İranda liderlik böhranı: Hərbi strukturlar siyasəti ələ keçirir - AÇIQLAMA

Yaxın Şərqdə artan gərginlik fonunda İranda baş verən son hadisələr ölkədə real hakimiyyət balansı ilə bağlı ciddi suallar doğurur.
Yaxın Şərq üzrə mütəxəssis və qlobal müdafiə yazarı Eylem Okumuş ERAmedia-ya açıqlamasında bildirib ki, son sui-qəsdlər və yüksək rütbəli şəxslərin hədəfə alınması İran daxilində dərin bir idarəetmə böhranını üzə çıxarıb.
Onun sözlərinə görə, rəsmi olaraq Müctəba Xamneyi ölkənin Ali Lideri kimi təqdim edilsə də, bu liderlik daha çox formal xarakter daşıyır. “Müharibə şəraiti və təhlükəsizlik riskləri səbəbilə onun ictimaiyyət qarşısına çıxmaması, real qərarların harada verildiyi ilə bağlı şübhələri artırır”, – deyə o qeyd edib.
Ekspert vurğulayıb ki, İranın konstitusion sisteminə əsasən Ali Lider həm siyasi, həm də hərbi hakimiyyətin mərkəzidir. Lakin mövcud şəraitdə bu model faktiki olaraq işlək deyil. Onun fikrincə, İslam İnqilabı Keşikçiləri Korpusu və ona bağlı strukturlar dövlət idarəçiliyində dominant rol oynamağa başlayıb.
“Prezident institutunun səlahiyyətləri məhdudlaşıb və bir çox strateji qərarlar artıq hərbi və təhlükəsizlik dairələri tərəfindən yönləndirilir. Bu isə klassik dövlət idarəetmə mexanizmini zəiflədir”, – deyə Eylem Okumuş bildirib.
Mütəxəssisin sözlərinə görə, bu vəziyyət yalnız daxili sabitliyi deyil, həm də beynəlxalq münasibətləri ciddi şəkildə çətinləşdirir. Xarici aktorlar İranla danışıqlarda real qərarverici tərəfi müəyyən etməkdə çətinlik çəkir.
“Rəsmi nümayəndələrlə aparılan danışıqların sahədə tətbiq olunub-olunmayacağı sual altındadır. Çünki qərarların icrası çox vaxt fərqli güc mərkəzlərinin əlindədir”, – deyə o qeyd edib.
Eylem Okumuş hesab edir ki, İrandakı bu qeyri-müəyyənlik ABŞ, Körfəz ölkələri və Avropa üçün həm risk, həm də strateji imkan yaradır. Onun fikrincə, ABŞ bu vəziyyətdən istifadə edərək təzyiq mexanizmlərini gücləndirə bilər, Körfəz ölkələri isə təhlükəsizlik siyasətlərini yenidən formalaşdıra bilər.
Avropa üçün isə vəziyyət daha mürəkkəbdir: “Diplomatik çeviklik tələb olunur, lakin qarşı tərəfin qeyri-müəyyənliyi istənilən razılaşmanı risk altına salır”.
Sonda ekspert vurğulayıb ki, İranda baş verənlər təkcə liderlik böhranı deyil, daha geniş idarəetmə və legitimlik problemidir. Bu vəziyyət qısa müddətdə qeyri-müəyyənliyi artırır, uzun müddətdə isə regionda daha böyük gərginlik və güc mübarizəsi riskini yüksəldir.
Mələk Onur










