İranla müharibə nəzarətdən çıxır? – Dünya iqtisadiyyatına TƏSİRİ
“ABŞ və İsrail tərəfindən İrana qarşı aparılan hərbi əməliyyatlar idarəolunmaz hala gəlməkdədir. Gərginliyin daha da artması dünya miqyasında iqtisadi tənəzzül təhlükəsini gücləndirir”.
ERAmedia xəbər verir ki, bu fikirlər “Global Times” nəşrində yer alan redaksiya məqaləsində öz əksini tapıb:
“Fevralın 28-də ABŞ və İsrailin İrana hücum etməsindən tam bir ay ötür. Qarşıdurma ilkin hədəflərindən yayınaraq, yavaş-yavaş nəzarətdən çıxma nöqtəsinə yaxınlaşıb. Yekun nəticələrin necə olacağı bilinməsə də, prosesin qlobal nizama və geosiyasi vəziyyətə sarsıdıcı təsirləri artıq aydın görünür. Rəsmi Vaşinqton başlanğıcda İrana qarşı əməliyyatların 4-5 həftə çəkəcəyini, sonrakı mərhələlərdə prosesin tez bir zamanda yekunlaşacağını dəfələrlə bəyan etsə də reallıq fərqlidir. Müasir dövrdə hərbi əməliyyatlara start verildikdən sonra onun əvvəlki ssenari əsasında dayandırılması mümkün olmur”.
Nəşrin təhlilinə görə, mövcud gərginlik artıq enerji böhranını tətikləyir, qlobal təchizat zəncirində qırılmalara yol açıb və beynəlxalq iqtisadi vəziyyətin qeyri-müəyyənliyini dərinləşdirib:
“Qarşıdurma bu tempdə kəskinləşməkdə davam edərsə, dünya üzrə iqtisadi geriləmə ehtimalı ciddi şəkildə yüksələcək və bu vəziyyət bütün dövlətlərin vətəndaşlarının ümumi mənafelərinə zərbə vuracaq”.










