media-photo_321412

İran Silahlı Qüvvələrinin müharibəni idarə edən qurumu olan Xatəmül Ənbiya Mərkəzi Qərargahının sözçüsü, polkovnik İbrahim Zülfiqari İran tərəfindən vurulduğu iddia edilən ABŞ nəqliyyat təyyarələri ilə bağlı açıqlama verib.

ERAmedia xəbər verir ki, İran mediasının qərargahın açıqlamasına istinadən yaydığı xəbərə görə, Zülfikari bildirib ki, “ABŞ təyyarələri İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub və ABŞ öz hərbçilərini bombalayıb”.

O, həmçinin ABŞ prezidenti Donald Trampın çətin vəziyyətdə olduğunu və ABŞ ordusunun məğlubiyyətinin təbliğat vasitəsilə gizlədilə bilməyəcəyini qeyd edib.

ABŞ-ın “CNS News” nəşrinə danışan rəsmi şəxslər isə bildiriblər ki, helikopterlər pilot və ekipajın daşınması üçün istifadə olunub və əməliyyatın sonunda ABŞ ordusu tərəfindən məhv edilib. Məlumata görə, xilasetmə missiyasında iştirak edən iki MC-130J C-130 tipli təyyarə əməliyyat zamanı İran ərazisində qalıb və onların İranın əlinə keçməməsi üçün qəsdən məhv edildiyi bildirilib.

Rəsmilər əlavə ediblər ki, pilotları və xilasetmə qruplarını ölkədən çıxarmaq üçün ABŞ İrana daha üç ehtiyat təyyarə göndərmək məcburiyyətində qalıb. Digər məlumata görə, iki MC-130J C-130 təyyarəsi mexaniki nasazlıq səbəbindən də məhv edilib. Bu təyyarələrin xüsusi əməliyyatlar üçün nəzərdə tutulduğu vurğulanıb.

Xatırladaq ki, cümə günü xilasetmə əməliyyatına yaxın hava dəstəyi verən ABŞ-a məxsus “A-10 Warthog” hücum təyyarəsi İranın açdığı atəşlə vurulub. Pilot təyyarə düşməzdən əvvəl katapult edərək xilas olub və Küveytə qayıdıb.

Həmin gün ABŞ-a məxsus F-15E qırıcı təyyarəsinin də İran üzərində vurulduğu məlum olub. Təyyarədəki pilotlardan biri xilas edilsə də, iki nəfərlik ekipajın digər üzvü üçün axtarış-xilasetmə əməliyyatlarının davam etdiyi bildirilib.

ABŞ prezidenti Donald Trampın sosial media paylaşımında bu əməliyyatı “ABŞ tarixində ən cəsarətli axtarış-xilasetmə əməliyyatlarından biri” adlandıraraq, ikinci pilotun da xilas edildiyini açıqlayıb.

İran dövlət mediası isə yayımladığı yanmış Amerika təyyarəsinin qalıqlarına aid görüntülərlə son üç gün ərzində üç ABŞ təyyarəsinin vurulduğunu iddia edib.

Qeyd edək ki, ABŞ İran ərazisində vurulan F-15E tipli qırıcı təyyarənin itkin düşmüş ikinci pilotunu xilas etmək üçün əməliyyat həyata keçirib. İbrahim Zülfiqari isə bu əməliyyatın uğursuz olduğunu iddia edib.

Vüsalə


media-adspc

Bənzər xəbərlər