media-910740433_1173328065371210_5371785966867298551_n-jfif
Bu gün günümün böyük bir hissəsini Hədəf Liseyinin 20 Yanvar filialında keçirdim. 9–11-ci sinif şagirdləri ilə “Gələcək çox tez gələcək! Gələcək elmlə gələcək!” şüarı altında maraqlı, canlı və son dərəcə səmərəli bir görüşümüz oldu.
Müasir texnologiyaların təhsilə təsirindən, süni intellektin həyatımızda yaratdığı inqilabi dəyişikliklərdən, texnoloji sinqulyarlıqdan, gələcəyin peşələrindən və bugünkü gənclərin sabahın dünyasına nə dərəcədə hazır olmasından danışdıq. Çalışdım ki, bu görüş ənənəvi mühazirədən daha çox interaktiv, elmi-populyar və düşündürücü bir dərs olsun. Alimlərin həyatından maraqlı əhvalatlar, elmi kəşflərin tarixindən gözlənilməz hadisələr, bir az yumor, çoxlu suallar və müzakirələr… Şagirdlərin marağı, verdikləri suallar və düşüncə tərzləri görüşümüzün ən xoş tərəfi idi.
Hədəf Liseyinin təsisçisi Şəmil Sadığı xeyli vaxtdır tanıyıram. Onun milli dəyərlərimizə bağlılığını, ana dilimizə həssas münasibətini, həyatının böyük bir hissəsini təhsilə və gənc nəslin yetişməsinə həsr etməsini təqdir etməmək mümkün deyil. Təhsil sahəsində görülən işlərin əsl dəyəri yalnız tikilən binalarla, açılan siniflərlə deyil, yetişdirilən insanların düşüncə səviyyəsi ilə ölçülür. Bu mənada Şəmil bəyin gördüyü işlər xüsusi hörmətə layiqdir. Liseyin 20 Yanvar filialında ilk dəfə olurdum. Məktəbi gəzmək, yaradılan şəraitlə tanış olmaq da mənim üçün xoş təəssüratlarla yadda qaldı.
Görüşün sonunda şagirdlərə iki kitab hədiyyə etdim: yenicə nəşr olunmuş “Oxumaq və unutmaq paradoksu” kitabımı və ideya müəllifi, elmi redaktoru olduğum, MIT-nin məşhur professoru Tomas Kormenin “Alqoritmlərin sirri” kitabının yeni nəşrini. İstərdim ki, bu kitablar onların yalnız kitab rəflərində deyil, düşüncə dünyalarında da özünə yer tapsın.
İllərdir təkrar etdiyim bir şüar var: “Gələcək çox tez gələcək!” Amma bu gün həmin uşaqlarla söhbət edərkən düşündüm ki, bu ifadəni ilk dəfə söyləyəndə gələcəyin bu qədər sürətlə qapımızı döyəcəyini, hətta qapını açmağımızı gözləmədən həyatımıza daxil olacağını mən də təsəvvür etmirdim.
Artıq gələcək haqqında yalnız gələcək zamanda danışmaq olmur. Gələcək gəlib! Süni intellekt, robototexnika, biotexnologiya, kvant texnologiyaları və digər elmi istiqamətlər dünyanı gözlərimizin qarşısında dəyişdirir. Bugünkü məktəblilər universiteti bitirənə qədər bəzi peşələr köklü şəkildə dəyişəcək, bəziləri tarixə qovuşacaq, bu gün adını belə bilmədiyimiz yeni ixtisaslar meydana çıxacaq.
Ona görə də gənclərə əsas tövsiyəm bu oldu: gələcəyin sizə nə gətirəcəyini gözləməyin, ona indidən hazırlaşın! Riyaziyyatı, fizikanı, biologiyanı, kompüter elmlərini ciddi öyrənin. Xarici dillərə yiyələnin, dünya elminin qapılarını özünüzə açın. Amma bütün bunlarla yanaşı, ana dilinizdə düşünməyi, oxumağı, yazmağı, mürəkkəb elmi fikirləri Azərbaycan dilində ifadə etməyi də bacarın.
Çünki mənim üçün bir həqiqət mübahisəsizdir: Gələcək yalnız elmlə deyil, həm də ana dilimizdə qurduğumuz elmi düşüncə ilə gələcək!
İstəyirəm ki, bizim uşaqlar gələcək dünyanın yalnız istehlakçıları deyil, onun yaradıcıları olsunlar. Dünyanın başqa yerlərində hazırlanan texnologiyalardan istifadə etməklə kifayətlənməsinlər, o texnologiyaların yaradılmasında da iştirak etsinlər.
Bu gün görüşdüyüm gənclərin gələcək seçimlərində söhbətimizdən kiçicik də olsa bir iz qalarsa, bunu özüm üçün böyük qazanc sayacağam.
Hədəf Liseyinin rəhbərliyinə, müəllimlərinə və xüsusilə maraqlı sualları, parlaq baxışları ilə görüşümüzə məna qatan əziz şagirdlərə təşəkkür edirəm!
GƏLƏCƏK ÇOX TEZ GƏLƏCƏK!
GƏLƏCƏK ELMLƏ GƏLƏCƏK!
VƏ GƏLƏCƏK ANA DİLİMİZLƏ GƏLƏCƏK!

media-adspc

Bənzər xəbərlər