Gömrük yığımlarının məbləğlərində dəyişiklik: Qiymətlər artacaq?
Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Gömrük yığımlarının məbləğləri”ndə dəyişiklik edib.
Qərara əsasən, bundan sonra “dəmirdən və ya aşqarlanmış poladdan çubuqları”ın (dəmir armaturlar) bir tonu üçün 150 manat, müxtəlif nomenklatur kodlar altında təsnif olunmuş şüşə vərəqlərin bir tonu üçün isə 100 manat gömrük yığımları tətbiq ediləcək. Qərar bu il iyunun 30-na qədər qüvvədədir.
Maraqlıdır, gömrük yığımlarının tətbiqi qiymət artımına səbəb olacaq?
ERAmedia xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-ın sualını cavablayan iqtisadçı Xalid Kərimli qeyd edib ki, idxal rüsumu həmişə qiymətlərin artımına gətirib çıxarır.

Onun sözlərinə görə, idxal olunan məhsulların bahalaşması yerli istehsalçılara məhsullarını daha yüksək qiymətə təklif etməyə şərait yaradır:
“Yerli istehsalçılar idxalla mübarizə aparmaq üçün məhsulu nisbətən aşağı qiymətə təklif edirdilər. Yeni idxal rüsumları ilə əlaqədar onlar da məhsullarını yüksək qiymətə satacaqlar. İstənilən halda armatur bazarında qiymət artacaq”.
İqtisadçı qeyd edib ki, idxal rüsumunu tətbiq etməyin üç səbəbi var:
“Bunlar büdcəyə vəsait toplamaq, yerli sənayeni müdafiə etmək, istehlakçıların davranışlarını istiqamətləndirməkdir”.










