İbrahim Nəbioğlunun “Oxumaq və unutmaq paradoksu” kitabı - FOTO
“LIBRAFF” kitab mağazaları şəbəkəsinin “Park Akademiya” filialında Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında daimi təmsilçisi olmuş, texnika üzrə fəlsəfə doktoru İbrahim Nəbioğlunun “Oxumaq və unutmaq paradoksu” kitabının təqdimatı və imza saatı keçirilib.
ERAmedia-ya bu barədə AMEA-dan məlumat verilib.
Tədbirdə Milli Məclis sədrinin müavini, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov kitabın müəllifi İbrahim Nəbioğlunun ziyalı, alim və maarifçi kimi fəaliyyətindən bəhs edib. O, “Oxumaq və unutmaq paradoksu” kitabının İbrahim Nəbioğlunun Azərbaycan və dünya elmi, ədəbiyyatı, mədəniyyəti, eləcə də ictimai düşüncəsi ilə bağlı araşdırmalarını, mülahizələrini və oxucu ilə bölüşmək istədiyi fikirləri özündə birləşdirən əsər olduğunu vurğulayıb. Qeyd edib ki, kitabda müxtəlif sahələrə aid biliklərin, tarixi faktların və görkəmli şəxsiyyətlər haqqında məlumatların yer alması onun maarifçilik missiyasını daha da gücləndirir. O, İbrahim Nəbioğlunun yaradıcılığının mühüm xüsusiyyətlərindən birinin mürəkkəb elmi və intellektual məsələləri sadə, anlaşıqlı və maraqlı dillə təqdim etmək bacarığı olduğunu bildirib.
“Bu gün sürətlə dəyişən dünyada elmi və mədəni prosesləri izləmək üçün bilikləri əlçatan formada təqdim edən ziyalıların fəaliyyəti xüsusi əhəmiyyət daşıyır”, – deyən akademik Rafael Hüseynov bildirib ki, İbrahim Nəbioğlunun həm kitabları, həm də sosial şəbəkələrdə yayımladığı yazılar maarifçilik baxımından dəyərlidir. O, müxtəlif elmi və mədəni hadisələr, dünya şöhrətli şəxsiyyətlər haqqında məlumatları geniş auditoriyaya çatdırmaqla oxucuların dünyagörüşünün zənginləşməsinə xidmət edir.
Akademik Rafael Hüseynov qeyd edib ki, maarifçinin əsas vəzifələrindən biri cəmiyyətdə mövcud olan bilik boşluqlarını aradan qaldırmaq, insanlara yalnız məlumat vermək deyil, həm də onları düşünməyə sövq etməkdir. Bu istiqamətdə İbrahim Nəbioğlunun yanaşmalarını yüksək qiymətləndirən alim müəllifin oxucuya hazır informasiya təqdim etməklə kifayətlənmədiyini, onu yeni mövzularla tanış etdiyini, fərqli düşüncə istiqamətlərinə yönəltdiyini və mütaliəyə maraq yaratdığını diqqətə çatdırıb.
Çıxışında akademik Rafael Hüseynov müəllifin Azərbaycan jurnalistikasında özünəməxsus yerinin olduğunu vurğulayıb. İbrahim Nəbioğlunun geniş dünyagörüşü, Azərbaycan dilinin imkanlarından məharətlə istifadə etməsi, fikirlərini auditoriyaya dolğun və təsirli şəkildə çatdırmaq bacarığı onun fərqləndirici xüsusiyyətləri kimi səciyyələndirilib.
Akademik Rafael Hüseynov, həmçinin İbrahim Nəbioğlunun 44 günlük Vətən müharibəsi dövründəki fəaliyyətinə diqqət çəkib. Qeyd edib ki, həmin günlərdə müəllif beynəlxalq televiziya kanallarında Azərbaycanı təmsil edən ekspert kimi fəal çıxış edib, ölkəmizin mövqeyini, baş verən hadisələrin mahiyyətini xarici auditoriyaya, o cümlədən türk dilində peşəkarlıqla çatdırıb.
Çıxışının sonunda Rafael Hüseynov müəllifin fəaliyyətini Azərbaycan maarifçilik ənənələrinin müasir dövrdə davamı kimi dəyərləndirib. O, İbrahim Nəbioğlu kimi elmə, kitaba, təhsilə və milli-mənəvi dəyərlərə bağlı ziyalıların cəmiyyət üçün əhəmiyyətini vurğulayaraq nəşrin oxucuları yeni biliklərə, mütaliəyə və düşünməyə təşviq edəcəyinə əminliyini ifadə edib.
Tədbirdə, həmçinin Xalq artisti, professor Zəhra Quliyeva, görkəmli musiqişünas, professor Həcər Babayeva, Bakı Slavyan Universitetinin Dünya ədəbiyyatı kafedrasının müdiri professor Naidə Məmmədxanova, Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, AMEA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi professor Solmaz Rüstəmova-Tohidi və başqaları kitab haqqında fikirlərini bölüşüblər. Çıxışlarda əsərin məzmunu, müəllifin zəngin mütaliə təcrübəsi və düşüncə tərzi, eləcə də kitabda qaldırılan məsələlərin aktuallığı diqqətə çatdırılıb. Nəşrin oxucunu yalnız məlumatlandırmadığı, həm də oxuduqlarını təhlil etməyə və biliklə insan yaddaşı arasındakı əlaqələr üzərində düşünməyə sövq etdiyi vurğulanıb.
Bundan başqa, təqdimat mərasimində “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri İlham Pirməmmədov İbrahim Nəbioğluya fəxri diplom təqdim edib.
Sonda nəşrin müəllifi İbrahim Nəbioğlu hər kəsə təşəkkürünü bildirib, “Oxumaq və unutmaq paradoksu” kitabını oxucular üçün imzalayıb.









