zərrəciklərdən ibarət olduğunu anlayır və Yaradanın onu necə mükəmməl yaratdığını dərk edərək Onun qarşısında səcdəyə gəlir.
Abdüssəlam 1926-cı ildə Britaniya Hindistanına bağlı Cəng şəhərində (indiki Pakistan ərazisində) savadlı və mömin bir ailədə anadan olub.
14 yaşında yüksək nəticələrlə Pəncab Universitetinin Hökumət Kollecinə qəbul olunmaq üçün təqaüd qazanmış və 1946-cı ildə oranı bitirib.
Elə həmin il Kembric Universitetinin Sent-Con kollecinə qəbul olmuş, 1949-cu ildə həm riyaziyyat, həm də fizika üzrə fərqlənmə ilə bakalavr dərəcəsi alıb. 1950-ci ildə kvant elektrodinamikası sahəsində apardığı tədqiqatlara görə Smith mükafatına layiq görülüb. 1951-ci ildə isə nəzəri fizika üzrə doktorluq dərəcəsini alıb.
1957-ci ildən London İmperial Kollecində professor kimi fəaliyyət göstərib, 1964-cü ildən isə Triestedə yerləşən Beynəlxalq Nəzəri Fizika Mərkəzinin direktoru olub. 40 ildən artıq müddətdə elementar zərrəciklər fizikası sahəsində mühüm tədqiqatlar aparıb.
1960-cı illərdə Pakistan Atom Enerjisi Komissiyasının yaradılmasında böyük rol oynayıb, həmçinin ölkədə kosmik tədqiqatlar qurumunun yaradılmasına təşəbbüs göstərib.
Abdüssəlam Nobel mükafatını 1979-cu ildə alıb. O, mükafatdan əldə etdiyi vəsaiti şəxsi məqsədlər üçün istifadə etməyib, hamısını inkişaf etməkdə olan ölkələrdən gələn fiziklərin dəstəklənməsinə sərf edib. 1996-cı ildə Oksfordda vəfat edib.
Onun yaxın dostu Münir Əhməd Xan belə deyib: “Biz pakistanlılar ona yetərincə qiymət verməsək də, dünya onu həmişə xatırlayacaq”.
Abdüssəlam İslam dininə sadiq olduğunu açıq şəkildə ifadə edib. “İdeallar və Reallıqlar” adlı əsərində belə yazır:
“Bir alim kimi Qurani-Kərim mənimlə kainat, fizika, biologiya və təbiət haqqında danışır və təbiət qanunlarında ilahi möcüzələrin olduğunu göstərir”.
Allah-Təala Qurani-Kərimdə buyurur:
“Həqiqətən göylərin və yerin yaradılışında, gecə ilə gündüzün növbələşməsində ağıl sahibləri üçün dəlillər vardır” (“Ali-İmran” surəsi, ayə 190).
Qurandakı ayələrin böyük hissəsi insanları düşünməyə, araşdırmağa və elm öyrənməyə təşviq edir. Peyğəmbərimiz də elmin hər bir müsəlman üçün vacib olduğunu vurğulamışdır.
Abdüssəlam qeyd edirdi ki, İslamda elmi inkişaf erkən dövrlərdən başlayıb, İbn Sina, İbn Heysəm və Biruni kimi alimlərin dövründə zirvəyə çatıb.
O, İslam dünyasında elmin geriləmə səbəblərini də araşdırmış və çıxış yolları göstərib. Elmi əməkdaşlığın vacibliyini vurğulayıb, müsəlman ölkələrində tədqiqat mərkəzlərinin yaradılmasının zəruriliyini bildirib.
Abdüssəlamın fikrincə, elmə maraq yalnız dini baxımdan deyil, həm də müasir dövrün tələbi kimi vacibdir. Quranda belə buyurulur:
“Əgər yer üzündəki bütün ağaclar qələm, dəniz isə mürəkkəb olsa və ona yeddi dəniz də əlavə edilsə, yenə də Allahın sözləri tükənməz” (“Loğman” surəsi, ayə 27).










