media-59981

Kənan Kamiloğlu Sumqayıt Dövlət Universiteti Fiolologiya fakültəsinin IV kurs tələbəsidir və onunla Universitetdə keçirilən tədbirlərin birində tanış oldum. Onun, süni bədii ifadələrdən qaçaraq, xalq dilinin şirinliyinə, el deyimlərinə və aşıq ədəbiyyatının sınanmış qəliblərinə müraciəti “Göyçənin” qoşması ilə diqqətimi çəkdi. Kənan aşıq sənətinin yurdu Gğyçəni cansız coğrafi məkan yox, gözü dolan, ağlayan, nalə çəkən bioloji varlıq kimi bədii şəxsləndirir və bu, onda uğurlu alınır:

Həsrəti qəlbində köz olubdu köz,

Tüstüsünə, hisinə bax Göyçənin-  misraları yurd itkisinin yaratdığı yanğını çox təsirli şəkildə vizuallaşdırmaqla bərabər, ədəbiyyata istedadlı şairin qədəm qoymasından xəbər verir. Şeirdə qürbət sıxıntısı ilə yanaşı, yağı tapdağındakı torpağın yanğısı duyulur, yaşantıya çevrilir.

Bunlarla yanaşı, onun şeirlərində sosial-tarixi dərdlə taleyin doğurduğu fərdi kədərin üzvi bağlantısı və lirik qəhrəmanın həyat sınaqları qarşısında tənhalığı duyulur. Bu isə yüzə-yüz onun şeirlərini oxuyan və dinləyən hər kəsdə o daxili inamı qətiləşdirir ki, heç bir mənəvi təklik belə, hədəfə doğru gedən kəsdə əbədi bədbinliyi bərqərar etmək gücündə deyil.

Gənc dostumuzun mükəmməl saz ifaçılığı isə tamam başqa bir yazının mövzusudur…

 

                           Göyçənin

Bizdən ayrı gözü dolub, kövrəlib,

Hey, ağlayır! Səsinə bax Göyçənin.

Qürbət eldə nalə çəkən, ah çəkən

Bir səmirsiz kəsinə bax Göyçənin.

 

Nə yaman odlara qalandı ömrü,

Həsrətə, nisgilə çalandı ömrü!

Yağılar əlində talandı ömrü,

Pis gününə, yasına bax Göyçənin.

 

Kənanam, qəlbimdən süzüldü bu söz:

Dözə bilirsənsə, gəl, bu dərdə döz.

Həsrəti qəlbində köz olubdu köz,

Tüstüsünə, hisinə bax Göyçənin

 

           A dağlar

Babamın gəzdiyi şehli çəməndə,

Qismət ola məndə gəzəm, a dağlar!

Arı tək qoxluyam çiçəklərini,

Qartal tək qoynunda süzəm, a dağlar!

 

Həsrət qaldım ocağına, közünə,

Yaşıl çəməninə, yaşıl düzünə,

Bir ceyran boyuna, qartal gözünə

İstərəm şeirlər düzəm, a dağlar!

 

Qaşım çatılıbdı, gözümdə gülmür,

Ümidim yaşayır, ümidim ölmür.

Kənanam, əlimdən bir çarə gəlmir,

Yoluna boylanan gözəm, a dağlar!

 

                   Vaxtıdı

Yenə kövrəlmişəm, yenə dolmuşam,

Ahımın göylərə çıxan vaxtıdı.

Bu zalım həyatın acı taleyin

Şairi yandırıb yaxan vaxtıdı.

 

Əlində qalmışam bir ağlı kəmin,

Tapmıram dilini pərdənin, simin.

Taleyin verdiyi kədərin, qəmin

Süzülüb ürəkdən axan vaxtıdı.

 

Kənan, gəl sirrini aç xəyalların,

Görmədim xeyrini heç xəyalların.

Nakam arzuların, puç xəyalların

Şimşək tək başımda çaxan vaxtıdı.

     

                                                                                                                                         Firuz Novruzov,

                                                                                                                                          Jurnalist-publisist


media-adspc

Bənzər xəbərlər