İki min il kül altında qaldı – Dolabdan çıxanlar təəccübləndirdi
İtaliyada Vezuvi vulkanının eramızın 79-cu ilində baş vermiş püskürməsi nəticəsində kül altında qalan Pompey şəhərində təxminən 2 min illik dolab aşkar edilib. Dolabın içərisindən kosmetik qablar, boyunbağı, buxurdan və 38 ədəd bürünc sikkə daxil olmaqla çoxsaylı şəxsi əşyalar tapılıb.
ERAmedia xəbər verir ki, Pompeydə aparılan arxeoloji qazıntılar zamanı Vezuvi vulkanının püskürməsi ilə yarımçıq qalmış gündəlik həyata dair yeni izlər üzə çıxarılıb. Şəhərin mərkəzində yerləşən evlərdən birində aşkar edilən dolabın içindəki şəxsi əşyalar təxminən 2 min il əvvəl burada yaşamış insanların məişəti haqqında mühüm məlumatlar verir.
Pompey Arxeoloji Parkının əməkdaşları Roma dövrünə aid Via di Castricio küçəsində yerləşən orta ölçülü tikilidə qazıntı işləri aparıblar. Əldə olunan arxeoloji məlumatlar sayəsində taxta dolabın quruluşunu və formasını ətraflı şəkildə bərpa etməyin mümkün olduğu bildirilib. Tikilinin yaşayış evi olduğu ehtimal edilsə də, yerləşdiyi mövqeyə görə onun emalatxana kimi istifadə edilmiş ola biləcəyi də istisna edilmir.
Dolabın içərisində kosmetik vasitələrin saxlanılması üçün istifadə olunan qablar, balzam qabı, buxurdan, bürünc fənər və taxta siyirməyə aid hissələr aşkarlanıb. Bundan başqa, bürünc, şüşə və keramik qablardan, şam qozasının pulcuqlarını xatırladan naxışları olan kiçik flakondan və 20 miniatür elementdən ibarət boyunbağıdan da nümunələr tapılıb.
Fayans, sümük, şüşə pastası və kristala bənzər materiallardan hazırlanmış boyunbağının Roma dövründə qoruyucu məna daşıdığı bildirilir. Bu cür zinət əşyalarının yalnız uşaqlar deyil, böyüklər tərəfindən də istifadə edildiyi və saxlanıldığı məlumdur.
38 bürünc sikkə sakinlərin tələsik qaçdığını göstərir
Qazıntıların ən diqqətçəkən tapıntılarından biri bitki mənşəli materialdan hazırlanmış kiçik qabın içərisində aşkarlanan 38 bürünc sikkə olub.
Arxeoloqlar hesab edirlər ki, sikkələrin və digər şəxsi əşyaların dolabda qalması ev sakinlərinin vulkan püskürməsi zamanı qiymətli əşyalarını götürməyə vaxt tapmadan ərazini tərk etməyə məcbur olduqlarını göstərə bilər.
Xatırladaq ki, eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində Pompey şəhəri metrlərlə qalınlığa çatan kül və vulkanik materialın altında qalıb. Fəlakət şəhərdəki gündəlik həyatı qəfil dayandırıb və minilliklər sonra belə dövrün məişətinə dair izlərin qorunub saxlanılmasına səbəb olub.
Vüsalə










