media-1699510493_kamran_bayramov_240520-1

“Müzakirəmizə çıxarılmış 2027-ci il dövlət büdcəsinin layihəsi əsas hədəfləri əhatə edir, cari reallıqların diktə etdiyi bir çox məsələlərin həllinə yönəlir və, ümumilikdə, dövlətimizin həyata keçirdiyi uzaqgörən siyasətə, xalqımızın ali ehtiyaclarına tam şəkildə cavab verən dolğun və mükəmməl sənəd kimi dəyərləndirilməlidir. Sənəd ölkə iqtisadiyyatının dayanıqlığını qorumaqla yanaşı, sosial yönümlü siyasətin qətiyyətlə davam etdirildiyini, iqtisadi fəallığın artmasını nümayiş etdirir”.

ERAmedia xəbər verir ki, bunu deputat Kamran Bayramov parlamentdə 2027-ci il büdcəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, büdcə xərclərinin istiqamətləri xüsusi diqqətə layiqdir: “Ölkəmizin təhlükəsizliyinin, suverenliyinin qorunmasına və müdafiə potensialının möhkəmləndirilməsinə yönəldilən vəsaitlər hərbi gücümüzün artmasına zəmanət verir. Büdcə layihəsinin ən güclü tərəfi isə onun sosialyönümlü olmasıdır. Cəmiyyətimizin rifahının yüksəldilməsi məqsədilə təhsil, səhiyyə və sosial müdafiə sahələrinə nəhəng vəsaitlər yönəldilir ki, bu da dövlətin hər bir vətəndaşının arxasında durduğunu bir daha sübut edir. Bundan əlavə, layihədə kənd təsərrüfatı, meliorasiya, ekologiya, nəqliyyat və rabitə, həmçinin tikinti və şəhərsalma istiqamətlərinə ayrılan investisiya xərcləri ölkəmizin davamlı inkişafına hesablanıb. Regionların inkişafı, digər şəhər və rayonların yerli gəlir və xərclərinin dəqiq tənzimlənməsi də regionların inkişafının sürətləndirilməsinə xidmət edir”.

Kamran Bayramov əlavə edib ki, bu gün də bölgələrimizin sosial-iqtisadi inkişafına mühüm töhfələr verilir, bu töhfələr parlamentdə təmsil etdiyim Göygöl və Daşkəsən rayonlarını da əhatə edir: “Lakin, həmin rayonlarda bir sıra sahələrdə işlərin sürətləndirilməsinə çox böyük ehtiyac var. Fürsətdən istifadə edərək, Göygöldə və Daşkəsəndə həlli çoxdan gözlənilən məsələlərin bir qismini iclasda iştirak edən hökumət nümayəndələrinin diqqətinə çatdırmaq istərdim.
Belə ki, son illərdə ölkə rəhbərliyinin tapşırıqları əsasında Göygöl və Daşkəsən rayonları ərazisində genişmiqyaslı qazlaşdırma işlər aparılıb və bir çox yaşayış məntəqələri təbii qazla təmin edilib. Lakin, dağlıq və relyef baxımından mürəkkəb ərazilərdə yerləşən Göygölün Dozular, Zurnabad, Qarabulaq, Quşçu, Sarısu, Danayeri, Üçbulaq və Yalqışlaq kəndlərində, habelə Daşkəsənin Çovdar, Çaykənd, Zəylik, Quytul, Qabaqtəpə, Rəsullu, Pirverdilər, Təzəkənd, Güneykənd, Tapan, Astaf, Gəlinqaya, Dəvrallı, Əmirvar, Qazaxlı, Əhmədli və Gurbulaq kəndlərində mavi yanacağın olmaması səbəbindən yerli əhali ciddi çətinliklərlə qarşılaşır, həmin yaşayış məntəqələrində seçicilərlə keçirtdiyim görüşlər zamanı bu məsələ daim qaldırılır. Bununla əlaqədar, “Azəriqaz” İstehsalat Birliyindən müvafiq tədbirlərin görülməsini xahiş etmək istərdim.

Göygöl rayonunda mövcud olan digər təxirəsalınmaz məsələ yol-körpü infrastrukturunun təmiri ilə bağlıdır. Belə ki, Qərb bölgəsinin mühüm nəqliyyat arteriyası və Kəlbəcər rayonuna strateji marşrut olan Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun Göygöl rayonunun Toğanalı kəndindən keçən hissəsində intensiv və uzunmüddətli yağıntılar nəticəsində torpaq sürüşməsi baş verib, yol örtüyü zədələnib və yol strukturu iflic vəziyyətə düşüb. Bununla yanaşı, rayonun 5 min əhalisinin məskunlaşdığı Yeni Zod, Çaykənd, Qarabulaq, Quşçu və Sarısu kəndlərini rayon mərkəzi ilə əlaqələndirən əsas nəqliyyat xətti olan Çaykənd-Quşçu-Sarısu avtomobil yolunun 4-cü kilometrliyində 1960-cı illərdə inşa edilmiş bir tağlı körpünün dayaqlarında və daşıyıcı konstruksiyalarında ciddi dağılmalar müəyyən edilib. Bununla əlaqədar, nəqliyyatın hərəkət təhlükəsizliyinin təmin olunması məqsədilə təmir-bərpa işlərinin başlanması və bu təhlükəli, qəzalı vəziyyətin aradan qaldırılması üçün zəruri tədbirlər görülməlidir.

Bununla yanaşı, Daşkəsən rayonunun 11 yaşayış məntəqəsi arasında avtomobil yollarının təmirsiz olması səbəbindən əhalinin gediş-gəlişi və nəqliyyatın hərəkəti üzrə çətinliklər mövcuddur. Belə ki, Daşkəsən-Dəstəfur-Qıyıqlı, Qaraqullar-Çanaqçı-Zivlan, Çanaqçı-Alaxançallı, Qaraqullar-Muşavaq, Daşkəsən qəsəbə-Kəmərqaya və digər kəndlərarası yolların asfaltlanmasına böyük ehtiyac var. Qeyd edilən yolların təmiri bu ərazilərin turizm potensialının reallaşdırılmasına və bölgənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə əhəmiyyətli təkan verə bilər. Bununla əlaqədar xahiş edirəm ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu məsələlərə ciddi diqqət yetirsin”.

O qeyd edib ki, eyni zamanda, cənab Prezidentin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq Daşkəsəndə yeni zavodların və sənaye müəssisələrinin tikintisi, çoxsaylı iş yerlərinin yaradılması nəzərdə tutulub:

“Bununla əlaqədar Daşkəsən rayonunda mövcud olan işsizlik probleminin aradan qaldırılması məqsədilə rayonda fəaliyyət göstərən mədənlərdə və yeni tikiləcək sənaye müəssislərində mütəxəssis və peşəkar kadrların daha çox yerli sakinlərdən olması, müasir dövr üçün tələb olunan və əmək bazarına uyğun olan ixtisaslı və bacarıqlı kadrların yetişdirilməsi zəruridir. Bunun üçün, Daşkəsəndə fəaliyyət göstərən və 1948-ci ildə inşa olunmuş peşə məktəbinin binasının əsaslı təmir olunmasına və maddi-texniki bazasının gücləndirilməsinə Elm və Təhsil Nazirliyinidən dəstək göstərilməsini xahiş edirəm”.

Mələk Onur


media-adspc

Bənzər xəbərlər