Hörmüz boğazı ilə bağlı qətnamə niyə bloklandı? – BMT Təhlükəsizlik Şurasında gözlənilməz ittifaq
BMT Təhlükəsizlik Şurası aprelin 3-də Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri tərəfindən irəli sürülən Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə dair qətnamə layihəsini qəbul etməyib.
Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, sənədin bloklanması beynəlxalq münasibətlərdə yeni ziddiyyətlərin göstəricisidir.
Onun sözlərinə görə, Hörmüz boğazındakı vəziyyət təkcə region üçün deyil, qlobal iqtisadiyyat üçün də ciddi risk yaradır.
“Bu bölgədə gərginlik artıq yanacaq qiymətlərinin artmasına səbəb olub və bu proses kənd təsərrüfatı ilə ərzaq məhsullarının qiymətlərinə də təsir göstərir”, – deyə o əlavə edib.
Qətnamənin qəbuluna Fransa, Rusiya və Çin qarşı çıxıb. Şahinoğlu qeyd edib ki, xüsusilə Fransanın bu mövqeyi diqqət çəkir:
“Adətən Qərb ölkələri bu cür məsələlərdə Rusiya və Çinlə eyni mövqedə olmurlar. Bu dəfə isə Fransa da həmin tandeme qoşuldu”.
Ekspert bunu Emmanuel Makronun siyasəti ilə əlaqələndirib. Onun fikrincə, Makron bir tərəfdən İran hakimiyyətini tənqid etsə də, digər tərəfdən ABŞ və İsrailin mümkün hərbi addımlarını dəstəkləmir.
Şahinoğlu bildirib ki, Moskvanın mövqeyi isə daha aydındır:
“Sergey Lavrovin açıqlamalarından görünür ki, Rusiya bu qətnaməni İrana qarşı mümkün müharibəyə zəmin kimi qiymətləndirir. Halbuki, hazırda real sülh danışıqları prosesi müşahidə olunmur”.
Ekspert hesab edir ki, Çin üçün də vəziyyət ziddiyyətlidir:
“Çin enerji təhlükəsizliyi baxımından Hörmüz boğazında sabitlikdə maraqlıdır. Çünki neft idxalının böyük hissəsi bu marşrutdan keçir. Ancaq Pekin sabitliyi müharibənin dayandırılması ilə şərtləndirir”.
Şahinoğlu əlavə edib ki, Van İnin açıqlaması da bunu təsdiqləyir: İranda müharibə davam etdiyi müddətdə bölgədə sabitlik mümkün deyil.
Siyasi şərhçinin qənaətincə, yaranmış vəziyyət böyük güclərin regionda fərqli maraqlarının toqquşduğunu göstərir və bu da Hörmüz boğazı ətrafında gərginliyin yaxın zamanda azalmasını çətinləşdirir.
Mələk Onur









